Fazil Məmmədovun özünüxilas əməliyyatı
Tarix: 29-07-2015, 10:35 |
Çap et
Vergilər naziri Fazil Məmmədov düşdüyü vəziyyətdən çıxmaq üçün yollar axtarır. Vergi ödəyicilərinə sms göndərilməklə onlardan vergi müfəttişlərinin qanunsuz hərəkətləri haqda məlumat vermələri istənilir. Belə bir sms-müraciətin meydana çıxmasını 13 iyul müşavirəsindən sonra təbii qarşılamaq olar. Bunu nazirin özünüxilas əməliyyatının elementi kimi də qəbul etmək mümkündür. Bəs həmin müşavirədə Fazil Məmmədovun hədəfə gəlməsini şərtləndirən hansı addımları olub?
İndi məlum olur ki, naziri çətin vəziyyətə salan Avropa Oyunlarından əvvəl verdiyi göstərişlərdir. Vergilər nazirinin vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısını hazırlayıb onlara hücuma keçməsi onun özünün gizlinlərini ortaya çıxarıb. Oliqarxlardan biri israrla onun şirkətlərindən vergidən əlavə pul tələb edən vergi müfəttişlərinə tələb etdikləri vəsaitlərin ödənməsi tapşırığını verib. Digər tərəfdən isə vergi müfəttişlərinə ödənilən rəsmi və qeyri-rəsmi vəsaitlərin siyahısını hazırlatdırıb. Sonradan həmin siyahı yuxarılara təqdim edilib. Məlum olub ki, şirkətlərdən qeyri-rəsmi alınan külli miqdarda vəsaitlərin əhəmiyyətli hissəsi yoxa çıxıb. Bundan sonra qeyri-rəsmi olaraq digər şirkətlərdə də monitorinqlər aparılıb, sahibkarların ödədiyi vəsaitlərlə daxil olan vəsaitlərin uyğunluğu yoxlanıb. Ortaya kəskin fərqlər çıxıb. Bundan sonra vergilər naziri üçün qara zolaq başlayıb. Nazirin tutduğu postdan uzaqlaşdırılması da gündəmdədir. Fazil Məmmədova “itirilmiş” vəsaitlərin geri qaytarılması üçün vaxt verilib...
Yada salaq ki, iyulun 13-də prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə Vergilər Nazirliyinin fəaliyyəti ən sərt şəkildə tənqid olundu.
“Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm” - deyə, İ.Əliyev müşavirədə bildirmişdi.
Maraqlıdır ki, müşavirədən az əvvəl 2015-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat, Vergilər Nazirliyinin xətti ilə isə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olması haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vergilər Nazirliyi proqnoz tapşırığına 100,8 faiz əməl edib. Belə bir halda Vergilər Nazirliyinin kəskin tonlarla ittiham olunmasını təsadüf saymaq olarmı?
Deməli, ortada ciddi əsaslar olub. Məlum müşavirədə F.Məmmədovun özünün iştirak etməməsi də diqqətdən kənar qalmayıb. Belə məlumatlar var ki, F.Məmmədov müşavirədən az əvvəl kəskin şəkildə danlanıb. Bundan sonra onun səhhətində ciddi problemlər yaranıb. Hətta nazirin ürəyinin getməsi haqda məlumat da var. Bildirilir ki, buna görə müşavirə zamanı xoşagəlməz durumla üzləşməmək üçün Fazil Məmmədovu ora dəvət etməyiblər. F.Məmmədov həmin gün Qazaxda vətəndaşları qəbul etməyə göndərilib. Nazirin vətəndaşları qəbul edib dinləməsi yaxşıdır, amma prezident yanında müşavirəyə gəlməyib bu addımı atmaq hazırkı idarəçilik qaydalarına ziddir. Üstəlik, hələ iyun ayında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyulunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanmışdı və orada vergilər nazirinin qəbulunun iyulun 3-də baş tutacağı bildirilirdi...
Hazırda vergilər naziri düşdüyü durumdan çıxmaq üçün yollar arayır. Sms-müraciətlə vəziyyətdən çıxmaq olacaqmı?
Yeri gəlmişkən, Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasında vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov çıxış edib. Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirən nazir neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.
Kollegiya iclasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.