Şuşa səfərindən imtina: Mehriban düşmənlərin demarşı - PƏRDƏARXASI MƏQAMLAR
Tarix: 14-07-2021, 11:18 | Çap et
Şuşa səfərindən imtina: Mehriban düşmənlərin demarşı - PƏRDƏARXASI MƏQAMLAR

İyulun 9-10-da xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri Füzuli və Şuşa şəhərinə səfər etdilər. Azərbaycan hökumətinin dəvəti ilə gerçəkləşən səfərdən ABŞ, Rusiya və Fransa səfirləri imtina ediblər. Həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya yollanmayıblar.

Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə deyib ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiya rəhbərlərinin olmaması suallar doğurur. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik missiyası ilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədri olan bu üç ölkənin elçisinin Şuşada görünməməsi əslində bəzi suallara cavab tapmağa imkan verir. Analitiklər hesab edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra “ölü” təşkilata çevrilmiş Minsk Qrupunun “dirildilməsinə” cəhdlər zaman-zaman gündəmə gəlir. Bütün hallarda isə səfərdən imtina rəsmi Moskva, Vaşinqton və Parisin Azərbaycana, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin təzahürüdür.

Şuşaya getməkdən imtina edən səfirlərin təmsil etdikləri səfirliklərdən dəvətə icabət etməməyin səbəbləri açıqlanmayıb. Səfirliklərə göndərilən sorğular cavabsız qalmaqdadır.

Güman etmək olar ki, indiki halda ABŞ, Rusiya və Fransa səfirlikləri razılaşdırılmış şəkildə hərəkət ediblər. Formal səbəb Qarabağ münaqişəsində neytrallığı qoruyub-saxlamaq istəyidir. Məsələ burasındadır ki, bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderləri ilə danışıqlar aparıblar. Nədənsə o zaman neytrallıq məsələsi ortaya çıxmırdı və Bakı buna razılıq verirdi. Görünür, səfirlərin razılaşdırılmış şəkildə imtinası Dağlıq Qarabağın statusu ilə bağlı böyük dövlətlərin fikirləri ilə hasablaşmaq istəməyən və beynəlxalq təşkilatları regiona buraxmayan Bakının mövqeyinə cavabdır.

Xatırladaq ki, Şuşaya Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair səfirləri və digər ölkələrin səfirliklərindən diplomatlar gediblər. Səfərdə məqsəd diplomatları Şuşa şəhərinin bərpasının gedişi və Füzulidə hava limanının tikintisi ilə tanış etmək olub.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin AYNA-ya dediyinə görə, Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya səfərdən imtinası o deməkdir ki, bu üç ölkə arasında Qarabağ probleminin həllinə dair razılaşdırılmış bir mövqe var: “Güman ki, Rusiya, ABŞ və Fransa Qarabağa hansısa statusun verilməsində maraqlarını davam etdirir. İkinci Qarabağ müharibəsinədək və ondan sonrakı proseslərdə Minsk Qrupu heç bir müsbət iş görə bilmədi. Onlar hər zaman işğalçı Ermənistanı müdafiə etdilər. İndi də bu mövqelərində qaldıqlarını nümayiş etdirirlər”.

“Bu gün regionda yekun sülhə nail olmaq üçün proses başlamalıdır. Həmsədr ölkələrin, görünür, əsas məqsədi Minsk Qrupunu saxlamaqdır. Əksi olsaydı, yəqin ki, özlərini çoxdan buraxardılar. Yəni ki, yekun sülhdə iştirakçı olmaq istəyirlər. Digər yandan, istəyirlər ki, Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü daxilində hansısa bir muxtar özünüidarəetmə səlahiyyətinin verilməsinə nail olsunlar. Düzdür, separatçılara hansısa statusun verilməsi mümkün deyil. Azərbaycan Prezidenti birmənalı şəkildə bunun olmayacağını dəfələrlə bəyan edib. Buna rəğmən, bu üç ölkə yenidən çalışır ki, bnəyəsə nail olsunlar”, - deyə analitik bildirib.

Bütün hallarda, Hüseynli hesab edir ki, səfirlərin işğaldan azad olunmuş rayonlara gedib-getməməsi heç bir əhəmiyyət daşımır: “ABŞ-ın, xüsusilə Rusiya və Fransanın Azərbaycan qarşısında ermənilərə mədəni muxtariyyətin verilməsi ilə bağlı tələbi var. O biri ölkələr isə Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıdıqlarını bəyan edib. Təkrar edirəm, rəsmi Bakının mövqeyi isə bəllidir – status olmayacaq”.

Sabiq dövlət müşaviri düşünür ki, rəsmi Bakı Rusiya, ABŞ və Fransaya bu məsələ ilə bağlı ciddi formada öz etirazını çatdırmalıdır: “Amma qarşıdurmaya da gərək yoxdur. Azərbaycan elə etməlidir ki, bu dövlətlər Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir zaman tərəddüd etməsin. Səfirlər Şuşaya getməyiblər, amma bir ağızdan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını da deyirlər. Şuşa isə Azərbaycanın ayrılmaz parçasıdır. O cümlədən Xankəndi və digər rayonlar. Buna görə də Azərbaycan diplomatik kanallarla öz etirazını bildirməli və gələcəkdə bu kimi hallar olarsa, lazım olan addımlar atacağını da çatdırmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya şərhində deyib ki, 3 həmsədr ölkənin səfirlərinin nümayişkaranə şəkildə Şuşaya səfərdən imtina etməsi vahid mövqenin göstəricisidir: “Bu, səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar. Demək, Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək”.

Siyasi şərhçinin fikrincə, Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək: “Əslində, bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə, irəli düşər. Məsələn, ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfirləri Şuşaya getmək qərarını versələr, Rusiyanın regional siyasətinə zərbə vuracaqlar. Bu, Vaşinqton və Parisin xeyrinə olacaq”.

“Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz? Fransanın yedəyində sürünməyin nə mənası var, İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”, - deyə Şahinoğlu fikrini tamamlayıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net