Putini yetişdirmiş qurum necə “doğuldu?”
Tarix: 14-03-2016, 09:09 |
Çap et
Bu gün onun “doğum günü”dür... O, vaxtilə Kremldə “oturub” planetin əksər hissəsini “görə” bilir, “əli çatan” yerlərdə istədiyi düzəni qururdu. Nəinki keçmiş SSRİ məkanında, eləcə də Avropa, Asiya, Amerika, Afrika qitələrində son 50-60 ildə doğulub yaşamış və yaşayan insanların taleyində onun silinməz izləri var...
O, düz 62 il öncə - çoxlarının nəhs hesab etdiyi bir gün də - 13 mart 1954-cü ildə “doğuldu”. Sovet diktatoru Stalinin ölümündən bir il sonra dünyaya gəlsə də, onun ideya və əməllərinin yaşamasında bir müddət böyük rol oynadı. Elə Stalinin bir siyasi lider kimi xofunu əvəzləyəcək bir fiqur qalmasa da, o, bir qurum kimi bu xofu əvəzləyə bildi... O dərəcədə əvəzlədi ki, on illərlə həmin xofdan “mayalanmış” liderlər doğuldu. Və onlar hətta bu gün yaşamaqda, bəşəriyyətin taleyinə təsir göstərməkdədirlər...
Söhbət SSRİ-də 1954-1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanından - SSRİ Dövlət Təhlükəsizliyi Komitəsindən (DTK), yəni məişət leksikonunda rusca “KQB” (“Komitet Qosudarstvennoy Bezopasnosti”) kimi məşhurlaşmış bir qurumdan gedir.
Bu qurumun “babası” Leninin və yəhudi mənşəli F.Dzerjinskinin əsasını qoyduğu və 1917—1922-ci illərdə fəaliyyət göstərmiş RSSFR Xalq Komissarları Soveti nəzdində Ümumrusiya Fövqəladə Komissiyasıdır. Onun rusca tərcüməsinin (“Çrezvıçaynaya Komissiya”) abreviaturası- “ÇK” idi. Məşhur “çekist” sözü də elə burdan yaranıb. Bundan sönrakı illərdə sovet dövlətinin təhlükəszliyini təmin edən əsas qurumlar “NKVD” kimi tanınan Daxili İşlər Xalq Komissarlığı və Dövlət Siyasi İdarəsi (”QPU”) olub. 1930-1940-cı illərdəki repressiya dövründə Azərbaycan xalqı da həmin qurumların zülmünü dadmışdı. Bunlar Stalin diktaturasının ən qorxunc və kəskin silahları idi...
DTK 1954-cü il 13 mart tarixində SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradıldı.
Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "...siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar...".
1978-ci ildə o zamankı rəhbəri Y.V.Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 martda isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır.
1991-ci il 3 dekabrda DTK-nın fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur. Hazırda Belarusda da dövlət təhlükəsizliyini elə Belarus DTK təmin edir.
Təbii ki, ötən əsrin 50-60-cı illərindən bu qurumun “keqebeşnik” kimi tanınan əməkdaşları arasında səmimi olaraq kommunist ideologiyasına və sovet dövlətinə xidmət göstərənlərlə yanaşı, yalnız öz şəxsi karyerasını düşünüb digər güclü dövlətlərin kəşfiyyat orqanlarına satılanlar da az olmayıb. ABŞ və Qərbi Avropa ölkələrinin müdaxiləsi ilə SSRİ-nin silahlı münaqişlərlə müşayiət olunmuş dağılma prosesində məhz belə “keqebeşnik”lərin xüsusi rolu olub. Azərbaycanda da o dövrün gerçklikləri çərçivəsində şöhrət qazanmış məşhur DTK əməkdaşları çalışıb. Onların arasında general rütbəsinədək yüksəlmiş və 1967-ci ildən bəri Azərbaycanın taleyində və ən əsası, son 25 illik müstəqillik dönəmində müstəsna rolu olan Heydər Əliyev gəlir...
Bəzi konspiroloqların sözlərinə görə, guya keçmiş SSRİ məkanındakı son 25-30 illik proseslər, o cümlədən hazırda dünyadakı xaotik siyasi burulğanda aparıcı fiqurlardan olan keçmiş DTK polkovniki, hazırkı Rusiya lideri V.Putinin addımları da hələ 1970-ci illərdən DTK generalı və 1982-1984-cü illərdə SSRİ başçısı olmuş Y.Andropovun təməlini qoyduğu “KQB” planı əsasında gedir... Rasputin- Lenin – Stalin - Putin... Bəlkə bu adların qafiyələnməsi də heç təsadüfi deyil... Amma fakt budur ki, Putini yetişdirmiş bu qurumun adı hələ də dünya kəşfiyyat tarixində MKİ, “Mossad”, “Mi-6”, “MİT” və s. kimi ən güclülər sırasında çəkilir. Və SSRİ-dən azad(!) olmuş digər müstəqil dövlətlərin rəhbər orqanlarında da keçmiş DTK yetirmələri çalışır. Və bu respublikaların çoxunda “KQB” arxivləri hələ də tam açılmayıb...