Bahalaşmaya qarşı hökumətin “B planı” - Deputat danışır...
Tarix: 29-03-2022, 16:00 | Çap et
Bahalaşmaya qarşı hökumətin “B planı” - Deputat danışır...

Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif defisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir. FAO analitikləri hesab edirlər ki, münaqişə xam neftin qiymətini yüksək saxlasa və iki ölkənin dünya ixracatındakı payının azalması müddətini uzatsa, qlobal taxıl və günəbaxan bazarında əhəmiyyətli tədarük çatışmazlığı 2022/2023 kənd təsərrüfatı mövsümündən sonra da davam edə bilər və bu, hətta alternativ istehsalçı ölkələr yüksək məhsul qiymətlərinə cavab olaraq istehsallarını genişləndirsələr belə, baş verəcək.

Qeyd edək ki, Azərbaycan idxalçı ölkələrdən biridir və daxli bazarda qiymət artımı ötən ildən başlayaraq davam edir. Hazırda isə baş verən proseslərlə bağlı idxalda yaranacaq məhdudiyyətlər ölkədə qiymətlərin daha da artmasını qaçılmaz edir. FAO-nun hazırkı proqnozlarını da nəzərə alsaq, mövcud problemlərin qarşısını almaq üçün tədbirlər planının olması vacibdir. Dia.az xəbər verir ki, bu istiqamətdə mövcud vəziyyətlə bağlı “Cümhuriyət”in müsahibi Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayevdir:

-Bu gün beynəlxalq təşkilatlar davamlı olaraq bahalaşma ilə bağlı proqnozlar verirlər. Bununla bağlı hökumətin də "B planı" varmı?

-Hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl FAO-nun bir çox proqnozları var idi ki, dünyada bahalaşama gedir. Ərzaq məhsulları, xüsusilə də taxıl, un məmulatları, bitki yağları bahalaşır. Son ildə 23 faiz bahalaşama gedib ki, bu da narahatlıq doğuran haldır. Ancaq Rusiya-Ukrayna müharibəsi bahalaşmanı sürətləndirəcək. Çünki dövlət olaraq Azərbaycan Rusiyadan, Ukraynadan xeyli miqdarda taxıl alır. Eyni zamanda ən çox kənd təsərrüfatı məhsulları Rusiya və Ukraynaya ixrac olunurdu. Ancaq çox təəssüf ki, müharibənin başlaması bunun qarşısını aldı. Hökumət bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Hələ müharibədən əvvəl də hökumət öz münasibətini bildirmişdi. Prezdent müsahibəsində də bu məsələni gündəmə gətirərək bildirmişdi ki, dünyada taxıl bahalaşıb və ona görə də Azərbaycanda da taxılın məhsuldarlığını artırmaq lazımdır. Hətta ölkə başçısı Ukraynaya səfəri zamanı da bildirmişdi ki, həmin torpaqlarda müəyyən ərazilər icarəyə götürülüb, orada taxıl yetişdirilə bilər.

Bu proqnozlar hökumətə də məlumdur və buna görə də ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Bu istiqamətdə ən vacib amillərdən biri istehsal olunan kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasıdır. Digər tərəfdən, məhsul qida üçün yararlı olmalıdır. Çünki bir çox məhsullar istehsal olunsa da, qida üçün yararlı deyil. Bundan başqa israfçılığın qarşısı alınmalıdır. Bizdə hər il tonlarla çörək atılır, keyfiyyətsiz çörək olur. Digər tərəfdən, şadlıq evləri, restoranlar, ictimai iaşə obyektləri israfçılığa yol verirlər. Burada bir çox qida məhsulları, çörək, ət, kolbasa, pendir, tərəvəz tələf olur, həddindən artıq israfçılığa yol verilir ki, bu da qarşısı alınan məsələdir. Nəinki hökumət, bizim hər birimiz bu haqda düşünməliyik ki, artıq dünyada 800 milyon insan aclıqdan əziyyət çəkir.

Bu da ərzaq çatışmazlığı, bahalaşma, müharibələrlə, iqlim dəyişmələri ilə bağlıdır. Ona görə də hər bir dövlət qabaqlayıcı tədbir görməlidir. Dünyada baş verən hadisələr, reallıqlar göstərir ki, bahalaşama hələ də davam edəcək. Ancaq dövlətin özünün planları var. Lazım olsa, taxılı xarici ölkələrdən də almağa məcbur olacağıq və bu təbiidir. Bu gün Azərbaycanda aclıq, qıtlıq hiss olunmur. Taxıl Fondu, taxıl ehtiyatı var və hökumət qabaqlayıcı tədbirlər görərək heç vaxt vətəndaşları çətin vəziyyətdə qoymayacaq.

