Ağsu fermerlərinin taxılı tarlada məhv olur – Nazirliyə qarşı ittihamlar
Tarix: 18-06-2015, 10:56 |
Çap et
Ağsuda kombayn çatışmazlığı səbəbindən kəndlilərin taxılı məhv olmaq üzrədir.
Bu barədə AzNews.az-a rayonun Bico kənd sakinləri şikayət ediblər. Onlar min bir əziyyətlə əkib, böyütdükləri məhsulun tarlada qaldığını, heç bir qurumun onların dərdinə əlac etmədiklərini deyirlər. Kənd sakinlərinin sözlərinə görə, rayon aqroservislərinə verilən kombaynlardan istifadə edə bilmirlər: "Regional servislərə kombaynlar veriblər. Amma rayon servislərinə verilməyib. Bizə kombaynı lizinq yolu ilə verirlər. Lizinqlə də götürəndə əvvəlcədən 10 % pulunu ödəməlisən. Bu da təxminən 9400 manat edir. Adi kəndlidə bu qədər pul haradandır axı? Ona görə də heç kim arpasını, buğdasını biçdirə bilmir. Camaatın məhsulu tökülüb qalıb, baxan yoxdur. Özü də keçən il qıtlıq oldu, toxumun kilosunu 30-40 qəpikdən aldıq. Əziyyətimiz, pulumuz havaya sovrulur”.
Kəndlilər deyir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə, regional aqroservis rəhbərliyinə də müraciət ediblər: "Nazirlikdən dedilər ki, bizdə statistik məlumatlar var ki, Ağsuda kifayət qədər texnika var. Demək ki, aqroservisə kombayn verilib, amma bunu kəndlilərə vermirlər. Ya da ki, aqroservis nazirliyə yalan məlumatlar verib. Ancaq böyük taxıl sahələri olan fermerləri kombaynla təmin edirlər. Kimin ki, 100-200 hektar torpağı var, onlara biçmək üçün kombayn verilib. Amma kiçik fermerlər əlacsız qalıb”.
Məsələ ilə əlaqədar Qobustan Aqroservisin rəhbəri Həsənağa Hüseynovla əlaqə saxladıq. H.Hüseynov kəndlərə kombaynların növbə ilə verildiyini bildirdi: "Ağsu rayonunda 37 kənd var. Bu 37 kənddə də 26 ədəd kombayn var. Biz hər kəndə 1 kombayn göndərmişik. O kəndlərdə ilk növbədə arpa biçini gedirdi və artıq başa çatdırmışıq. İndi keçmişik buğda biçininə. Kəndlərdə hazırda buğda biçini gedir. Sadəcə olaraq kəndlərdəki biçinlər növbə ilə olmalıdır. Bico rayonun dağa yaxın və ən axırıncı kəndi olduğundan növbə bir az gec çatıb. Hazırda orada 4 ədəd kombayn işləyir”.
H.Hüseynovun sözlərinə görə, kəndlilər kombayn işçilərinin məvacibini vermək istəmədikləri üçün belə qarmaqarışıqlıq yaradırlar: "Faktiki olaraq sizə müraciət edən insanlar həmin kənddə olan kombaynçıların pulunu ödəmədiyi üçün müəyyən söz-söhbətlər yaradırlar. Buna baxmayaraq biz o kənddə taxıl biçinini 2-3 günə başa çatdıracağıq”.
Bico sakinləri isə H.Hüseynovun dediklərinin əsassız olduğunu, məhsullarını yığa bilmədikləri təqdirdə məhkəməyə üz tutacaqlarını bildiriblər.