AŞ PA sessiyasında Qərb-Azərbaycan atışması
Tarix: 25-06-2015, 10:22 | Çap et
AŞ PA sessiyasında Qərb-Azərbaycan atışması
İyunun 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycandakı repressiyalarla bağlı qətnamə qəbul edib. Sənədi AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) hazırlayıb.

“Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamədə Azərbaycanda insan haqlarının durumu kəskin tənqid olunur, ölkədə repressiyaların gücləndiyi, tənqidçi jurnalist və blogerlərin, hüquq müdafiəçilərinin həbs edilməsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirilir.

“Azadlıq” qəzeti yazır ki, Pedro Aqramunt çıxışında sənədi hazırlayarkən Azərbaycan hakimiyyətinin basqıları ilə üzləşdiyini deyib: “Qarşısıalınmaz təzyiqlərlə üzləşdim. 25 illik siyasi fəaliyyətim dövründə düşünməmişdim ki, insanlar bu qədər uzağa gedə bilər. Bu, siyasi karyeram ərzində hazırladığım ən ağır sənəddir”.

Digər həmməruzəçi Tadeuş İvinski qətnamə layihəsini “AŞ PA üzvü olduğu 20 il ərzində hazırladığı ən ağır sənəd” adlandırıb: “Mövzu çətindir, mübahisələrə, emosiyaların qızışmasına səbəb olur. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkün var. İstəsək də, istəməsək də bu məsələ digər problemlər üzərində dominantlıq edir. Bu, acı həqiqətdir”.

Müzakirələr zamanı Avropalı deputatlar Azərbaycanda insan haqlarının durumundan ciddi narahatlıq keçirdiklərini və təcili tədbirlər görülməsinə tərəfdar olduqlarını bildiriblər. “Azadlıq”ın verdiyi xəbərə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səslənən iradlar qarşısında emosional çıxış edib: “Azərbaycanı tənqid etdiyiniz bəsdir! Bəs niyə Dağlıq Qarabağda öldürülən valideynlərdən, yetim qalan uşaqlardan danışmırsız? Siz bizdən insan haqları sahəsində öhdəliyi yerinə yetirməyi tələb edirsiz, özünüz də öhdəliyinizə əməl edin. Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrinə baxsınlar. Biz Avropa Oyunları keçirməyə namizədliyimizi verəndə əvvəlcə heç kim etiraz eləmədi. Amma sonra müəmmalı şəkildə tənqidlər başladı. Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır, 1 milyona yaxın qaçqınımız var. Bundan niyə danışmırsız? Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələyirsiz. Nəyə nail olmaq istəyirsiz?”

AŞPA-nın norveçli deputatı Lize Kristoffers isə öhdəliklərini yerinə yetirməyən Azərbaycanın nəyə görə quruma üzv olduğu ilə maraqlanıb: “Azərbaycanda demokratik institutların fəaliyyəti” yox, “fəaliyyətsizliyi” müzakirə olunmalı idi. Azərbaycanda tənqidçi hüquq müdafiəçilərini, jurnalistləri, fəalları türməyə saldılar. Azərbaycanda vəziyyət kritikdir. Bu ölkə 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Başa düşə bilmirəm, öhdəliklərə əməl etməyəcəkdisə, niyə üzv olurdu?”

Müzakirələrin gedişində sənəddəki “Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 rayon” ifadəsi “Dağlıq Qarabağ münaqişəsi barədə” ifadəsilə əvəzlənib. Sənədə siyasi məhbusların azadlığa buraxılması tələbi də əlavə olunub.
Səsvermədə qətnamə 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla qəbul edilib.



Qəbul edilən qətnaməni “Yeni Müsavat”a şərh edən MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyir ki, bu, Azərbaycana qarşı gözlənilən silsilənin davamıdır: “Avropa Parlamenti, ardınca Almaniya Bundestaqı, indi də Avropa Şurasında Azərbaycanla bağlı tənqidi sənədlər qəbul edir. Ölkədə insan haqları ilə bağlı problemlərin olması Qərbə Azərbaycan hakimiyyətinə basqı göstərməyə imkan yaradır. Ancaq ölkədəki problemlər həllini tapsaydı belə, bu basqı olacaqdı. Çünki bu bir siyasətdir. Təbii, problemlərin çözülməməsi təəssüf yaradır. Tofiq Yaqublunun həbsdən azad edilməməsi, digər problemlərin həllini tapması həm də onu göstərir ki, Azərbaycan Avropadan gələn mesaj olduğu üçün bu məsələdə inad edir. Ancaq hakimiyyət buna daxili mesaj kimi baxmalı, vətəndaşların məhkəmələrlə olan problemləri çözülməlidir”.

