“Bandotdel” villasını atıb qaçan məmur-milyonçuları tapdı
Tarix: 6-06-2015, 06:52 |
Çap et
Bakının Səbail rayonunda “Dostluq” parkının ərazisinin qanunsuz yollarla ələ keçirilməsi və burda milyonluq villaların tikilməsi ilə bağlı məsələni Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (MCQMİ) araşdırmağa başlayıb
Bu barədə AzPolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, ərazidə torpağı və villası olan onlarla vətəndaş idarədə dindirilib, onların təqdim etdikləri sənədlər araşdırılıb. Məqsəd ərazini kimin və necə satmasını, ən əsası, buradakı milyonluq villaların və torpaq ərazilərinin əsl sahiblərini müəyyənləşdirməkdir. Bizə daxil olan məlumatlara görə, parkın zəbt olunmasının arxasından, Hacıbala Abitalıbovun da dediyi kimi, “elə-belə adamlar” çıxmayıb. Məsələn, hasarlanmış hektarlarla ərazinin qüdrətli generalın bacısı oğluna məxsus olduğu müəyyənləşib.
Məlumata görə, artıq yekunlaşmaq üzrə olan araşdırmaların nəticələri Prezidentə məruzə olunacaq.
Xatırladaq ki, indiyədək “Dostluq” parkı ərazisində 42 villa sökülüb. Bu söküntü işləri Prezident İlham Əliyevin göstərişi ilə başlayıb.
İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bu barədə danışarkən demişdi:
“Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər – ilk növbədə onlar nümunə olmalıdırlar”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə məsələ ilə bağlı bu yaxınlarda bunları bildirmişdi:
“Prezidentin göstərişi ilə villaların söküntüsünə qərar verilib, indi də proses davam edir. Sənədlərdə villaların sahibi olaraq ayrı-ayrı adamların adları qeyd olunub. Amma bu günə qədər nə sənəd sahibləri, nə də onların arxasında duran şəxslər üzə çıxır. Ona görə də biz söküb yerə qoyuruq ki, hamısına dərs olsun. Sənədlərdə adı olan şəxsləri çağırtdırmışıq, amma onlar gəlmək istəmirlər, bildirirlər ki, “nə edirsiz edin””.
Mer bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini də açıqlamışdı:
“Biz müraciət etmişik, araşdırmalar aparılır, lazımi ölçü götürüləcək”.
Hacıbala Abutalıbov “Tikinti işləri aparılan zaman hansı səbəbdən onlara mane olmayıblar” sualına cavabda etiraf etmişdi ki, həmin şəxslərə mane ola bilməyiblər: “Çünki onların arxasında elə-belə adamlar durmayıb. Sözsüz ki, məsələ dəqiq surətdə araşdırılacaq və onlar layiqli cəzalarını alacaqlar. Biz sökürük, qabağa çıxıb “dayanın!” demirlərsə, deməli, həddindən artıq imkanlı olan şəxslərdir”.
Görünür Hacıbala Abutalıbovun villaların sahiblərini “müəyyənləşdirmək cəhdi” nəticə vermədiyindəndir ki, Prezidentin tapşırığı ilə bu məsələni də “Bandotdel” araşdırmağa başlayıb. Şübhə yoxdur ki, Bakı Şəhər İcra Hakimiyyətindən fərqli olaraq, “Bandotdel”də bu işi çox qısa zamanda araşdıracaq və villaların, hasarlanmış torpaqların əsl sahiblərini asanlıqla müəyyənləşdirəcəklər.