Sakinlər icra başçısından reaksiya gözləyirlər
Tarix: 17-06-2015, 11:59 |
Çap et
Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi, 22 nömrəli binanın sakinləri- Heybətov Sahib Cavanşir oğlu, Babayeva Fəxriyyə Tofiq qızı, Hüseynova Qəmər Mirzağa qızı, Xəlilov Dünyamalı Əli oğlu, İbrahimov İsmət İsrafil oğlu, Vəliyeva Xalidə Cəmil qızı, Çatujeva Simçaq Vavajevna, Əlmərdanov Nəcəf Əlpaşa oğlu, Qədirov Turan Vidadi oğlu, Məmmədova Gülzar Vəli qızı, Abbasova Sahibə İlyas qızı, Məmmədova Qızxanım İsrafil qızı, Hüseynova Cəmilə Bəylər qızı, İsmayılova Sevinc Abdulla qızı, Cəlilova Mariya Mahmud qızı, Musayeva Fərxanə Rəhim qızı, Bağırova İradə Qüdrət qızı, Bağırov Faiq Ramiz oğlu, Quliyeva Adilə Təyyar qızı, Cəfərova Aləmzar Kərəm qızı, Təhməzov Mürsəl Kamil oğlu, Vəliyev Səxavət Əli oğlu və Vəliyev Ruslan Səxavət oğlu yenidən redaksiyamıza müraciət ediblər.
Xatırladaq ki, adıçəkilən şəxslər bir müddət əvvəl də redaksiyamıza müraciət edərək icra başçısı Adil Vəliyevin qanunsuz əməllərinə etirazlarını bildirmişdilər. Məsələdən xəbəri olmayanlar üçün qısaca vurğulamaq istəyirik ki, 2014-cü ilin iyun ayından qeyd olunan ünvanda imkanlı şəxslər tərəfindən tikinti işləri aparılmağa başlayıb. Sakinlərin bildirdiyinə görə, bu məqsədlə ərazidə yerləşən park məhv edilib və yüzlərlə ağac qeyri-qanuni olaraq kəsilib. Onlar ağacların kəsilməsinə etirazlarını bildirsələr də, tikintini aparan şəxs, habelə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi buna əhəmiyyət verməyib. Qeyd edək ki, məsələ qəzetimizdə ictimailəşəndən sonra Fövqəladə Hallar Nazirliyinin və Sabunçu İcra Hakimiyyətinin nümayəndələri əraziyə səfərbər oldular, tikinti işləri dayandırıldı. Əhməd bəy Ağayev küçəsi 22 saylı binanın sakinləri buna görə çox sevindilər və fikirləşirdilər ki, məsələnin böyüməsi onların xeyrinə həllini tapacaq, daha dəqiq desək, qanunsuz ucaldılmış 5 mərtəbəli fərdi yaşayış sahəsi söküləcək. Lakin hər şey əksinə olub. Belə ki, yenidən redaksiyamıza müraciət edən bina sakinləri tikinti işlərinin davam etdirildiyini söylədilər: "Bu adamlara heç nə təsir etmir. Onlar üçün qanun boş şeydir. Aidiyyəti qurumların nümayəndələri gəlib 1-2 gün işi dayandırdılar. Biz bilirdik ki, bu gözdən pərdə asmağa hesablanıb. Üstündən bir neçə gün keçəndən sonra tikinti işləri yenidən start götürdü. Tikintiyə nəzarət edən şəxslər bizə deyir ki, hara şikayət etsəniz də faydası olmayacaq, çünki biz pulumuzu verib işimizi görürük. Əsas istiqamət olaraq isə Sabunçu İcra Hakimiyyətini göstərirlər. Əslində, biz həmin adamlarda bir qəbahət görmürük. Tikintiyə icra başçısı səviyyəsində icazə verilib. Bunu təsdiq edən konkret sənəd-sübut da var. Etiraz edən kimi torpağın sahibi başçı tərəfindən verilən sənədi bizə göstərir. Eldar Aslanova məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə haqqında 01 sentyabr 2014-cü il tarixli, 14u-660 nömrəli Sabunçu Rayon İcra Hakimiyyəti başçısının məktubu verilmiş, fərdi yaşayış evinin layihəsi rayon icra hakimiyyətində razılaşdırılmışdır. İcra hakimiyyətinin rəhbərliyi vaxtında həmin layihəni təsdiq etməsəydi, bu gün biz belə haqsızlıqla üz-üzə qalmazdıq. Burda yaşayan insanların çoxu maddi cəhətdən imkansız adamlardır. O qədər pulumuz yoxdur ki, yayda gedib hardasa istirahət edək. İstirahət yerimizi əlimizdən aldılar, illərdir qulluq etdiyimiz ağacları kəsib-doğradılar. Belə özbaşınalıqlara necə susaq?". Narazı vətəndaşlar deyir ki, özlərini birtəhər sakitləşdirib hələlik etiraz etmirlər: "Bilirsiniz ki, hazırda ölkəmizdə qitənin ən böyük idman yarışı sayılan Birinci Avropa Oyunları keçirilir. Oyunların açılış mərasiminə baxanda bir vətəndaş kimi qürur hissi keçirdik. Cənab prezident bu qədər işlər görüb, ölkəmizin inkişafı üçün böyük əziyyət çəkir, Azərbaycanı qələbədən qələbəyə aparır. Əfsuslar olsun ki, işini bilməyən bəzi məmurlar, o cümlədən Adil Vəliyev həyata keçirilən müsbət tədbirlərə kölgə salmağa çalışır. Birinci Avropa Oyunlarını nəzərə alıb daha sərt formada etiraz etmirik. Yəni istəmirik ki, hansısa xarici turist bizim küçəyə çıxıb etiraz etdiyimizi görsün. Belə işlər ölkəmizin imicinə zərbə vura bilər. Biz bunu başa düşürük. Əsas narahatlığımız digər yaşıllıqların da təhlükə altında olmasıdır. Son bir neçə gündür ki, bəzi şəxslər binamızın yaxınlığındakı ağaclarla əhatə olunan sahəyə baxış keçirirlər. Deyəsən, icra hakimi oranı da kiməsə satılıb. Qəzet vasitəsilə Adil müəllimə demək istəyirik ki, səbrimizin bir həddi var. Sonda bina sakinləri bizdən ərazidə çəkiliş aparmağımızı xahiş etdilər. Biz isə öz növbəmizdə onların xahişini nəzərə alıb yaxın günlərdə qeyd olunan ünvandan geniş reportaj hazırlayacağıq. Bizi izləyin.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
«Gündəlik Bakı»