Azərbaycanda "pulsuz tibbi xidmət" adı altında açılan bazar...
Tarix: 16-11-2015, 10:00 | Çap et
Azərbaycanda "pulsuz tibbi xidmət" adı altında açılan bazar...
Artıq bir neçə müddətdir ki, redaksiyamıza paytaxtın Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının fəaliyyətində müşahidə olunan müxtəlif neqativ hallara dair açıqlamalar təqdim olunmaqdadır. Bununla belə, dəfələrlə sorğu ilə müraciət etməyimizə baxmayaraq, poliklinikanın rəhbərlyi hələ də bu tibb müəssisəsində yaranmış vəziyyətlə bağlı açıqlama vermək istəmir. Qəzetimizə isə 21 saylı poliklinikanın öz pasientlərinə qarşı pul tələbi irəli sürən həkimlərinin adları çəkilən məlumatlar daxil olmaqda davam edir. Belə ki, mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda biz artıq qeyd etmişdik ki, rayon sakinlərinin iddialarına görə, onlar bu tibb müəssisəsində aldıqları müayinə və müalicə müqabilində hər dəfə müəyyən məbləğdə pul ödəməli olurlar. Çünki əks halda, 21 saylı poliklinikanın dövlət müəssisəsi olmasına baxmayaraq, burada pulsuz hər hansı tibbi xidmət almaq demək olar ki, mümkün deyil. Bundan sonra əməkdaşlarımızın apardıqları araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, bu poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb edir. Etiraz edən xəstələrə isə, bu tibb bacısı müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir. Aldığımız digər bir məlumatda isə, 21 saylı poliklinikanın USM kabinetinin “qiyməti” açıqlanmışdı. Qeyd olunmuşdu ki, həkim Sevda xanım bu qiyməti 10 manat məbləğində müəyyən edib. Məlumatlarda diqqəti çəkən əsas məqam budur ki, əksər hallarda həkimlərin keçirdikləri müayinə və müalicə prosedurları müqabilində xəstələrə qarşı pul tələbləri həmin həkimlərin köməkçiləri qismində çıxış edən tibb bacıları tərəfindən irəli sürülür. Belə ki, mənbənin iddiasına görə, 21 saylı poliklinikanın həkim-ginekoloqu Tükəzban xanımın müayinəsindən keçməzdən əvvəl, onunla eyni kabinetdə oturan tibb bacısı pasientə “həkimə hörmət etmək yadınızdan çıxmasın” kimi xatırlatma verir. Həkim-pediatr Aynur xanımın tibb bacısı isə, daha konkret olaraq hər xəstədən əvvəlcədən 10 manat tələb edir. Həmçinin məlumatı təqdim edən mənbə, bu özbaşınalıqlara nəticə etibarı ilə yenə də 21 saylı poliklinikanın rəhbərliyi tərəfindən rəvac verildiyini iddia edir. Belə ki, açıqlamada bildirilir ki, bu tibb müəssisənin bütün həkimləri baş həkim Ulduz Hüseynovaya hər ay müəyyən məbləğ ödəmək məcburiyyətindədirlər. Ay ərzində qəbul etdikləri xəstələrin sayından asılı olaraq, həkimlərin ödəməli olduqları bu məbləğin 100-200 manat civarında müəyyənləşdirildiyi qeyd olunur. Dünən isə, redaksiyamıza 21 saylı poliklinikanın stomatoloji kabinetində müəyyənləşdirilmiş qiymətlər barədə məlumat daxil olub. Mənbə bildirir ki, bu kabinetin dtomatoloqları Ünvan həkim və Vəfa xanım bir dişin çəkilməyinə görə 10 manat, müalicə (“plomb”un qoyulması) üçün isə 20 manat pul alırlar. Digər tərəfdən də, açıqlamada poliklinikanın qeydiyyat şöbəsinin işində kifayət qədər nöqsanların olduğu vurğulanır. Məsələn, astma xəstəliyindən əziyyət çəkdiyini bildirən qəsəbə sakinlərindən biri iddia edir ki, o, öz qeydiyyat vərəqəsini, şəbənin əməkdaşları tərəfindən itirilməsi səbəbindən artıq üçüncü dəfə tərtib etdirməli olmuşdur...

P.S. İrəli sürülən ittihamlara 21 saylı poliklinikanın rəhbərliyinin münasibətini dərc etməyə hazır olduğumuzu hər dəfə qeyd etsək də, baş həkim Ulduz Hüseynova hələ də öz möqeyini bildirmək niyyətində deyil.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net