Ukrayna Prezidenti Vladimir Zelenskinin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək parada dəvət edilməməsinin səbəbi açıqlanıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib.
O qeyd edib ki, Kiyev Qələbə gününün sevincini bölüşmək istəyini bildirməyib.
D. Peskov onu da vurğulayıb ki, Ukrayna de-fakto və de-yure MDB-nin üzvü deyil.
Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınıb. Lakin Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.