Almaniya hökuməti 2019-cu ildə qaçqın və miqrantlara xərclədiyi vəsaitin miqdarı ilə bağlı hesabat yayıb.
“Report”un Avropa bürosunun məlumatına görə, Almaniya 16 federal əyalət hökumətinə qaçqın və miqrantlara yardım etməsi üçün ümumilikdə 23 milyard avro vəsait ayırıb.
Bu məbləğin 6 milyard 300 milyon avrosu onların inteqrasiyasına xərclənib.
Məlumata görə, federal hökumət bu məbləğdən başqa, qaçqın və miqrantlara 16 milyard 800 milyon avro vəsait ayırıb. Məbləğin 2 milyard 400 milyon avrosu əyalətlərdə qaçqın və miqrantların dil kursuna, 1 milyard 900 milyonu isə onların yerləşmə və məişət qayğılarının həlli üçün xərclənib.
Hökumətin hesabatına görə, keçən il Almaniya insanları miqrasiyaya məcbur edən səbəbləri aradan qaldırmaq üçün 8 milyard 400 milyon avro xərcləyib.
Hökumətin hesabatında vurğulanıb ki, bəzi federal əyalətlər qaçqın və miqrantlara ayrılan vəsaitin yetərincə olmadığı ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, 2018-ci ildə Almaniya qaçqınlara 1,6 milyard ehtiyat fondla birlikdə 15,5 milyard avro vəsait xərcləyib.