"Oazis" restoranı müştərisiz qalıb
Tarix: 19-06-2015, 11:12 |
Çap et
"Oazis" istirahət məkanı barədə ilginc məlumatlar səngimək bilmir. Avropa Oyunları ərəfəsində turistləri istirahət məkanına cəlb etmək üçün restoran rəhbərliyi dəridən-qabıqdan çıxır. Lakin əldə etdiyimiz məlumata görə, məlum olaydan sonra "Oazis" restoranına nəinki yerli vətəndaşlar heç əcnəbilər də gəlmir. Ona görə də restoran rəhbərliyi əl-ayağa düşüb ki, əyləncə mərkəzini əvvəlki şan-şöhrətini qaytarsın. Lakin əldə etdiyimiz məlumatlara görə, sözügedən restoran işçilərinin sayını minimuma endirib.
Oradan çıxan işçilər də oranın fəaliyyətindəki nöqsanlardan və çatışmazlıqlardan danışırlar. Restoran rəhbərliyinin işçilərinə qarşı qeyri-insani rəftarı, işçilərinin hüquqlarını tapdalaması, işçilərin əmək haqlarını kəsməsi orada çalışanların ciddi narazılığına əsas yaradıb. Hətta məlum olaydan sonra müştərilərini itirən "Oazis" restoranı işçilərinin çoxunu işdən çıxarıb.
Qeyd edək ki, "Oazis" restoranında bir müddət öncə yaşanmış biabırçı olay yəqin ki, çoxlarının yadından çıxmayıb. Əslində cinayət hadisəsi kimi qiymətləndirilməli olan qanlı davada istirahətə gələn ailəvi insanlar restoranın cangüdənləri tərəfindən fiziki təzyiqlərə məruz qalmış, bir neçə nəfər xəsarət almışdı. Sonradan məlum oldu ki, "Oazis" restoranının sahibi baş vermiş cinayət hadisəsini "bağlaya" bilib. İş polisdə olsa da, hansısa səbəbdən barışıq əldə edilib. Restoran sahibinin belə bacarıq sərgisi qarşısında əraziyə nəzarət etməli olan inzibati orqanların nümayəndələri nədənsə "əriyiblər". Təəssüf ki, ailəvi istirahətə yararsızlığını kiçik və orta xuliqanlıqlarla, dava-dalaşla dəfələrlə təsdiqləmiş "Oazis"in fəaliyyəti ilə bağlı araşdırmalar aparılmayıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət mərkəzi qanunsuz işlərə yol verir. Restoranda baş verən dava -dalaşdan sonra müvafiq qurumlar tərəfindən heç bir tədbir görülmədiyindən restoran rəhbərliyi meydanı boş görüb at oynadır. İstirahət mərkəzində baş verən özbaşınalıqlar restoran rəhbərliyinin obyekti başlı-başına buraxmasının göstəricisidir.
Özbaşınalıq da çox hallarda daha pis hadisələrin baş verməsinə gətirib çıxarır. Rəhbərlik isə bu cür halları görməzlikdən gəlir. Ümumiyyətlə, ən pis hadisələr nəzarətsizlikdən doğur. Rəhbərlik bu cür hadisələrin baş verməsinə şərait yaradır.
Əgər "Oazis"in rəhbəri Mirtalib Mirioğlu işində məsuliyyət hiss etsə, işçilərinə vaxtlı-vaxtında nəzarət etsə, bu cür pis hadisələr yaşanmaz. Rəhbərlik restoranı və işçiləri özbaşına buraxıbsa və məlum olaylardan sonra da işinə qarşı laqeyd münasibət sərgiləyirsə, bu restoranda bundan da betər hadisələrin yaşanacağını deməyə əsas yaradır. Ona görə də baş verən arzuolunmaz hadisələrdən nəticə çıxarmayan restoran rəhbəri qanun qarşısında cavab verməli və rəhbərlik etdiyi istirahət mərkəzinin fəaliyyəti dayandırılmalıdır. Əgər bunlar baş verməzsə, bu restoran rəhbərliyinin məsuliyyətsizliyi üzündən hələ çox insanlar ziyan çəkəcəklər. Hələ üstəlik də əcnəbiləri ora cəlb etməklə özlərini biabır etmək niyyətindədirlər.
Qeyd edək ki, Mirtalib Mirioğlunun paytaxtda başqa şadlıq sarayları da var. "Azəri" və "Röya" həmin şəxsə məxsusdur.