Dövlət Komitəsi şikayətçini dəlixanaya saldırıb?
Tarix: 10-08-2015, 11:20 | Çap et
Dövlət Komitəsi şikayətçini dəlixanaya saldırıb?
Ölkə başçısının müvafiq fərmanı ilə 1998-ci ildə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsinin adı bir müddət sonra dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əvəzlənsə də, sözügedən qurum hələ də üzərinə düşən vəzifəni lazımi səviyyədə icra etmir. Belə ki, 10 ilə yaxındır ki, komitəyə sədrlik edən Hicran Hüseynova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında təxminən, 2 il öncə "Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı"nın imzalanmasına baxmayaraq, hələ də ölkədə fəaliyyət göstərən müxtəlif müəssisələrdə geniş şəkildə uşaq əməyindən istifadə olunur.

Bununla bağlı müxtəlif vaxtlarda aparılan araşdırmaların nəticəsində demək olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq əməyinin istismarının qarşısının alınması sahəsində gördüyü işlər yetərli deyil. Əgər belə olmasaydı, o zaman indi demək olar ki, bütün şadlıq evlərində azyaşlı uşaqlar rəqqas və rəqqasə kimi çalışdırılmaz, eyni zamanda bəzi kafe və restoranlarda uşaqlar ofisiant kimi işə cəlb olunmazdılar. Hələ bu, harasıdır. Bu gün tikinti sektorunda və digər istehsalat, eləcə də xidmət sahələrində də uşaq əməyindən geniş şəkildə istifadə olunur, onlar rəhbərlik tərəfindən ciddi istismara məruz qalırlar. Əgər hörmətli Hicran Hüseynovaya sübut lazımdırsa, o zaman şadlıq evlərində bəylə gəlinin arxasınca hərəkət edən "mələk-uşaqlar"a diqqət yetirməsi kifayətdir. Bəli, bu bir faktdır ki, hazırda paytaxtın bir çox şadlıq evlərinin şou-proqram menyusuna gəlinlə bəyin azyaşlı uşaqlardan ibarət mələklər qrupu ilə qarşılanması da daxil edilir. Məhz bu cür məqamların mövcudluğu onu deməyə əsas verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür önəmli məsələyə laqeyd yanaşır. Yəni adıçəkilən qurum uşaqların istismarı, onların həyat şəraitinin normallaşması ilə bağlı sahəyə yetərincə diqqət ayırmır. Halbuki komitənin əsas vəzifələrindən biri öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, dövlətin ailə siyasətini həyata keçirmək, qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaqdır.

Gündəlik Bakı-nın bildirdiyinə görə, bu arada, onu qeyd etmək lazımdır ki, ölkədə qadınların, uşaqların və ailələrin problemlərinin araşdırılması, həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlı dövlət qurumu fəaliyyət göstərsə də, təəssüf, qadın intiharlarının, ailə problemlərinin, məişət zorakılıqlarının sayı azalmaq bilmir. Əksinə, tez-tez eşidirik ki, hansısa rayonda, şəhərdə qadınlar intihar edir, ailə-məişət zorakılıqları baş verir. Hətta vəziyyət o həddə çatıb ki, təxminən, bir il öncə Hicran Hüseynovanın rəhbərlik etdiyi komitəyə gedən şikayətçi qadın da intihara cəhd edib. Əslində, bu, təkcə bir qadının yox, onlarla zərif cinsin nümayəndəsinin timsalındakı faciədir. Həm psixoloji, həm də sosial. Qeyd etdiyimiz kimi, son dövrlər ölkədə intihar hadisələrinin sayı xeyli artıb. Lakin son zamanlar Azərbaycanda daha çox qadınlar intihar edir. İntiharlar ən çox ailə zorakılığı nəticəsində baş verir. Qadına qarşı zorakılıq mövzusu ən böyük problemlərdən biridir. Odur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadına qarşı olan zorakılığın qarşısını almalı, zorakılığın kökünün kəsilməsi istiqamətində zəruri addımlar atmalıdır. Ancaq qurumun rəsmi saytına daxil olduqda onun çox vaxt sessiyalar, tədbirlərlə fəaliyyətini yekunlaşdırdığını görmək mümkündür. Halbuki ayrı-ayrı sessiyalar, konfranslar, dinləmələr dövlət komitəsinin görəcəyi yeganə iş deyil. Buna görə də Hicran Hüseynova üzərinə düşən işin məsuliyyətini dərk edərək daha təsirli tədbirlərə baş vurmalı, ölkədə uşaq əməyinin istismarının, eləcə də qadın zorakılığının qarşısının alınmasına nail olmalıdır. Çünki bu, birbaşa onun işidir…

