Parlamentin komitə sədri: “Bayden Azərbaycan Prezidentinin təhlükəsizlik və tərəqqiyə töhfələrini yüksək qiymətləndirib”
Tarix: 21-03-2022, 15:43 | Çap et
Parlamentin komitə sədri: “Bayden Azərbaycan Prezidentinin təhlükəsizlik və tərəqqiyə töhfələrini yüksək qiymətləndirib”

“ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ-ın Azərbaycana böyük dəyər verməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək ifadə olunub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, ABŞ Prezidenti ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəklərini vurğulayıb: “Başqa sözlə, Co Bayden Azərbaycan Prezidentinin, Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirib. Təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqları var və C. Bayden onların birgə həllində Vaşinqtonun iradəsini nümayiş etdirib. Digər tərəfdən, məktubda regional barışığın təşviqi üçün ABŞ-ın Azərbaycanla birgə işləmək niyyəti ortaya qoyulub. Bu, Vaşinqtonun Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallığı qəbul etdiyini göstərir. Məlumdur ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı mövqeyini ortaya qoyub. ABŞ-ın regional barışığı təşviq etməsi isə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyin ifadə olunmasıdır. Xatırladım ki, bundaq əvvəl martın 15-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılmış, o cümlədən regional təhlükəsizlik məsələləri də müzakirə edilmişdi. Eyni zamanda Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirmişdi. Bütün bunlar isə göstərir ki, ABŞ-ın Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də sıx əməkdaşlıq etmək istəyi təkcə köhnə ənənəvi sahələr üzrə deyil, həm də yeni istiqamətlər üzrə davam etdirilməsinə yönəlmiş təşəbbüsdür”.

Parlamentin komitə sədri qeyd edib ki, məktubun ingilis dili mətnində də Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması dünyanın supergücü tərəfindən Azərbaycana və Prezident İlham Əliyevə qarşı səmimi jestdir: “Son bir neçə ayda dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubların, telefon zəngləri bir daha Azərbaycan və Azərbaycan Prezidentinin dünyada böyük nüfuza malik olduğunu, dövlət başçısının gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin dünyada yüksək qiymətləndirildiyini ortaya qoyur. Təsadüfi deyil ki, bu gün dünyanın üzləşdiyi ən ciddi böhranlardan biri olan Ukrayna böhranının həllində Azərbaycanın oynaya biləcəyi rol da yüksək dəyərləndirilir, Bakının diplomatik ən yüksək səviyyədə diplomatik müzakirələrin, danışıqların aparılması üçün ideal məkanlardan biri olduğu qeyd edilir. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrik siyasətinin nəticələridir”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net