ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin ilə yanvarın 10-da görüşəcək.
Bu barədə Bayden administrasiyasının sözçüsü məlumat verib.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyi də 10 yanvarda keçiriləcək görüşü təsdiqləyərək təhlükəsizlik tələblərini müzakirə etməyi planlaşdırıldığını bildirib.
Bununla yanaşı, 12 yanvar tarixində isə Rusiya və NATO arasında görüş keçiriləcəyi açıqlanıb.
Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin görüşləri zamanı adətən hanısa bölgənin bölüşdürülməsi barədə də gizli razılaşmalar olur. Belə görüşlərin nəticələrini sonradan dünyada yaşanan prosesləri diqqətlə izlədikdə də görmək mümkündür.
Yeni ilin ilk ayında Bayden və Putinin arasında görüş keçiriləcəyinin açıqlanması da dünya gündəmində ilk sırada yer aldı.
Çünki son zamanlarda ABŞ və Rusiya arasında Ukrayna məsələsinə görə yaranan gərginlik pik həddə çatıb. Hətta tərəflər bir-birini açıq şəkildə təhdid etməkdən belə çəkinmirdi.
Ona görə də artıq bütün diqqətlər liderlərin görüşünə yönəlib. Onların nələri müzakirə edəcəyi və bu görüşdən sonra nələrin baş verəcəyi isə müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, ABŞ və Rusiya liderlərinin görüşündə hansı bölgənin bölüşdürülməsi gündəmə gələcək? Ümumiyyətlə, liderlər arasında əsas müzakirə mövzuları nələr ola bilər?
DİA.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ və NATO arasında Ukrayna ətrafında baş verən proseslər müharibə astanasına gətirib:
“Fikrimcə, hər an tətiklər çəkilə, Qaradəniz və Donbass cəbhəsində ABŞ ilə Rusiya üz-üzə gələ bilər. Təbii ki, bu müharibənin başlaması Moskva və Vaşinqton üçün ağır nəticələrə gətirib çıxa bilər.
Tərəflər bu müharibədən çəkinmək və növbəti mərhələdə öz planlarını həyata keçirmək istəyir. Hazırda ABŞ Ukraynaya dəstək verir, Rusiya isə hərbi qüvvələrini Ukrayna cəbhəsinə yığır.
Əlbəttə ki, müharibənin baş verməsi Ukrayna dövlətinin zəifləməsinə səbəb ola bilər. Ona görə də ABŞ və Rusiya müharibədən çəkinmək üçün müəyyən diplomatik danışıqlar aparmaq məqsədilə görüşəcəklər.
Düşünürəm ki, Vladimir Putin və Co Bayden arasında 10 yanvarda keçiriləcək görüşdə böhrana son qoyula bilər. Çünki Putin də ABŞ-a ultimatum verib və öz geosiyasi mövqeyinin güclü olduğunu bildirib.
O, xüsusilə MDB məkanında NATO və ABŞ-ın irəliləməsinin Rusiya üçün arzuolunmaz bir proses olduğunu qeyd edib. Həmçinin, Kreml Qərbin Şərqi Avropada uzaqmənzilli ballistik raketlər yerləşdirilməsini həzm edə bilmir. Ona görə də tərəflər arasında gərgin bir böhran yaşanır”.
Politoloq deyib ki, Putin və Bayden arasındakı görüşdən sonra mövcud böhran bir qədər səngiməyə doğru gedəcək:
“Hesab edirəm ki, bu görüşdə hansısa ərazilərin bölüşdürülməsi müzakirə olunmayacaq. Çünki Rusiya bunu istəsə də, ABŞ qəbul etməyəcək. Lakin böhranın səngiməsi müharibənin qarşısını ala bilər. Buna baxmayaraq, ABŞ və Rusiya öz mövqelərindən geri çəkilməyəcəklər. Sadəcə olaraq, Ukrayna cəbhəsindəki müharibə ehtimalı təxirə salına bilər”.