Qorxmaz Hüseynov Şirvan sakinlərinin imdadına çatmalıdır
Tarix: 3-04-2015, 08:43 |
Çap et
Məlum olduğu kimi, son vaxtlar ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən içməli su ilə təminatı və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin əhalinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 2009-cu ildə imzaladığı sərəncama əsasən çox mühüm işlər görülüb.
Ölkəmizin 12 rayonunun, o cümlədən Naxçıvan Muxtar Respublikasının 2 rayonu daxil olmaqla, 122 kənd yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılıb ki, bu da 224 min nəfər əhalini içməli su ilə təmin edib. Ölkə başçısı bölgələrdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına böyük diqqət göstərir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerlərdə fəaliyyət göstərən bəzi məsul şəxsləri isə həyata keçirilən tədbirlərə dəstək vermək əvəzinə, qanundan kənar hərəkətlərə yol verirlər. Ki, nəticədə bölgələrdə məskunlaşmış əhali içməli su sarıdan əziyyət çəkir. Xatırlayırsınızsa, bir neçə ay öncə Şirvan şəhərində içməli suyun əhaliyə ciddi problemlər yaratması və yerli Sukanal İdarəsinin rəhbərliyinin işinin öhdəsindən layiqincə gələ bilmədiyini yazmışdıq. Məhz həmin məqalədən sonra ASC sədri hörmətli Qorxmaz Hüseynov Şirvan Sukanal İdarəsinin rəhbərliyində dəyişiklik etmişdi. Beləliklə, idarəyə Bakıxan Əhədov müdir təyin olundu. Dünən redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, idarə rəhbəri Şirvanın su təchizatını normal vəziyyətə salmaqdansa, daha da bərbad günə qoyub: “Şirvan şəhər Sukanal İdarəsinin müdiri Bakıxan Əhədovun özbaşına əməlləri ucbatından su üzünə həsrət qalmışıq. Köhnə rəisin dövründə də su ilə imtahana çəkilirdik, indi də. Şəhərin bəzi mərkəzi hissələri istisna olmaqla əksər yaşayış massivlərində əhalinin içməli su ilə təminatı tələb olunan səviyyədə deyil. Günlərlə su verilmir. Camaat əlacsızlıqdan maşınla su alır. Bir maşın suyun qiyməti əvvəl 20 manat idisə, indi 30 manata qalxıb. Qarşıdan isti yaz və yay günləri gəlir. Yaz-yay aylarında suya tələbat daha da artır. İndidən bizi qayğı götürüb. Sutkalıq gücü 6000 m3su istehsal etmə qabiliyyətinə malik olan Şirvan Sukanal İdarəsi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmir. Şəhərin əksər yaşayış məntəqələrində günlərlə, bəzən həftələrlə su olmur. İçməyə su tapmırıq, idarə müdiri bizə müsibət yaşadır”. Aldığımız informasiyaya görə, Bakıxan Əhədov idarə rəisi təyin olunandan sonra irihəcmli su nasoslarını dəyişərək kiçildib ki, enerji çox istifadə olunmasın və pul az ödənilsin: “Nasosların həcmi kiçik olduğundan su əhaliyə gedib çatmır. O, əhalini su ilə təmin etməkdə maraqlı deyil. Ona görə ki, idarənin yanında su çəni olan ağır yük maşınları gəlib hər biri 10 manat ödəməklə su doldurub aparıb sakinlərə 30 manata satırlar. Əhali içməyə su tapmır, amma şəhərdə fəaliyyət göstərən bütün avtoyuma məntəqələrinə gün ərzində fasiləsiz su verilir. Səbəbi isə onunla bağlıdır ki, Bakıxan müəllimin bu işdə öz marağı var. Bundan başqa, Şirvan şəhəri, köhnə şəhər Kür qırağı bəndlər-bərələr sözügedən Sukanal İdarəsinin baxımsızlığı ucbatından partlamış su borusunun qurbanı olub. Qeyd olunan böyük ərazi tam yararsız hala düşüb”. Onu da bildirək ki, Şirvan şəhəri, Xanlar küçəsi, döngə 2 ev 5-də yaşayan Vəli Vəliyev bir müddət əvvəl mətbuata müraciət edərək idarənin fəaliyyətindən narazılığını dilə gətirib: “Bu yaxınlarda mənə suvarma aparmadığım halda 200 manata yaxın borc barədə bildiriş gəlib. Həmin gündən də evimə gələn su xəttini kəsiblər. Çoxsaylı şikayətlərimdən sonra xətti müvəqqəti birləşdirsələr də, borcu silməyiblər. Sukanal İdarəsinə muraciət etməyimə baxmayaraq, mənə borcun yaranma tarixi və ümumiyyətlə, bu borcun haradan yaranması barədə məlumat verməyiblər. Hamısı bir agızdan deyir ki, “bizlik deyil”. Əgər mənim həqiqətən borcum yığılırdısa, nəyə görə il boyu qapı-qapı düşüb gəzən idarənin işciləri bu vaxta qədər bircə dəfə də olsun bizim qapını döyməyiblər? Niyə borcun bu qədər şişməsinə imkan veriblər? Çünki borcum olmayıb. Gətirib sayğac qoysalar, bilərəm ki, nə işlətmişəm, nə ödəyəcəyəm. Yoxsa ki, biz bütün yayı qonşularla birlikdə suyu maşınla almışıq. İndi də üstümüzə borcumuz haqqında bildirişlər yollayıblar. İş orasındadır ki, bildirişdə ancaq məbləğ yazılıb, borc hansı aya, hansı ilə görə yığılıb, bu, qeyd olunmayıb. Mən bilmirəm ki, bu borc hansı illərin, ayların borcudur”. Əldə etdiyimiz başqa bir məlumata görə, Bakıxan Əhədovun 46 saylı Şirvan Dairə Seçki Komissiyasının keçmiş sədri Akif Saqiyevlə münasibətləri kəskin şəkildə pisləşib. Növbəti saylarımızda adıçəkilən şəxslərin arasındakı problemin yaranma səbəbləri, Bakıxan Əhədovun “axırıncı dəfə olsun” sözünü kimə və nəyə görə deməsi haqda şok faktları açıqlayacağıq. Ən sonda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan xahiş edirik ki, Şirvan Sukanal İdarəsində cərəyan edən xoşagəlməz hadisələrə öz münasibətini bildirsin və Bakıxan Əhədovun fəaliyyətinə nəzarəti gücləndirsin.
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
gundelik-baku.com