Son zamanlar bəzi ictimai iaşə obyektlərində keçirilən reydlər zamanı ət dükanlarında ölmüş, vaxtı keçmiş heyvanların ətlərinə rast gəlinir. Bu problemlə bağlı polis və digər aidiyyatı qurumlar mübarizə aparmağa çalışsa da, insanlara mal-heyvan adı altında at-eşşək əti yedirən belə şəbəkələrin sayı artmaqda davam edir. Onlardan bəziləri hətta özünə bəraət qazandıraraq, satdıqları at ətlərinin bəzi Asiya ölkələrində, o cümlədən Qazaxıstan və Qırğızıstanda da satıldığını, yeyildiyini bildirirlər. Adamlar yaxşı ki, Çini misal gətirməyiblər, yoxsa, aləm bir-birinə dəyərdi. Hər bir halda, bu cür insanlar üçün “halal-haram” anlayışı deyə bir reallıq mövcud deyil. Cəmiyyəti bu şəkildə zəhərləyən, insanlığa və təbiətə düşmən kəsilən bu vəhşi təfəkkürə sahib insanlar üçün mənəviyyatın, halal qazancın, yaxud satdıqları bu murdar, vaxtı keçmiş ətlərin qarşılığında nəsil-köklərinin necə “yad” edildiyi onlar üçün bir məna ifadə etmir. Əsas odur, gəlir mənbələri olsun.
Hətta arada mənə də maraqlı gəlir ki, görəsən, bu əqidədə olan şəxslər sırf qazanc üçün ölmüş övladlarının meyidini də satarlarmı? Mənə elə gəlir, satarlar. Çünki, donuzdan xislətcə fərqlənməyən biri üçün öz övladını, hətta ailəsini də “ticarət məhsulu” etmək, necə deyərlər, “iki vur iki”dir. Donuzlar da xarakter olaraq, öz ölmüş balalarını rahatlıqla yeyə bilirlər. Bu, heyvan olaraq, onların genlərində var. Heç kim buna görə onları qınaya bilməz. Çünki, Allah elə yaradıb. Amma insanı elə yaratmayıb axı. İnsanı kamil yaradıb. Ona “yaradılmışların əşrəfi” yəni, “ən şərəflisi” adını verib. DİA.AZ xəbər verir ki, bizimyol.info məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevlə söhbətləşib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- İbrahim müəllim, İslamda ticarət anlayışı nədir və hansı əsaslarla alış-veriş edilməlidir?
- İslam dini cəmiyyətin bütün sahələrində olduğu kimi, ticarət sahəsində də bir-birindən gözəl və dəyərli qayda-qanunlar gətirmiş və bunların cəmiyyət həyatındakı əksini zəruri görmüşdür. Həzrət Peyğəmbər başda olmaqla onun Əhli-beyti və sədaqətli səhabələri İslamın gətirdiyi bu qanunları öz gündəlik həyatlarında, istər satıcı, istərsə də alıcı olduqları halda həmişə gözləmiş və onlara riayət etmişlər. Bütün bu deyilənləri bilmək üçün mötəbər hədis mənbələrinə müraciət etmək kifayətdir. Belə ki, həzrət Peyğəmbər xanımı həzrət Xədicə ilə birlikdə ticarət edərkən öz ticarət mədəniyyətini ən yüksək tərzdə nümayiş etdirmiş və bu dürüstlüyün sayəsində həzrət Xədicənin rəğbət və məhəbbətini qazanmışdır. Belə nəql olunur ki, Peyğəmbərimiz bəzi mallarını Şamdakı bazarda satarkən bir yəhudi tacir onu uzaqdan diqqətlə seyr edirdi. Yəhudi tacir o həzrətin alış-veriş zamanı heç vaxt başqalarını çətinliklərə salmadığını, and içmədiyini və alıcısına da heç vaxt and içmək fürsəti vermədiyini gördü.
Peyğəmbərimizi uzaqdan seyr edən bu tacir onu yaxından tanımaq üçün satdığı mallara baxmaq və onların qiymətlərini öyrənmək üçün yaxınlaşdı. O, Peyğəmbərlə satdığı malın qiymətini soruşmağa və danışıqlar aparmağa başladı. Sövdələşdikdən sonra həmin tacir Peyğəmbərin məkkəli olduğunu öyrəndi. O, Peyğəmbərdən Məkkənin ən məşhur bütləri olan Lat və Üzzaya and içməsini istədi. Bunu eşidən Peyğəmbərimizin bayaqdan bəri gülümsəyən siması qəfildən dəyişdi. O qaşlarını çatdı, səsini yüksəltdi və Şam bazarını bürüyən “Sən mənə bu günə qədər inanmadığım və dəyər vermədiyim cansız əşyalara and içməyimi istəyirsən? Mən sevmədiyim o bütlərə heç vaxt and içməyəcəyəm!” – deyə söylədi.
