"Moskva özünün yaratdığı hərbi böhranın girovuna çevrilib"
Tarix: 2-02-2022, 12:40 | Çap et
"Moskva özünün yaratdığı hərbi böhranın girovuna çevrilib"
"Bu Moskva tərəfindən gündəmə atılan test idi, ancaq alınmadı. İndi də yaratdığı testin girovuna çevrilən Rusiya uğursuz cəhdlər etməklə, müxtəlif bəhanələrlə beynəlxalq ictimai rəyi aldatmaq istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Macarıstan baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında Ukraynanın ABŞ-ın təhlükəsizlikdən daha çox, Rusiyanı cilovlamaq, Moskvanı silahlı münaqişəyə cəlb edərək məqsədlərinə çatmaq üçün bir alət olduğuna dair səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.

"ABŞ-ın Ukrayna üzərindən Rusiyaya qarşı yürütdüyü siyasət əslində Moskvanın əlini-qolunu bağlamaq, dünya ictimaiyyətinə bu ölkəni təcavüzkar dövlət kimi tanıtmaq məqsədi daşıyır. Bu yolda Vaşinqton təkcə informasiya deyil, dezinformasiyalar da yayır” deyə ekspert bildirib.

Politoloq qeyd edir ki, Putinin həmin açıqlaması Ukrayna ətrafında cərəyan edən proseslərə heç də adekvat deyil:

"Çünki, Ukrayna ətrafında prosesi başladan ABŞ yox, Rusiyadır. Kimsə Rusiyaya sifariş etməmişdi ki, 100 minə yaxın qoşununu Ukrayna sərhədinə toplayıb, hərbi böhran yaratsın. Hazırda Moskva özünün yaratdığı hərbi böhranın girovuna çevrilib və geri çəkilə bilmir. Çünki bir tərəfdə Putinin əleyhinə işləyəcək rus ictimai rəyi dayanır, digər tərəfdən də öz ordularının imicinə ciddi zərbə dəyəcəyini anlayırlar. Düzdür, Rusiya bu dəfə 2014-cü ildə olduğu kimi, rahat şəkildə digər əraziləri işğal edə bilmir. Çünki qarşısında Avroatlantik məkanın timsalında konsolidə olunmuş böyük güc mərkəzi var.

Rusiyanın təhlükəsizliklə bağlı 3 təklifinin heç biri ABŞ və NATO tərəfindən saya salınmadı. Bu isə Rusiyanın təhqir olunması anlamına gəlir. Hazırda ABŞ tərəfindən qarşılıqlı addımlarla müşayiət olunmasını özündə əks etdirən tamamilə fərqli rakusda müzakirə predmeti təklif olunur. Təhlükəsizlikdən söhbət gedirsə, qarşılıqlı olaraq Rusiya da Kalininqraddakı raket sistemləri və qoşunlarını müəyyən məsafəyə geri çəkməlidir ki, NATO-da Şərqi Avropadakı silah və qoşununu adekvat olaraq geri çəksin”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net