-Yerli istehsalın artması ən vacib amillərdən biri kimi irəli sürülür. Ölkədə ən çox istehsal edilən yerli məhsullardan biri soğandır ki, son günlər bazarda soğanın qiyməti 1,50 qəpikdir. Yerli istehsal məhsulları niyə bahalaşır?

-Bəli, bazarda soğan, kartof da bahalaşıb. Tərəvəzin, yumurtanın qiymətində də artım var. İstehsal planlı şəkildə həyata keçirilməlidir. Bir neçə il öncə soğanı əkib çölə tökürdülər. Ancaq sonra gördülər ki, soğan o qədər yüksək gəlirli deyil, əkmədilər. Keyfiyyətli məhsul əldə edilməsini fermerlər özləri düşünməlidir. Bəzən xaricdən idxal olunan məhsullar, məsələn, İran kartofu o qədər də keyfiyyətli deyil, gətirirlər, yerli məhsul ucuzlaşır, artıq sahibkar soğan, kartof əkmir. Ona görə də məhsul əkini planlaşdırılmalıdır. Bəzən görürsən ki, fermer bütün sahədə soğan əkib. Ancaq digər məhsullar da əkməlidir. Növbəli əkinə keçməlidir, müəyyən sahələr boş qalmalıdır. Ona görə də bəzən görürsən ki, soğanın qiyməti qalxdı, problem yarandı.

- Fermerlər də susuzluqdan, məhsulun yerli bazarda ucuz olması, ixrac kimi problemlərlə üzləşdiklərini deyirlər. Bəlkə də bütün bunlar yerli istehsalın qarşısını kəsir?

-Sözsüz ki, bu problemlər var. Həmin problemlərin həlli özümüzdən asılıdır. Kənardan gəlib tənzimləmirlər. Əgər bu gün bir işbaz bazarda sahibkara məhsulunu satmaq üçün bu problemi yaradırsa, onun qarşısı vaxtında alınmalıdır. Onu nəinki hansısa inzibati orqan etməlidir, vətəndaş özü də təşəbbüskar olmalıdır. Vətəndaşın susması, müəyyən hallarla barışması düzgün deyil. Sahibkarların narazılıq etdiyi hallar var. Su problemi bütün dünyada var və bu bizdən asılı deyil.

Mən ötən il şahidi oldum ki, təmsil olunduğum rayonda 100 hektarlarla pambıq sahəsi susuzluqdan yandı. Arazdan su vermədilər, Kür qurumuşdu. Son günlər yağıntılarla bağlı Kürdə suyun səviyyəsi bir qədər artıb. Təbii iqlim dəyişiklikləri var ki, bunlar kənd təsərrüfatına böyük ziyan vurur. Ancaq insanlar da fikirləşməlidir ki, məsələn, soğan həddindən artıq su sevən məhsuldur. Əgər 10 hektar sahədə soğan əkirsə, əvvəlcədən düşünməlidir ki, su lazım olacaq.

Mövcud su potensialı 2 hektar sahəni əhatə edə bilər. Ancaq sahibkar bunu nəzərə almır, 10 hektar əkirsə, onun 2 hektarını suvara bilir. Başqa su sevməyən məhsul əkərsə, daha çox məhsul götürər. Ona görə də müəyyən normativlərə əməl olunmaması gətirib ziddiyyətlərə səbəb olur. Müəyyən qaydada reallıqlar nəzərə alınmalıdır. Bu gün torpaqların əksəriyyəti sahibkarlardadır. Dövlət gedib bunun üzərində nəzarət sistemi tətbiq edə bilmir. Çünki hüquq icazə vermir ki, sahibkara gedib desin ki, həmin məhsulu əkə bilməzsən. Müəyyən kreditlər verir, təminatlar yaradır. Ancaq sahibkar özü düşünməlidir ki, iqlim, hava şəraiti necədir. Əkdiyi məhsul batacaqmı, yaxud qazanacaq. Fikirləşir ki, su gələcək, suvaracağam.

-Fermerin bazara çıxış imkanlarını genişləndirməklə idxaldan asılılığı aradan qaldırmaq mümkündürmü?

-Bununla bağlı qərar qəbul olundu, bir çox ərzaq məhsullarının xaricə ixrac olunması ilə bağlı qaydalar tətbiq olundu. Bunun tətbiqi ilə ərzaq məhsulları ölkə daxilində, eləcə də ixrac normativlər əsasında olmalıdır. Nə qədər baha olsa, bu gün vətəndaşı ac qoyub, həmin ərzaq məhsullarını xaricə daşıya bilmərik. Onun qarşısının alınması üçün artıq hökumətin tədbirlər planı var, müəyyən qərarlar, normativlər tətbiq olundu. Bu, sistemli şəkildə davam etdirilməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net