Bayden ermənilərə nə vəd etmişdi? Bir il qabaqkı bəyanatın mətni
Tarix: 26-04-2021, 16:39 | Çap et
Bayden ermənilərə nə vəd etmişdi? Bir il qabaqkı bəyanatın mətni

ABŞ prezidenti Cozef Baydenin ermənilərin XX əsrin birinci yarısında, Osmanlı İmperiyasının son çağlarında üzləşdiyi hadisələri “soyqırımı” kimi tanıması bir sıra amillərlə, eləcə də onun prezident seçkisi ərəfəsində Amerikadakı erməni icmasına verdiyi vədlə əlaqələndirilir.

Bayden 2021-ci il yanvarın 20-dən prezident postunu tutur. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkidə qalib gəlib.

Seçkiqabağı kampaniyanı Bayden iki mərhələdə aparıb. Birinci mərhələdə Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq uğrunda çalışıb. Bu mərhələdə o, prezidentliyə iddialı olan digər demokratlarla yarışıb. Partiyadaxili mübarizədə qalib gələndən və demokratların qurultayında partiyanın prezidentliyə vahid namizədi seçiləndən sonra isə əsas rəqibi – Respublikaçılar Partiyasının prezidentliyə namizədi, həmin vaxt dövlət başçısı postunu tutan Donlad Trampla mübarizəyə başlayıb.

Bayden üçün ikinci mərhələ 2020-ci ilin iyun ayından start götürüb. Bu o deməkdir ki, ermənilərin “soyqırımı günü” kimi qeyd etdikləri gün – aprelin 24-ü Baydenin hələ Demokratlar Partiyasının namizədi olmağa çalışdığı dövrə düşüb. Bayden prezident seçilsə “erməni soyqırımı”nı tanıyacağı vədini də o vaxt, hələ Demokratlar Partiyasının namizədi olmaq uğrunda yarışdığı dövrdə verib. Bəs Bayden o zaman nə deyib? Vədi nədən ibarət olub?

Novator.az saytı bu suala cavab tapmaq üçün Cozef Baydenin 2020-ci il aprelin 24-də yaydığı bəyanata nəzər yetirib və bəyanatın mətnini ingiliscədən çevirib.

Bəyanat belə adlanır: “Vitse-prezident Co Baydenin erməni soyqırımını anım günü ilə bağlı bəyanatı”. 2020-ci ilin aprelində Bayden vitse-prezident deyildi. O, vitse-prezident postunu 2009-2017-ci illərdə tutub. Sadəcə, ABŞ-da prezidentlərə, vitse-prezidentlərə vəzifədən gedəndən sonra da hörmət əlaməti olaraq “prezident”, “vitse-prezident” deyirlər. Daha bir məqam: bəyanatda Bayden “mets yeğern” ifadəsini işlədib. Bu ifadəni o, erməni dilindən götürüb, ermənilər öz “soyqırımı”larını “mets yeğern” adlandırırlar.

Beləliklə, Cozef Baydenin 2020-ci il aprelin 24-də yaydığı bəyanat:

“Bu gün biz erməni xalqının üzləşdiyi vəhşilikləri, mets yeğerni – erməni soyqırımını anırıq. 1915-1923-cü illərdə təxminən 2 milyon erməni kütləvi şəkildə deportasiya olunub, qadın və uşaqlar da daxil olmaqla 1,5 milyon nəfər qətlə yetirilib. Yunanlar, assurilər, xaldeylər, suriyalılar, arameylər, maronitlər və digər xristianlar da hücumlara məruz qalıblar. Biz sistemli şəkildə həyata keçirilən bu qətliamları heç vaxt unutmamalı və ona səssiz qalmamalıyıq. Biz erməni xalqının başına gələn faciədən sonra göstərdiyi əzmkarlığa hər zaman hörmətlə yanaşacağıq.

Hər gün həqiqətin gücünü və nifrətə qarşı birgə öhdəliyimizi xatırladığımız bir vaxtda bu sözləri dilə gətirmək və tarixdə baş verənlərə nəzər salmaq xüsusilə vacibdir. Çünki susmaq cinayətə şərik olmaq deməkdir. Əgər biz soyqırımını tam tanımasaq, yada salmasaq və uşaqlarımıza bu barədə heç nə öyrətməsək “heç vaxt təkrarlanmayacaq” sözləri əhəmiyyətini itirəcək. Faktlar xatirələri faciə ilə qaraya boyanmış nəsillərdən ötrü necə aydın və inandırıcı idisə, gələcək nəsillərdən ötrü də eləcə aydın və inandırıcı olmalıdır. Soyqırımı faktını xatırlamamaq və ya tanımamaq yalnız gələcəkdə kütləvi vəhşiliklərin baş verməsinə yol açır.

Mən Senatda fəaliyyət göstərdiyim illərdə erməni xalqına qarşı törədilən soyqırımının tanınması istiqamətində görülən işlərə başçılıq etməyimlə qürur duymuşam. Ötən il mən böyük məmnuniyyətlə Nümayəndələr Palatasında və Senatda ABŞ-da erməni soyqırımının rəsmən tanınmasını və daima qeyd olunmasını nəzərdə tutan ikipartiyalı qanunvericiliyi təsdiqləmişəm. İndi söz verirəm ki, seçilsəm, erməni soyqırımının tanınması haqqında qətnaməni dəstəkləyəcəm və ümumbəşəri insan hüquqlarını administrasiyam üçün əsas prioritetə çevirəcəm.

Bu gün mən xalqımıza erməni soyqırımı qurbanlarının xatirəsini yad etməkdə və hörmətlə anmaqda böyük töhfələr vermiş Amerika erməni icmasının, bütün ermənilərin yanındayam”.

Cozef Bayden 1942-ci il noyabrın 20-də doğulub. 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib. 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Tramp 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb. Qələbə üçün 270 səs kifayətdir.

2021-ci il yanvarın 7-də ABŞ Konqresi yuxarı və aşağı palataların birgə iclasında Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsini təsdiqləyib. Yanvarın 20-də Cozef Bayden and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net