Fazil Mustafanın fikrincə, AŞPA-dakı müzakirələr insan haqları probleminə görə narahatlıq ifadə edilməsindən çox, siyasi polemikadır: “Azərbaycan öz mövqeyində müəyyən mənada haqlıdır, çünki demokratiya və insan haqları məsələsindən daha önəmlisi təhlükəsizlik və sabitlik məsələsidir. Liviyanın, İraqın, Misirin nümunəsi göstərir ki, Avropanın istədiyi demokratiya deyil, özünün nəzarət edə biləcəyi xaosdur. Azərbaycanda da bu xaosu daha çox önə çəkirlər. İnsan haqları məsələsində xüsusi adların qabardılmasını, özlərinə yaxın olan isimlərin önə çəkilməsini də anlamaq mümkün deyil. İnsan haqları konteksində ümumi müzakirələr aparılmalıdır. Niyə yalnız Avropa qurumları ilə işləyənlərin, onların maraqlarına xidmət edənlərin adı daha çox çəkilir? Niyə başqalarına nisbətdə Tofiq Yaqublunun məsələsi arxa planda saxlanılır, heç müzakirələrdə də dilə gətirilmir? Bu məsələdə düşündürücü məqamlar var. Hər halda, bu birinci qərar deyil. Azərbaycan hakimiyyəti də Avropanın rəyini nəzərə almadan daxildə mümkün olanı etməlidir. Məsələn, Pərviz Həşimlinin həbsdə saxlanmasının nə mənası var? Bir sıra adlar var ki, onların saxlanması hakimiyyət üçün problem yaratmır, ancaq ümumi Azərbaycan üçün ad olaraq problem yaradırsa, geri çəkilmək mümkündür. Bu, Avropaya və onların xoş olmayan niyyətlərinə cavab olar”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, qətnamə rəsmi Bakı ilə Qərbin münasibətlərini daha da gərginləşdirəcək: “Azərbaycanın hakimiyyət mənsubları ölkəmiz üzrə keçmiş həmməruzəçilər olan Andreass Qrossla Andress Herkeli həzm etmirdilər, onların hesabatlarını qərəzli adlandırırdılar. Bu iki keçmiş həmməruzəçidən fərqli olaraq Azərbaycan hakimiyyətinin yeni həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskidən narazılığı yox idi. Əksinə Bakıya gələn bu həmməruzəşçilərlə müxalifət nümayəndələri görüşmək istəmirdi ki, guya onlar hakimiyyətin sifarişini yerinə yetirirlər. Ancaq sonra göründü ki, Pedro Aqramauntun və Tadeuş İvinskinin hazırladığı hesabat tənqidin miqyasına görə Andreass Qrosun və Andress Herkelin hesabatlarından geri qalmır. Bu ondan irəli gəlir ki, istənilən həmməruzəçi öz hesabatında AŞPA-nın mövcud standartlarından çıxış etmək məcburiyyətindədir”.



