ABŞ hakimiyyəti yeni koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində sərt məhdudlaşdırıcı tədbirlər sayəsində təxminən 5 milyon amerikalının həyatını xilas etməyə nail olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Çin taunu gəldi ( Tramp yeni koronavirusu belə adlandırır - red.) və mən ölkəni (sərhədləri-red) bağlamalı oldum, biz milyonlarla insanın həyatını xilas etdik. Heç kəsə sənə başqa cür danışmağa icazə vermə, biz milyonlarla (insanın-red) həyatı xilas etdik. Ən azı bu 1 milyondan 5 milyona qədərdir", - prezident bildirib.
O güman edir ki, ABŞ-da yeni koronavirusdan ölənlərin sayı 150-175 min nəfər təşkil edəcək. Dövlət başçısının sözlərinə görə, ölkədə vəziyyət normallaşacaq, bağlı müəssisələr işini bərpa edəcək.
Xatırladaq ki, ABŞ rəhbəri daha əvvəl ölkədə koronavirusdan 100 min insanın öləcəyini proqnozlaşdırmışdı.
Ağ Ev rəhbəri vurğulayıb ki, yeni koronavirusun yayılmasının ikinci dalğası zamanı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək və tədbirlər "çox tez" aradan qaldırılacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti yerlərdə koronavirusa görə tətbiq edilmiş sanitar-epidemioloji məhdudiyyət tədbirlərini tədricən ləğv edir.
Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. ABŞ həmçinin dünyada pandemiya qurbanlarının sayına görə də digər ölkələri qabaqlayıb.