Türkiyə üçün uğur ssenarisi – ondan Azərbaycana da pay düşür
Tarix: 10-11-2015, 10:13 |
Çap et
1 noyabr erkən parlament seçkilərində Türkiyə toplumu yeganə doğru və müdrik qərarını verdi. Qardaş xalq “keçiddə atları dəyişməzlər” gerçəyini, bölgədə yaranmış böhranlı dönəmi nəzərə alaraq, tam doğru olaraq ölkənin daha bir neçə ay koalision hökumət “qızdırmasına”, siyasi eksperimentlərə məruz qalmasını əngəllədi. AKP-yə təkbaşına yenidən hökumət qurmaq şansı tanıdı.
Bu qərarın nə dərəcədə yeganə düzgün olduğu hər ötən gün hiss edilməkdədir. Belə ki, seçkilərdən dərhal sonra ən əvvəl terrorçu PKK və onun siyasi-hərbi uzantıları ilə mübarizə daha qətiyyətli və kəskin xarakter alıb. Xalqın mandat verdiyi hökumət dərhal işə keçib və indi heç vaxt olmadığı qədər inamlı, heç bir siyasi divident güdmədən terror təhdidi ilə mübarizə aparmaq əzmi göstərir.
PKK-nın seçkisonrası verdiyi böyük itkilər də sübut edir ki, hökumət terrora qarşı ən barışmaz mövqeyə, lap dəqiqi, onun kökünü kəsməyə köklənib. Paralel şəkildə Türkiyə ilə həmsərhəd Suriya və İraqda Ankaranın siyasi-diplomatik və hərbi fəallığını artırması müşahidə edilməkdədir.
Xüsusən də hərbi alanda qardaş ölkənin ABŞ və digər müttəfiq dövlətlərlə birgə Türkiyənin milli təhlükəsizliyini gücləndirməyə yönəlik daha effektli və sinxron addımlar atmağa hazırlaşması diqqət çəkir. Söz düşmüşkən, AKP-nin Türkiyədə yenidən təkbaşına hökumət qurmaq üçün legitimlik qazanması faktı ilə artıq Qərb də barışıb və əvvəlki ritorikanı müsbətə dəyişib.
Ayrı sözlə, demokratiya paytaxtları hələ bir müddət də hazırkı Ərdoğan iqtidarı ilə işləməyin qaçılmazlığını dərk edərək, onunla yeni planlar barədə düşünməyə başlayıb. Bir istiqamət deyildi - İŞİD terroru. Təbii ki, Suriya Bəşər Əsəd məsələsində də Ankara qat-qat qətiyyətli olacaq.
Türkiyədə 1 noyabr parlament seçkiləri ilə legitim hökumət strukturlarının bərqərar olunması özünü həmçinin, ölkənin beynəlxalq imicinin yaxşılaşması sahəsində, iqtisadi-ticari sferalarda və iki- çoxtərəfli münasibətlərdə göstərməyə başlayıb: türk lirəsi seçkilərin ertəsi günündən möhkəmlənməyə üz tutub, rəsmi Ankara Moskva və Tehranla qaz anlaşmaları ilə bağlı xalqın mandatı hesabına daha uğurlu və dayanıqlı mövqeyə sahiblənib.
“Böyük iyirmilər”in (G20) noyabrın 15-16-da Antalyada keçiriləcək sammiti böyük ehtimalla, bu yeni statusun möhkəmlənməsi və təsbiti ilə, Ankaranın regionda və dünyada yeni və artan vazkeçilməz rolunun nümayişi ilə yadda qalacaq.
***
Müxtəsəri, 1 noyabr seçkilərində xalq faktiki, Türkiyənin uğur ssenarisinə xeyir-dua və səs verib. Sözsüz ki, bu ssenaridə AKP rəhbərliyinin, məxsusən də prezident Rəcəb Tayyib Ərdoğanın rolu və xidmətləri böyükdür. İndi köhnə-yeni iqtidar növbəti 4 il üçün etimadı doğrultmalı, ölkəni onun üzləşdiyi terror təhlükələrindən, siyasi və iqtisadi təhdidlərdın qurtarmalı, Türkiyə dövlətçiliyini möhkəmləndirməli, separatçılığın kökünü kəsməli, daxili ictimai-siyasi sabitliyin dayanıqlığını təmin eləməlidir.
Ərdoğan hakimiyyətinin bunun öhdəsindən gələcəyi nə qədər çətin olsa da, mümkünsüz də görünmür. Bir motiv deyildi - xalqın onun arxasında durması. İkincisi motiv Ərdoğan komandasının 13 ildə qazandığı böyük iş (fəaliyyət) təcrübəsi və siyasi iradəsi sayıla bilər.
Bu təcrübə və siyasi iradə ölkə daxilində quruculuq, islahat və milli vəhdət yönündə işləri keyfiyyətcə yeni mərhələyə, müasir tələblər səviyyəsinə qaldırmağa artıqlaması ilə bəs edir.
Bir sözlə, xalqın əksərinin 1 noyabr xeyir-duası ilə Türkiyə dövlətçiliyi daxili və xarici təhdidlərə qarşı yeni immunitet qazanmış olub. Bu immunitetin təbii ki, Azərbaycana da dəxli var. Zira, qardaş ölkənin güclənməsi, regionda və dünyada söz sahibi olması həm də Azərbaycanın güclənməsi və söz sahibliyi, Qarabağ məsələsində daha əlverişli mövqe qazanması deməkdir.