Deputatın bacısı oğlu şikayətçiləri hədələməyə başlayıb
Tarix: 8-08-2015, 11:04 | Çap et
Deputatın bacısı oğlu şikayətçiləri hədələməyə başlayıb
Bir neçə gün öncə Binəqədi rayonu ərazisində baş verən hadisə haqqında məlumat dərc etmişdik. Rayon sakinləri redaksiyamıza müraciət edərək, bildirmişdilər ki, onların yaşadıqları binanın önündəki parkın ərazisi qeyri-qanuni olaraq zəbt edilib və oradakı ağaclar kəsilərək, tikinti işləri aparmaq istəyirlər.

Şikayət üzrə Azadlıq prospekti və N.Nərimanov küçəsində yerləşən yaşayış binalarının yaxınlığındakı parkdan reportaj da hazırlamışdıq.

Həmin reportaj yazısını oxumaq üçün bu linkə tıklayın: http://musavat.com/news/reportaj/deputatin-ve-icra-bashchisinin-adi-qanunsuz-tikinti-iddiasinda-hallanir-teferruat-fotolar_282285.html

Sakinlər sadəcə, bizə şikayətlənməklə kifayətlənməyiblər. Onlar ərizə yazaraq, müxtəlif orqanlara da müraciət ediblər. Hər şey də bundan sonra başlayıb.

Belə ki, mövcud problemi həll etmək əvəzinə şikayət edən sakinlərə hədə-qorxu gəlməyə başlayıblar. Şikayətçi sakinləri iş yerləri vasitəsilə hədələyiblər.

Hədələnən və hələlik adını açıqlamaq istəmədiyimiz şikayətçilərdən birinin sözlərinə görə, müəllimə işlədiyi məktəbdən ona xəbərdarlıq edilib ki, bu məsələyə müdaxilə etməsin.

İddialara görə, şikayətçilərin adları və iş yerləri ilə bağlı məlumat isə Emin adlı şəxsə rayonun 72 saylı MKIS-nin baş mühəndisi Namiq Qarayev tərəfindən verilib. O, binanı tikmək istəyən Emin adlı şəxsin avtomobilinə əyləşərək, ona sakinlərlə bağlı məlumatlar ötürüb. O da həmin şəxslərin iş yerlərinə təzyiq edərək, onları qorxutmağa çalışır.

Şikayətçilərin adları isə sakinlərin yuxarı instansiyalara göndərdikləri yazılı məktublar sayəsində əldə edilib. Belə ki, həmin məktublar baxılması və icra edilməsi üçün həmin ərazidəki məsul şəxslərə və ya qurumlara yönləndirilib. Namiq Qarayev də bunun sayəsində siyahını əldə edib.

Sakinlər indi bu məsələ ilə bağlı ciddi narahatlıq keçirirlər: "Biz şikayət etdik ki, problemimiz həll edilsin. Amma əksinə oldu. Bizə yeni problemlər yaratmağa başladılar. MKİS-nin baş mühəndisi Namiq Qarayev Emin adlı şəxslə əlbir olub, qanunsuz işlər görürlər. Amma Namiq Qarayevin vəzifə borcu bizim, yəni vətəndaşların, şikayətçi sakinlərin problemlərini həll etməkdir. Onu bir neçə dəfə Eminin "Prado" markalı avtomobilinə minərkən görmüşük. Maşında oturub, nəsə danışırlar. Sakinlərin adlarını onlara o verib. Belə qanunsuzluq olar? Bu barədə hara lazımdırsa, şikayət edəcəyik".

Məlumat üçün qeyd edək ki, adıçəkilən ərazidə 2 ədəd 4 mərtəbəli yaşayış binası inşa etmək istəyən şəxs deputat Madər Musayevin bacısı oğlu Emindir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net