“Faiz çete”si ölkədən milyardları necə çıxarıb...
Tarix: 6-11-2015, 09:48 | Çap et
“Faiz çete”si ölkədən milyardları necə çıxarıb...
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı indi də Azərbaycandan xaricə külli miqdarda nağd vəsait çıxarılmasında hallandırılır. Bu haqda “Yeni Müsavat”a daxil olan informasiyaya görə, ölkənin milli təhlükəsizliyini qorumağa məsul edilmiş Eldar Mahmudov uzun illərdir yaratdığı xüsusi dəstə vasitəsilə nağd vəsaitlərin yüksək faizlərlə ölkədən çıxarılmasını təşkil edib. “Faiz çete”sinin iş prosesi və şəbəkənin miqyası gündəlik gəlirin milyonlar, illik gəlirlərin isə milyardlarla ölçüldüyünü ortaya çıxarıb.

Nağd pullar xaricə iki yolla çıxarılırmış - Eldar Mahmudovun nəzarətində olan bir neçə bank vasitəsilə və hava yolu ilə. “Yeni Müsavat”a daxil olan informasiyada bildirilir ki, faktın aşkarlanması AZAL üçün də ciddi başağrısına çevrilib. Külli miqdarda vəsaitin yalnız milli təhlükəsizlik nazirinin göstərişi ilə Azərbaycan Hava Yollarının təyyarələri ilə daşınması, bunun ölkə rəhbərliyindən gizlin saxlanması ortaya xeyli suallar çıxarıb.

Bundan başqa, Eldar Mahmudovun “faiz çete”si indi yüksək postlar tutan şəxslərin himayəsində olan banklarla da işbirliyinə girib. Keçmiş MTN şefinin bu gizli əməliyyatına ortaq olan həmin şəxslərin də durumu getdikcə pisləşir. Son bir həftədə həmin şəxslər bir neçə dəfə ölkədən külli miqdarda pul çıxarılması prosesinin detalları ilə bağlı sorğu-sual edilib.

Azərbaycan bankları nağd pul köçürmələri üçün bir neçə variant təklif edir. “Western Union”, “Migom”, “Zolotaya korona” və digər xidmətlərlə istənilən ölkəyə nağd şəkildə pul köçürmək mümkündür. Ancaq Milli Bankın qoyduğu limitə görə fiziki şəxslər bank köçürmələri vasitəsilə xaricə ən çoxu 3000 dollar vəsait köçürə bilər. Nağd pul köçürmə faizləri də digər ölkələrlə müqayisədə yüksəkdir - 1,5 faiz. Bundan başqa, bankların çoxunda maksimum məbləği “şapka”sız köçürmək mümkün deyil. Bunun üçün bankların filial rəhbərliyinə yol tapmaq, tələb olunan rüşvəti ödəmək lazımdır. Banklardakı bu durum və fiziki şəxslərin ölkədən nağd şəkildə 10 min dollardan artıq nağd vəsait çıxarmasına qoyulan qadağa kiçik və orta bizneslə məşğul olanlar üçün ciddi maneələr yaradır. İri şirkətlərdən fərqli olaraq kiçik və orta sahibkarlıqla məşğul olanlar daha çox nağd vəsait üzərindən işləyir. Eldar Mahmudovun təklif etdiyi xidmət isə xarici tərəfdaşları ilə nağd hesablaşmaq üçün yollar arayanlara yaxşı fürsət olub.

“Faiz çete”sinin ən böyük ofislərindən biri metronun “28 May” stansiyasının yaxınlığında yerləşib. Deyilənlərə görə, Azərbaycanda ölkədən 10 mindən yuxarı vəsaiti nağd çıxarmaq istəyən elə bir sahibkar yoxdur ki, yolu həmin ofisdən düşməsin. Həmin ofisdən başqa dəstənin Bakıda daha 9, Gəncədə, Lənkəranda və Zaqatalada “regional” bölmələri fəaliyyət göstərib. Ölkədə bir çox məhsullar üzərində ciddi monopoliya olduğu üçün qeyri-rəsmi “puldaşıyan şirkət”ə müraciət edənlərin çoxu geyim, ətriyyat biznesi ilə məşğul olan topdan və pərakəndə satış məntəqələrinin sahibləri olub. Məsələn, “Binə”, “Sədərək” kimi ölkə əhəmiyyətli topdansatış obyektlərində çalışanlar əsasən Eldar Mahmudovun qeyri-rəsmi şirkətinin xidmətlərindən istifadə edirmiş.

“Faiz çete”sinin “tarif cədvəli” də stabil imiş - 10 min dollardan artıq vəsait Türkiyəyə 0,8, Dubaya 0,9, Çinə isə 1 faiz qarşılığında aparılırmış. Bakıda əlbəəl verdikləri pulu sahibkarlar “şirkət”in vəsait göndərilən ölkədəki ofislərindən alırlarmış.

Ancaq bu keçmiş MTN şefinin nəzarətində olan dəstənin fəaliyyətinin yalnız bir istiqamətidir. Deyilənlərə görə, Azərbaycandan çirkli pulları çıxarmaq istəyən yüksək rütbəli dövlət məmurları bu məsələdə keçmiş milli təhlükəsizlik naziri ilə işbirliyinə girib. Mahmudov həmin pulların ünvanına təhlükəsiz çatması məsələsinə ölkənin milli təhlükəsizliyi məsələsindən daha həssas yanaşıb. Çünki söhbət son dərəcə iri kapitaldan gedir. Bu məsələ ilə “faiz çete”sinin əsasən Dubay ofisi məşğul olub. Azərbaycandan çıxarılan milyardlar dünya miqyaslı azad ticarət zonası olan Dubaya axan vəsaitlər içərisində “əridilib”.
Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan sonra eks-nazirin şəxsi inkasatorlarının fəaliyyəti də iflic olub. Verilən xəbərlər sırasında “faiz çete”sinə qarşı əməliyyat zamanı xeyli şəxsin saxlanması da var.

Ölkədən çıxarılan vəsaitlərə nəzarətin sərtləşdirilməsi həm özünün və yaxınlarının gələcəyini qarantiyə almaq üçün qazandığı çirkli pulları ölkədən çıxarmaq istəyən zümrəni, həm də bank sektorundakı rüşvətə görə biznesini inkişaf etdirə bilməyən sahibkarları məyus edib. Bir zamanlar Mahmudovun “faiz çete”si ilə işbirliyi quranlar hələlik çıxış yolu aramaqdadır.
Bu səbəbdən son həftələrdə satış şəbəkələrində yaranan böhranlı durumun hələ bir müddət davam edəcəyi qaçılmazdır. Çünki hakimiyyət nağd pul kütləsinin ölkədə qalmasında maraqlıdır. Neft gəlirlərinin azalmasına görə iqtisadiyyatın sürətlə geriləməsi fonunda bu proses yeni devalvasiyanı müəyyən müddət ləngidə bilər.

Xatırladaq ki, ölkədən gizli şəkildə pul çıxarılması prosesində bəzi bankların imkanlarından istifadə olunub. Belə banklardan biri də “Zaminbank”dır. “Yeni Müsavat” hələ 2012-ci ilin fevralında bu haqda yazıb.

2012-ci ildə Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. O vaxt saxlanılan şəxslərin Azərbaycanla əlaqələrinin olduğunu qeyd etmişdik.
Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır.

İndi məlum olur ki, bu cür miqyaslı korrupsiya işində “Zaminbank” niyə aparıcı skripka olub? Sən demə, bu bankın filiallarından birinin müdiri MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyevin qardaşıdır.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net