Müasir cəmiyyətimizdə ticarət mədəniyyəti, alış-veriş əxlaqı son dərəcə aktuallıq kəsb etdiyindən hər bir müsəlmanın ticarət və alış-veriş edərkən öz dininin qayda-qanunlarını həzrət Peyğəmbərdən öyrənməsi və bu qanunlar əsasında alış-veriş etməsi zərurəti ortaya çıxır. Əfsuslar olsun ki, müasir dövrdə dinimizin ticarət haqqında olan qaydaları bəzən gözardı edilir, ticarətçilərin bəzisi öz halal qazanclarına haram qatırlar. Yaxşı olardı ki, tacirlər öz dəyərlərini bilsinlər, Uca allah yanında hansı məqama sahib olduqlarını düzgün dərk etmiş olsunlar. Həzrət Peyğəmbər hədislərinin birində “Müsəlman, etibarlı və doğru danışan tacir Qiyamət günü şəhidlərlə birlikdədir”, deyə buyurmaqla onların hansı dərəcədə olduqlarını bildirmişdir.
- Ölmüş heyvanın ətinin alış-verişi və ya satılması İslami baxış necədir?
- Bütün bu deyilənlərin fonunda onu da bildiririk ki, İslam qanunlarına görə bəzi alış-verişlər qəti şəkildə haram, bəziləri məkruh (xoşagəlməz) bəziləri isə mübah (qanuni) hesab edilmişdir. Qəti şəkildə haram olan alış-verişlərdən biri ölmüş heyvanın alış-verişidir. Şəriətdə “meytə” adlanan ölmüş heyvanı satmaq, almaq və ya onları yemək çox böyük günahlardandır.
- At ətinin yeyilməsi halaldırmı? Bəzi Orta Asiya ölkələrində bunun halal hesab edilməsi nəyə əsaslanır?
- At ətinin yeyilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu haqda müsəlman alimlərinin müxtəlif fikirləri var. Əksər alimlərin gəldiyi qənaət budur ki, at (həmçinin qatır və eşşək) ətini yemək məkruhdur (xoşagəlməzdir). Bunun əsas səbəbi isə atın həm döyüş və həm də təsərrüfat heyvanı olduğuna görədir. Çünki keçmiş dövrlərdə at olmadan süvari ordunu təşkil etmək, yaxud da kənd təsərrüfatında bol məhsul əldə etmək mümkünsüz idi. Bütün bu dediklərimizlə yanaşı, bunu da qeyd edək ki, bəzi Orta Asiya ölkələrində at ətinin yeyilməsi həm də onların qədim qida mədəniyyətlərindən irəli gəlir.
- Özünün xəbəri olmadan haram qiadaları yeyən və yaxud da ailəsinə yedirdən adam günah qazanırmı?
- Hər bir müsəlmana vacibdir ki, şübhəli və haram olan işlərdən çəkinsinlər. Həzrət Peyğəmbərin hədislərində də qeyd edilmişdir ki, şübhəli qidalardan uzaq olun. Çünki mənşəyi bəlli olmayan və ya şəriət baxımından icazəli olmayan qidaların yeyilib-içilməsi insan orqanizmində ciddi fəsadlara yol aça bilər. Buna görə də yaxşı olar ki, vətəndaşlarımız alış-veriş edərkən tanıdıqları yerlərdən və mənşəyi bəlli olan qidalardan istifadə etsinlər. Lakin bir adam bilmədən hər hansı bir haram qidanı qəbul etsə, bu, onun üçün günah deyildir. Ümumiyyətlə, bilmək lazımdır ki, bilmdən və səhvən edilən günahlar üzürlü hesab edilir.
- Qurani-Kərim və hədisi-şəriflərdə haram ticarətlə məşğul olan insanlar haqqında hansı göstərişlər vardır?
- Quran və hədisdə haram alış-veriş üçün müəyyən ölçülər qeyd edilmişdir. Bundan əlavə, dinimizin hər iki qaynağında sağlamlığa zərərli maddələrdən istifadə etməmək İslamın ümumi prinsiplərindən biri kimi qəbul edilmişdir. Həzrət Peyğəmbərin hədislərində “nəcis” və “murdar” yeməklərin xüsusiyyətləri ilə bağlı müfəssəl izahlar, Qurani-Kərimdə isə qadağaları təsdiq edən ifadələr yer alır. Hədislərin birində belə deyilir:
Həzrət Peyğəmbər bazarda buğda satan bir adamla rastlaşdı. Satıcıya dedi:
- Nə satırsan?
Satıcı:
- Buğda satıram, ey Allahın rəsulu!
Həzrət Peyğəmbər əlini buğda kisəsinə saldı və onun dibinin nəm olduğunu görüb satıcıya dedi:
- Kaş yaş olan hissəni üst tərəfə qoyaydın ki, insanlar görsünlər! Agah ol, aldadanlar (fırıldaqçılar) bizdən deyildir!
Hədisdə də ifadə edildiyi kimi, İslam iqtisadi sistemi ticarətin əsasını insana və cəmiyyətə halal və vicdanla xidmət etmək anlayışı üzərində qurmuşdur.