Şirvan şəhər DYP rəisi sürücüləri təngə gətirib
Tarix: 7-08-2015, 10:44 |
Çap et
Son zamanlar Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin rəisi Samir İsmayılovun fəaliyyəti ilə bağlı redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olmaqdadır. Belə ki, əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, rayon sakinlərinin böyük əksəriyyəti Şirvan şəhər DYP bölməsinin əməkdaşlarının əməllərindən təngə gəlib. Çünki Samir İsmayılovun tabeçiliyində çalışan yol polisi işçiləri yeri gəldi-gəlmədi sürücüləri saxlayır, onların əsəblərini tarıma çəkir, sonda isə əsassız yerə cərimə yazırlar.
"Bütün ölkə üzrə dövlət yol polisinin fəaliyyətindən narazılıq faktları mətbuatda səslənsə də, Şirvan şəhər DYP-sində baş verənlər sanki bir qədər diqqətdən kənarda saxlanılır" deyən məlumatlı şəxs iddia edir ki, Samir İsmayılovun rəhbərlik etdiyi bölmənin fəaliyyəti şirvanlı sürücülərin, eləcə də şəhərin qonaqlarının kəskin etirazına səbəb olur: "Şirvan sakinləri bildirirlər ki, DYP bölməsində sanki bazar açılıb. Belə ki, burada bəzi məsələlər qarşılıqlı anlaşma yolu ilə həll edilir. Şirvanlı sürücülərin sözlərinə görə, əksər hallarda onlara səbəbsiz yerə cərimə kəsilir. Bu barədə şikayət etdikdə isə deyirlər ki, artıq protokol yazılıb və cərimə ödənməlidir. Nəticədə sürücülər məcburiyyət qarşısında qalıb, qanunsuz olmasına baxmayaraq cəriməni ödəmək məcburiyyətində qalırlar". Şirvan şəhər DYP-sində texniki baxışa, sürücülük vəsiqəsinə görə artıq pulların alındığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Samir İsmayılovun tabeçiliyində çalışan yol polisi əməkdaşları heç kimdən və heç nədən çəkinmədən "Yol-patrul xidməti haqqında Təlimat"ın tələblərini kobud surətdə pozurlar: "Bir sözlə, Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin əməkdaşlarının özbaşınalıqları bitmək bilmir. Onu da nəzərinizə çatdırım ki, bir müddət öncə Şirvan şəhər DYP bölməsinin qarşısında döyülmə faktı qeydə alınıb. Bu haqda döyüldüyünü iddia edən Səmən Qəhrəmanova özü mətbuata açıqlama verib. Onun sözlərinə görə, Şirvan şəhər Yol Patrul Xidməti inspektorları onu döyüb. Nəticədə yaşlı qadın aldığı xəsarətlərdən dərhal xəstəxanaya çatdırılıb".
Samir İsmayılovun tabeçiliyində çalışan yol polisi əməkdaşlarının əməlləri bununla da bitmir. Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, son zamanlar Şirvan şəhərində avtoxuliqanlar sakinlərin rahatlığını pozsa da, nədənsə DYP əməkdaşları buna seyirci mövqe sərgiləyirlər: "Belə ki, şəhər sakinləri ailə-uşaqları ilə parklara getməyə, küçə-bayıra çıxmağa ehtiyat edirlər. Çünki şəhər ralli meydançasını xatırladır. Avtoxuliqanlar işıqfor, piyada yolu bilmirlər, elə hey sürətlə şütüyürlər. Bir də baxırsan ki, uğultu səsi gəlir. Camaat qaçıb gizlənməyə yer axtarır. Parka, meydana getməyə qorxurlar. Məhəmməd Əmin Rəsulzadə prospektindəki meydanın qarşısında, şəhərin girişindəki Bayraq meydanında, Asudə vaxt mərkəzinin yanında, Şirvan dayanacağında "avtoş"lar sözün əsl mənasında maşın oynadırlar. Onların əlindən şəhərin küçələrində avtomobil idarə etmək mümkün deyil. Piyadaların küçələrdə intensiv hərəkət etməsi üçün təhlükəsizlik tədbirləri demək olar ki, görülmür. Və bütün bunların məsuliyyəti məhz Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin rəisi Samir İsmayılovun üzərinə düşür. Çünki bu gün Şirvanda arxa hissəsi yerdə, ön hissəsi göydə, pərdəli maşınların sayı hesabı yoxdur. Yol polislərinin gözü qarşısında hərəkət edən bu cür avtomobillərə "dur" deyən tapılmır".
Bildiyiniz kimi, yol polisi işçiləri peşə vəzifələrinə uyğun olaraq sürücüləri qanunları pozmadığı halda saxlamamalı və əsassız yerə onları incitməməlidir. Buna baxmayaraq, Şirvan Şəhər Polis Şöbəsinin DYP bölməsinin yol polisləri sürücülərlə müəyyən edilmiş təlimat çərçivəsində rəftar etmirlər. Mənbə iddia edir ki, Şirvan şəhər DYP-sinin əməkdaşlarının fəaliyyəti sürücülərin daha çox narazılığına və narahatlığına səbəb olur: "Deyilənlərə görə, Şirvan şəhər DYP-sində dövlət himnini bilməyənlər "paqon" dayışır. Eyni zamanda, o da qeyd olunur ki, Samir İsmayılov yenicə Mayamidən istirahətdən qayıdıb. Görünür, DYP bölməsinin rəisi il boyu olduqca gərin işləyib və bu səbəbdən də yay aylarını uzaq Mayamidə keçirməyi qərarlaşdırıb. Maraqlıdır, o, ora nəyin hesabına gedib? Məgər, polis məvacibi ilə Mayamidə istirahət etmək mümkündür? Təbii, yox. O zaman bu məsələdə bir əmma var… Bu arada, onu da nəzərinizə çatdırım ki, Samir İsmayılovun göstərişinə əsasən qəza törətmiş, bankla mübahisəli durumu olan, eləcə də qayda pozmuş avtomobillər nədənsə "Atabank"ın Şirvan şəhər filialına gətirilir. Görəsən niyə?.."(Gündəlik Bakı)