10 illik qətlin üstü açılır: Yeni faktlar
Tarix: 8-12-2015, 09:02 | Çap et
10 illik qətlin üstü açılır: Yeni faktlar
Gürcüstanın mərhum Baş naziri Zurab Jvaniyanın ölümü ilə bağlı yeni detallar peyda olub.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın “Kviris palitra” qəzetinə açıqlamasında keçmiş baş nazirin qardaşı, hazırkı deputat Georgi Jvaniya söyləyib. Onun sözlərinə görə, Jvaniyanın ölümündən sonra Gürcüstan Daxili İşlər Nazirliyinin çəkdiyi operativ əməliyyat görüntüləri keçmiş baş nazirin qəsdən öldürüldüyünü sübut edir:

“Bu görüntülərdə Jvaniyanın başında müxtəlif zədələnmələrin olduğu görünür. Həmin görüntülər təsadüfən məhv olmayıb. Lakin biz həmin çəkilişdən yeni görüntülər əldə etmişik. Sonradan əldə etdiyimiz görüntülərdə ekspertlər Zurabın başında hansısa küt alətlə vurulması nəticəsində yaranan göyərmələri müşahidə ediblər”.

Xatırladaq ki, Zurab Jvaniya Kvemo Kartli qubernatorunun müavini azərbaycanlı Raul Yusifovla birlikdə 3 fevral 2005-ci ildə Tiflisin Saburtalinski küçəsində yerləşən mənzildə dəm qazından zəhərlənərək həlak olub. Rəsmi Tiflis hələ də onların ölümünün tam səbəbinin nə olduğunun aydınlaşdırılmadığını bildirib. Bəzi mənbələr hər iki siyasətçinin öldürüldüyünü iddia edib. Yusifovun ölümündən bir müddət sonra atası Yaşar Yusifov açıqlama verərək, Tiflisin rəsmi mövqeyini təkzib edərək, oğlunun Saburtalinski küçəsində heç vaxt mənzilinin olmadığını vurğulayıb. Jvaniyanın qardaşı isə mənzildə ölən hər iki şəxsin əl izlərinin aşkarlanmadığını qeyd edib. Bu məqam onların başqa yerdə öldürüldükdən sonra bu mənzilə gətirilməsi versiyasını meydana çıxarıb. Sonrakı günlərdə müxtəlif gürcü siyasətçilər Jvaniyanın öldürüldüyünü və ölümdə Saakaşvilinin günahkar olduğunu söyləyiblər. Saakaşvili bu iddiaları təkzib edərək, Jvaniyanın onun ən yaxın dostu olduğunu və bütün bu şayiələri Rusiya xüsusi xidmət orqanlarının yaydığını deyib.

Ən maraqlı məqam isə Zurab Jvaniyanın ölümündən sonra meydana çıxıb. Cəmi bir gün sonra 4 fevral 2005-ci ildə Zurab Jvaniyanın aparatının əməkdaşı Georgi Xelaşvili öz evində ölü tapılır. Rəsmi versiyalara görə, o, qonşusundan aldığı ov tüfəngi ilə özünü qətlə yetirib. Bundan az sonra isə Jvaniya və Yusifovun ölümü ilə bağlı hesabat hazırlayan məhkəmə-tibbi ekspertizanın rəhbəri qətlə yetirilib. Onun ölümündə isə keçmiş sinif yoldaşı günahlandırılıb.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net