"Ermənistan Avropa Şurasının üzvlüyündən çıxarılmalıdır" - RƏY
Tarix: 9-06-2020, 15:03 | Çap et
"Ermənistan Avropa Şurasının üzvlüyündən çıxarılmalıdır" - RƏY

"Ermənistanın Avropa Şurasının tərkibində yeri yoxdur. Bu ölkə beynəlxalq təşkilatların öhdəliklərinə cavab vermir".

Bu fikirləri fransalı yazıçı Jerar Kardon (Gerard Cardonne) "Report"un Fransa bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar işğalçı dövlətlərə qarşı daha sərt mövqe tutmalıdırlar: "Tədbirlərin birində Avropa Şurasının əməkdaşlarına müraciət edərək bu qurumun hara baxdığını soruşdum. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq problemdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ona görə də Ermənistanın Avropa Şurası tərkibində yeri yoxdur. Ermənistan nə Avropa Şurası, nə də BMT-nin tələblərinə cavab vermir. İşğalçı dövləti qəbul edən beynəlxalq təşkilat nəyə lazımdır".

J.Kardon Ermənistanın hələ də "Böyük Ermənistan" xülyasında olduğunu deyib: "Fransa da vaxtilə Avropaya hakim idi. Napaleon hər yerə gedib çıxmışdı. Bir gün əvvəlki sərhədlərimizə qayıtdıq. İndi daha gedib başqalarının torpaqlarını işğal etməyi düşünmürük. Lakin Ermənistan işğal siyasətini davam etdirir".

Jerar Kardon
Fransalı yazıçı Ermənistanın səhv siyasəti nəticəsində kasıb dövlətə çevrildiyini, gənclərin kütləvi surətdə ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını da söyləyib: "Ermənistanın qonşuluğunda Azərbaycan kimi zəngin ölkə var. Ermənistan isə öz yanlış siyasəti nəticəsində ölkəsini gəlirdən məhrum edir. Bu gün Avropaya çəkilən boru kəmərləri Ermənistandan yan keçərək qonşu ölkələrdən çəkilir".

Qeyd edək ki, J.Kardon Fransanın "Fəxri Legion" zabiti və "Lafayet" ordeni komandiridir. 2010-cu ildə "İncəsənət və ədəbiyyat cəngavəri" adına layiq görülüb. Əsərləri alman, ingilis, bosniya və dari dillərinə tərcümə edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net