Rusiyanın bölgədəki iki əsas hədəfi – Azərbaycan və Gürcüstan...
Tarix: 28-07-2015, 11:44 |
Çap et
Rusiya özünün perimetri boyu “Yaxın xaric” ölkələrində hərbi cəhətdən möhkəmlənmək kursunu heç bir iqtisadi sanksiyaya məhəl qoymadan davam etdirir. Bu proses indi təkcə ilhaq edilən Krımda, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələrində, Dnestryanı ərazidə yox, həm də və ən önəmlisi, Güney Qafqazda - Ermənistanda, 102 saylı Gümrü hərbi bazasında intensiv şəkildə gedir.
Rusiya bu ərazilərdə hərbi parkını ən müasir sistemlərlə təzələyir, canlı qüvvə və texnikanın sayını artırır, çağırış sistemindən muzdlu orduya keçir.
Ötən sayımızda rusiyalı generalların - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Serqunun bir-birinin ardınca İrəvana səfər etməsinin mümkün motivləri haqda yazmışıq. Bu səfərlərdə aparıcı leytmotivin Rusiyanın işğal faktından istifadə edərək təkcə Ermənistanda deyil, bütövlükdə Cənubi Qafqazda möhkəmlənmək, Qərbi önləmək, ona hər hansı şans saxlamamaq olduğunu qeyd eləmişik. Həmçinin “İsgəndər” taktiki raket-komplekslərini Ermənistanda yerləşdirmək planlarının eyni hədəfə hesablandığını vurğulamışıq.
***
Belə görünür, Kreml strateqləri xarici siyasətin ənənəvi effektli və ən etibarlı vasitəsi kimi, xaricdə hərbi mövcudluğu gücəndirmək xəttinə heç vaxt olmadığı qədər önəm verməyə başlayıb.
“Bu gün Rusiya üçün əsas hədəflərdən biri Gürcüstan və Azərbaycandır”. Bu fikri axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. Onun sözlərinə görə, Rusiya bütün tərəfləri provokasiyaya çəkmək istəyir.
Sitat: “Rusiya üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi qəbuledilməz olaraq qalır. Bu isə o deməkdir ki, Moskva növbəti addımını atmaq üçün sadəcə, zamanın gəlməsini gözləyir. Bu gün Rusiyanın əsas hədəflərindən biri Gürcüstan və Azərbaycandır. Biri Avropa, digəri isə Asiya qapısı olan bu coğrafi bölgə ondan ötrü strateji önəm daşıyır. Rusiya beynəlxalq güclərlə mövqe mübarizəsində çox gerilədiyi üçün daxilinə çəkilərək, köhnə postsovet məkanında güclənmək istəyir. Bunun yolunu isə işğalda görür. Bizdə olan informasiyaya görə, Rusiya tarixdə ilk dəfə olaraq Ermənistan ərazisində ”Qafqaz 2015-2016" kod adı altında ən böyük hərbi və kəşfiyyat təliminə hazırlaşır. Bu yeganə təlimdir ki, orda, sadəcə, Müdafiə Nazirliyi əsgərləri deyil, həmçinin Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı kəşfiyyat qrupları, Daxili İşlər Nazirliyinə tabe qoşunlar iştirak edəcək".
Ekspertin əminliyinə görə, təlimlərdə bir məqsəd var: “Cənubi Qafqazı işğal etmək. Rusiyanın bu təlimi öz ərazisində deyil, məhz Ermənistanda keçirməsi buna işarədir. Bunun iştirakçı sayına görə ən böyük təlim olacağı da deyilir. Qərb artıq təlimlər barədə məlumatlıdır və Gürcüstan dövlətinə xəbərdarlıq edilib ki, istənilən təxribatçı addımdan uzaq dursunlar. ABŞ istəyir ki, Gürcüstanı bu təhlükələrdən qorumaq üçün onun Alyansa qəbulunu sürətləndirsin. Bu baş verəcəyi halda Rusiyanın Cənubi Qafqazı işğalı mümkünsüzdür. Rusiya isə Gürcüstanı alyansa qəbulundan öncə işğal etmək niyyətindədir. Artıq tərəflər açıq şəkildə prosesdən xəbərdardırlar. Əgər 2016-cı ildə NATO Gürcüstanla bağlı əsaslı qərar qəbul etməsə, o zaman Rusiyanın müdaxilə imkanı genişlənəcək”.
***
Qeyd edək ki, bu arada Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Gürcüstanın NATO-ya üzv olmayacağı təqdirdə bunun Tiflis üçün əsl faciəyə çevriləcəyini bildirib. “Bir sıra islahatları və öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Gürcüstan hələ də NATO-ya üzvlüklə bağlı Qərbdən dəqiq cavab almayıb. Gürcüstan NATO-ya üzv olmasa, bu, onun üçün faciə demək olacaq. Ukraynadakı hadisələrin inkişafı nikbinlik üçün əsas yaratmır. Rusiyanın təhdidləri təkcə Tiflisə, Kiyevə, Bakıya və ya İrəvana yox, Vaşinqtona, Brüsselə, bütövlükdə Qərbə qarşı yönəlib” - bildirib Xidaşeli.
Nazir əlavə edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyə hazırlaşmır, “ona görə də NATO və Avropa Birliyi bu gün hərəkət etdikləri kimi hərəkət edə bilməzlər”. Müdafiə naziri alyansın gələn il Varşavada keçiriləcək sammitində Tiflisin Qərbdən “dəqiq cavab” gözlədiyini də vurğulayıb.
Maraqlıdır ki, bir neçə gün öncə gürcü ekspertlərindən biri erməni portalına müsahibəsində gürcülərin Gümrü hərbi bazanı ölkənin müstəqilliyinə arxadan real təhlükə saydıqlarını və bu bazaya görə narahat olduqlarını bildirmişdi.
Onu da yada salaq ki, bu günlərdə Rusiyanın dəstəyi ilə Gürcüstanın iki kəndi alınaraq Cənubi Osetiyaya qatılıb. Nəticədə Qərbin layihəsi olan Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiyanın tərkibinə daxil olub, rusların nəzarəti altına düşüb. Eyni vaxtda Ermənistan özünə aid istiqamətdə Gürcüstanın 10 hektar ərazisini zəbt edib. Əksər analitiklərə görə, Moskvanın bu addımlarında da məqsəd Gürcüstana təxribata çəkib işğal eləməkdir.
***
Rusiya hətta öz satelliti və forpostu Ermənistan sarıdan da arxayın deyil. İrəvanda son kütləvi etirazlar zamanı Gümrüdəki hərbi bazanın Ermənistan rəhbərliyinə xəbərdarlıq eləmədən ətraf ərazilərdə hərbi təlimlərə başlaması bunun bir anonsu idi.
Hər şeydən, o cümlədən ekspertlərin SOS siqnalından göründüyü kimi, Kreml deyəsən Güney Qafqazın tam işğalına yönəlik son hazırlıqlar içindədir. Əsas hədəf də Gürcüstan və Azərbaycandır.
Sonda əlavə edək ki, bənzər xəbərdarlıqlarla nüfuzlu amerikalı politoloq və sovetoloq Zbiqnev Bzejinski də dəfələrlə çıxış edib.