Elxan Şahinoğlu hesabatı Azərbaycanda baş verənlərə adekvat saydığını deyir: “Əvvəllər Milli Məclis üzvləri çıxışlarında deyirdilər ki, problem hər bir ölkədə var, bizdə də var, həll edəcəyik. İndi isə ritorika xeyli sərtləşib. Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun çıxışındakı bir cümlə diqqətimi cəlb etdi. Seyidov qətnamə layihəsi etiraz edərkən və Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən avropalı deputatlara cavabında bildirib ki, Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələməklə nəyə nail olmaq istəyirsiz? Mən bu sözləri belə anladım ki, rəsmi Bakı AŞPA-da sanksiyalarla üzləşməkdən və Rusiyanın durumuna düşməkdən qorxmur. Bəlkə də Azərbaycan hakimiyyətində kimsə düşünür ki, AŞPA-da Rusiya ilə Azərbaycan arasında bərabərlik işarəsinin qoyulması xeyrimizədir və bu amil Moskva ilə Bakının daha çox bir-birinə yaxınlaşmasına rəvac verəcək. Ancaq “Moskva ilə bu yaxınlaşmanın bizə nə xeyri var, bu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəkmi” sualına rəsmilərimiz də cavab verə bilmir. Çünki Moskva hələ də Ermənistanı və Dağlıq Qarabağ separatçılarını Azərbaycanla yaxınlaşmaqdan üstün tutur.

Qərb ölkələri, o cümlədən Avropa Parlamenti və AŞPA ilə qarşıdurmanı dərinləşdirmək Azərbaycanın maraqlarına uyğun deyil. Bizim əsas hədəfimiz işğal altındakı torpaqların boşaldılması məsələsində Qərbin və beynəlxalq təşkilatların dəstəyini qazanmaqdır. Məhz Avropa Parlamenti və AŞPA bir neçə dəfə Dağlıq Qarabağla bağlı Azərbaycanın torpaq bütövlüyü xeyrinə sənədlər qəbul edib. Bu elə qərarlardır ki, rəsmi Bakı da bu mövqeyinə görə həm Avropa Parlamentinə, həm də AŞPA-ya təşəkkürünü bildirib. İndi isə Azərbaycandakı daxili vəziyyətin qiymətləndirilməsinə görə hakimiyyətin bu qurumlarla münasibətləri kəskinləşib”.

E.Şahinoğlunun fikrincə, Azərbaycana qarşı belə sərt mövqenin yaranması hakimiyyətin sərt daxili siyasətindən qaynaqlanır: “Rəsmi Bakı Qərb dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycanın daxili işlərinə qarşımasını, digər tərəfdən təzyiq altında kimisə azad etmək istəmir. Ancaq reallıqdan da qaça bilmərik. Bu təşkilatlarla münasibətlər həbsdə olan siyasi və ictimai fəallara görə kəskinləşib. Yəni bu həbslər olmayasdı münasibətlər bu dərəcədə kəskinləşməzdi, AŞPA dünənki qətnamə layihəsini qəbul etməzdi, enerjimizi və diqqətimizi bu təşkilatlarla əməkdaşlıqda daha çox Qarabağa yönəldərdik. Azərbaycan AŞPA-ya üzv olduqdan sonra xeyli fəal azadlığa buraxıldı, siyasi məhbus mövzu bir müddət gündəlikdə düşdü. Ancaq indi Qərbdə hamı yenə bu haqda danışır. Qərb mətbuatında yazılan Azərbaycanla bağlı tənqidi məqalələrin də əksəriyyəti siyasi və ictimai fəalların həbsləriylə bağlıdır. Bu yazıları milyonlarla insan oxuyur və biz Qərbdə müsbət imic formalaşmağa çalışarkən əks nəticə ilə üzləşirik. 28 mayda əfv fərmanı verilsəydi vəziyyət qənaətbəxş olardı, Qərb liderlərinin və mediasının Avropa Oyunlarına marağı və diqqəti də fərqli olardı. Məhkəməsi olmayanların Azərbaycanı tərk etməmək iltizamı ilə sərbəst buraxılması vəziyyəti müsbətə doğru dəyişərdi. Banklara milyonlarla manat borcu olanlar Azərbaycanı tərk etməmək tələbi ilə həbsdən buraxılması praktikasının vergi borcu olan ictimai fəalların tətbiqinə ehtiyac var. Mənə o da aydındır ki, hakimiyyət təzyiq altında əvf fərmanı verməyəcək. Qərbdə də anlamalıdırlar ki, əgər siyasi və ictimai fəalların həbsdən buraxılmalarını istəyirlərsə, ortamı bir qədər sakitləşdirmək və Bakı ilə dialoqu genişləndirmək lazımdır. Bu hamının xeyrinədir. Konfrantasiya ritorikasından dialoqa keçmək lazımdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net