“Azercell”in reklam soyğunçuluğu
Tarix: 28-06-2017, 08:45 |
Çap et
Ölkədə mobil operatorların əlindən zara gələn nə qədər abunəçi var görəsən? Getdikcə əmin oluram ki, onların sayı xeyli çoxdur. Son 4-5 ayda “Azercell”in başıma gətirdiyi müsibətləri FB səhifəmdə paylaşanda da gördüm ki, məmləkətdə şikayətçi olmayan abunəçi qalmayıb deyəsən. Ötən aylarda operatorun “Xəbər ver” xidməti ilə bağlı yaşadığım “macəraları” yazmışdım. Dünyanın hansı ölkəsində abonenti sorğusuz-sualsız götürüb pullu xidmətə və ya reklama qoşurlar görəsən? Sən də bu qədər gərginliyin, iş-gücün içində onda xəbər tutursan ki, hesabından bir xeyli pul mənimsəyiblər. İndi ölkənin bütün mobil operator istifadəçiləri bənzər problemlərdən qan ağlayır. Bizim başımız isə, deyəsən, daha bəlalıdır…
Bənzər xidmətlərdən bezib yazdıqlarımdan sonra yenə məni pullu reklamlara qoşurlarsa, onda tək yol məhkəməyə üz tutmağa qalır demək ki. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də mətbuatda açıqlama verib ki, bu məsələdə məhkəməyə müraciət etmək haqqımız var. “Mobil operator əgər öz şirkəti və xidmətləri haqqında məlumatlar verirsə, bu zaman hər şey qanun çərçivəsindədir. Yox, əgər başqa kontent provayder və ya şirkətlə müqavilə bağlayaraq müştərilərə reklam mesajları göndərilirsə, bu qanun pozuntusudur. Abunəçi mobil telefonuna başqa şirkətlərdən reklam mesajları gəldiyi zaman məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər”.
Belə məlum olur ki, bu reklamları bizə “Azercell” deyil, onun tərəfdaşı “Novamedia MMC” təklif edir. Mobil operatorun bu şirkətlə müqaviləsi var və o müqavilə əsasında şirkət müştəriləri soymaqla məşğuldur. Təsəvvür edin, icazə, filan istəmədən sizi xidmətə qoşub, gündə 10 dəfə reklam mesajı göndərərək hər dəfə 0.2 AZN tuturlar. Fırıldaq da çox məharətlə düşünülüb. Ekranda mesajı kimin göndərdiyi və onu dayandırmaq kodu yazılmır. Xülasə, düşdüyün tələdən qurtulunca, onlar qopardıqlarını qoparırlar. İndi bu yolla yüz minlərlə müştərindən çıxarılan qazancı özünüz hesablayın.
Ölkədə, onsuz da, stress və əsəb aşıb-daşır. Bu problemi yaşamış insanlar bilir ki, hər dəfə o reklam mesajları gələndə necə əsəb gərginliyi yaradır. Hər şeydən artıq da kimlərinsə səni səfeh yerinə qoyub, cibinə girdiyinə görə. Xatırladaq ki, bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) mobil rabitə abunəçilərinə razılaşdırılmamış reklam SMS-ləri göndərən şirkətlərin cəzalanacağını bildirib. Bəs nazirlik nə zaman verdiyi bu sözü tutacaq görəsən?