Məsələ ilə bağlı əldə etdiyimiz başqa bir informasiyada isə deyilir ki, ötən ilin yanvar ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edən qadınlardan biri qurumun yetkililəri tərəfindən dəlixanaya salınıb. Belə ki, Qərənfil Şahin qızı Nağıyevanın müəyyən problemləri səbəbindən ötən ilin əvvəlində adıçəkilən komitəyə müraciət etdiyini və bəzi məsələlərlə bağlı yardım istədiyini deyən məlumatlı şəxsin sözlərinə görə, o, təxminən, iki ay müddətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gedib-gəlib: "O, ilk öncə komitəyə ərizə ilə müraciət edib. Ərizəni poçt xidməti ilə deyil, elə Hökumət Evinin birinci mərtəbəsində yazıb və komitəyə verib. Daha sonra bir neçə dəfə komitəyə gedərək ərizəsinə cavab almaq istəyib. Ancaq komitədən ona deyiblər ki, bir daha bura gəlmə və bizi narahat etmə. Qərənfil Nağıyeva isə sadəcə olaraq bu dövlət orqanına etdiyi şikayətinə cavab almaq istədiyini vurğulayıb. Bundan sonra o, yenidən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yollanıb. Onu əvvəl komitədə qəbul ediblər, daha sonra bayıra çıxarıb qapını bağlayıblar. Xanım isə səs-küy yaradaraq probleminin həll edilməsini istəyib. Hətta bu zaman onunla komitə sədrinin müavinlərindən biri arasında mübahisə də düşüb. Onu da qeyd edim ki, Qərənfil Nağıyeva komitədən əsasən uşağını bağçaya qoymağı, onun ipoteka alması üçün müvafiq köməklik göstərilməsini istəyib. Eləcə də həyat yoldaşının aldığı torpaqda ev tikmək üçün sənədlərin düzəldilməsinə kömək istəyib. Bildirib ki, Bakıda kirayədə qalır və yaşadığı evdə heç kim yaşamaz. Hətta komitənin nümayəndələri onun evinə də baxış keçiriblər. Ancaq onun komitəyə davamlı gedib-gəlməsi, şikayət və tələbləri bir müddətdən sonra bezici təsir bağışlayıb. İş o yerə çatıb ki, komitə yetkililəri onun həyat yoldaşından Qərənfil Nağıyevanın psixi problemlərinin olub-olmaması, uşağını evdə döyüb-döyməməsini soruşublar". Beləcə, ötən ilin yanvar ayının əvvəllərində Qərənfil Nağıyevanın problemlərinin həlli ümidi ilə növbəti dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə üz tutduğunu vurğulayan mənbənin sözlərinə görə, həmin gün o, Hökumət Evinin qarşısında qucağında uşaqla axşam saatlarına qədər gözləyib: "Bu zaman komitə sədrinin müavinlərindən biri işdən çıxıb evə gedərkən onunla növbəti dəfə görüşüb və deyib ki, sabah səhər 09:00-da komitəyə gəlsin, onu qəbul edəcək. Hətta qadına evə getməsi üçün 10 manat taksi pulu da verib. Yanvarın 10-da, səhər Qərənfil Nağıyeva komitəyə gəlib. Burada onu qəbul edib, hətta həyat yoldaşını da komitəyə dəvət ediblər.

Həmçinin Qərənfil Nağıyevanın qayınanasına zəng edib onun haqqında soruşublar. Qayınana-gəlin münasibətləri ürəkaçan olmadığından, o, gəlini haqda müsbət fikirlər işlətməyib. Bundan sonra komitədən təcili tibbi yardıma zəng edilib, Qərəngil Nağıyevaya deyilib ki, narahat olma, qayınanası onun dəli olduğunu iddia edir, müayinə üçün aparırlar, müayinədən sonra geri qaytaracaqlar. Bu zaman onun həyat yoldaşının da razılığını alıblar. Həyat yoldaşı da, elə bilib ki, xanımını müayinə üçün aparırlar və geri qaytaracaqlar. Ancaq şikayətçini təcili tibbi yardım avtomobilinə qoyandan sonra birbaşa Maştağa qəsəbəsində yerləşən Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə aparılıb. Azyaşlı övladını isə həyat yoldaşına veriblər. Dispanserdə isə qadınla çox kobud rəftar ediblər, əl-qolunu bağlayaraq problemli xəstələrlə bir otağa salıblar. Sonradan ona iynə vurublar və hansısa sənədə imza atdırıblar. Maraqlı məqam isə ondadır ki, bu hadisədən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb və bildirib ki, komitəyə gələn şikayətçi Qərənfil Nağıyeva özünü ikinci mərtəbədən atmağa cəhd edib. Lakin binada olan şəxslərin və polis əməkdaşlarının səyi nəticəsində cəhdin qarşısı alınıb…"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net