“Paşinyan rus əsgərlərini Azərbaycanla sərhədə yerləşdirmək istəyir, Putin isə...” - NƏ BAŞ VERİR?
Tarix: 15-07-2021, 15:12 | Çap et

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiyaya səfər etdi. İyulun 8-də isə Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirildi. Görüşlə bağlı Kremlin Mətbuat Xidmətindən qısa açıqlama verildi. Bildirildi ki, görüşdə Putin Paşinyanı Ermənistanda keçirilən seçkinin nəticələrinə görə təbrik edib. Rusiya lideri həm rəsmi, həm də qeyri-rəsmi görüş zamanı həlli tələb edilən məsələlər barədə ətraflı müzakirələrin aparılacağına ümid etdiyini söyləyib.

Paşinyanın Mətbuat Xidmətindən isə qeyd olundu ki, səfər çərçivəsində liderlər Rusiya ilə Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində partiyası qalib gələn Paşinyanın qələbədən sonra ilk xarici səfərini Rusiyaya etməsi müxtəlif siyasi analizlərə səbəb olub. Bir çoxları hesab edirlər ki, Nikol Moskvaya Putinə təşəkkür etməyə getmişdi. Analitiklərin qənaətincə, seçkilərdə Kreml Paşinyanın qələbəsini tanıdı. Hələ seçkilərin keçirilməsi elan edildikdən sonra – aprelin 7-də də Paşinyanın Moskvaya səfər etməsi bu fikri bir qədər də gücləndirir.

Paşinyanın Moskva səfərinin mahiyyətini AYNA-ya şərh edən Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənovun fikrincə, bu səfərin arxasında bir sıra məqamlar dayanır: “Paşinyanın seçkilərdə qələbədən sonra ilk səfərini məhz Rusiyaya etməsi təkcə simvolik məna daşımır. Bu, Rusiyanın təhlükəsizlik məsələsində Ermənistan üçün bir nömrəli tərəfdaş olmasını özündə əks etdirir. Əlbəttə, Ermənistan çoxvektorlu siyasət apara bilər. Amma bu ölkənin təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Düşünürəm ki, Paşinyanın Moskvaya gəlişinin pərdəarxası əsas məqamlarından biri budur”.

“Bununla yanaşı, Paşinyan-Putin görüşündə Ermənistanın Azərbaycanla sərhədlərində Rusiya hərbçilərinin, yaxud Gümrüdəki hərbi bazanın komanda heyətinin dayanacağı məsələsi müzakirə edilib. Çünki bu barədə Ermənistan cəmiyyətində, ictimai şəxsləri tərəfindən fikirlər səsləndirilir. Eyni zamanda, Rusiyanın Ermənistandakı səfiri tərəfindən təsdiqlənib ki, sözügedən məsələ rəsmi Moskva və İrəvanın gündəmindədir. Ermənistan rəsmiləri də sərhəddə Rusiya sülhməramlılarının yerləşdirilməsi haqqında danışırlar”, - deyə analitik bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Paşinyanın son səfəri həm də onu göstərir ki, o, heç də “Qərbin adamı” deyil: “Çünki bir çox siyasi güclər bildirirdilər ki, Nikol “Qərbin adamı”dır və bu yöndə siyasət aparır. Moskva səfəri göstərdi ki, bu, siyasilərin Paşinyanla bağlı emosional təbliğatıdır. Mən Ermənistandakı növbədənkənar parlament seçkilərindən əvvəl də bildirmişdim ki, Paşinyan əslində erməni xalqının maraqlarına xidmətdə maraqlıdır. Onun “Qərbin adamı” olması fikirləri təbliğatda süni istifadədir”.
“Paşinyan rus əsgərlərini Azərbaycanla sərhədə yerləşdirmək istəyir, Putin isə...” - NƏ BAŞ VERİR?
A.Həsənovun fikrincə, Paşinyanın hakimiyyətə gəldikdən sonra atdığı bir sıra absurd addımlar ondan irəli gəlirdi ki, Baş nazir erməni cəmiyyətinin əsrlərdir formalaşmış gülünc, mənasız ideyalarının əsirinə çevrilmişdi: “Paşinyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələr, hədə-qorxular, Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı sərsəm açıqlamalar onun siyasi görüşləri deyildi, daha çox seçicinin maraqlarına oynaması idi. Məsələ burasındadır ki, Ermənistan cəmiyyətinə dünənə qədər, elə bu gün də müxtəlif siyasi güclər tərəfindən millətçilik, irqçilik, türkfobiya ideyaları aşılanıb. Faktiki olaraq Ermənistan cəmiyyətində sözügedən sərsəm, çürük ideyaları bölüşən böyük kəsim var. Həmin eloktoratı müxaliflərin əlindən almaq üçün Paşinyan sərsəm bəyanatlar verirdi”.

“İndi isə Nikolun mövqeyi fərqlidir. O anlayır ki, Ermənistanın təhlükəsizliyi məsələsi birbaşa Rusiya ilə bağlıdır. Moskva səfəri nəinki simvolik, praktik xarakter daşıyır. Yenə deyirəm, bu gün onun əldə etmək istədiyi - ölkəsinin Azərbaycanla sərhədlərində Rusiya hərbçilərinin yerləşdirilməsidir. Paşinyan Putinlə çox güman ki, bu barədə ətraflı müzakirə aparıb”, - deyə politoloq vurğulayıb.

“Təbii ki, görüş zamanı 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın bəndlərinin icrası ilə bağlı da fikir mübadiləsi aparılıb”, - deyən müsahibimiz hesab edir ki, Birgə Bəyanatdan irəli gələn məsələlərin həlli istiqamətində addımlar atılacaq: “Çünki bu bəndlərin icrasında Rusiya da maraqlıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması Kreml üçün əhəmiyyətlidir. Dəhlizdə təhlükəsizliyə Rusiya xüsusi xidmət orqanlarının nəzarət etməsi müddətsizdir. Yəni ki, Qarabağda Rusiya sülhməramlılarının qalma müddəti 5 ildir, amma Zəngəzur dəhlizinə nəzarət müddətsizdir”.

Həsənov Rusiyanın regionda qalmaq üçün dəhlizin açılmasında son dərəcə maraqlı olduğunu qeyd edib: “Məncə, Putin Paşinyana bir daha 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sənədləri xatırladıb. Və tövsiyə edib ki, bəyanatlarda göstərilən bəndlər icra edilsin. Paşinyan da ermənilərin bir daha etimadını qazandığına görə bəyanatların bəndləri maneəsiz icra ediləcək”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net