Sabiq məmurun tükürpədən əməlləri...
Tarix: 2-06-2015, 10:51 | Çap et
Sabiq məmurun tükürpədən əməlləri...
Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi, 145 saylı binanın sakinləri, "Volbak-H" MTK-nın payçıları- Rzayev Ramiz Tələt oğlu, Bayramova Arzu, Qayıbova Fədayə, Əhədova Afət, Abdullayeva Sima Zəhra qızı, Davudov Yaşar Azad oğlu, Davudova Xoşqədəm (şəhid ailəsi), Xamiyev Rəşad Nərçə oğlu, Əhmədov Zamiq, Kazımov Adil Arif oğlu, Əsədov Anar Mahid oğlu, Hüseynova Təranə Həbib qızı və Hacıyeva Sevinc Nemət qızı redaksiyamıza şikayət məktubu göndəriblər.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft Kəmərləri İdarəsinin keçmiş rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü Rizvan Vahabovun özbaşına əməllərindən şikayətçidirlər. Məktub müəllifləri yazır ki, iş adamı Rizvan Vahabovun qanunsuz əməllərinin nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulub: "Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443-cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində "Günəş" İKF-ya təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan "Volbak" MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir". Tikintini aparan "Volbak-H" MTK şikayətçilərlə müqavilə bağlayıb və vətəndaşlar tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər. Şikayətçilər daha sonra yazır ki, "Günəş" İKF Rizvan Vahabovun 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirilib: "Buna baxmayaraq, "Günəş" İKF keçmiş rəis tərəfindən idarə olunur. Daha əvvəl isə bu şirkət sabiq məmur tərəfindən başqa bir sahibkardan qeyri-qanuni yolla alınıb. Sözün həqiqi mənasında milyonçu olan keçmiş məmur sərmayəsinin və mülklərinin böyük bir hissəsini qayınanasının adına rəsmiləşdirərək idarə edir. Rizvan Vahabovun Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villaları məhz 80 yaşlı Anna Qoloveşkinanın adına sənədləşdirilib. Lakin bütün bu varidatlar keçmiş rəisin mal varlığının heç də hamısı deyil. O bütün bu vəsaitləri ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəisi işlədiyi zaman dövlət vəsaitlərini mənimsəməklə əldə edib. Elə bu üzdən də tutduğu vəzifədən azad olunub. Amma buna baxmayaraq, hamilərinin səyləri nəticəsində cinayət məsuliyyətindən yaxa qurtararaq milyonlarını qoruyub saxlaya bilib. Onun adı həmçinin "AzərRoss" cinayətində hallanıb. Cinayətin sifarişçisi olaraq həbs olunan Hümmət Məmmədovun, cinayətin qurbanı Əflatun Piriyevin və "Avesta" Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim İbrahimovun şərikli biznesi olub. Yuxarıda adı çəkilən "Volbak" MMC-nin və "Volbak-H" MTK-nın təsisçiləri "AzərRoss" cinayətində öldürülən Əflatun Piriyev və Rizvan Vahabov olublar. Əflatun Piriyev öldürüldükdən sonra isə onun biznes ortağı təsisçiliyi qayınanasının adına keçirib. Bundan sonra isə digər payçılarla bağlanmış müqavilələrin qüvvədən düşməsi haqqında saxta sənəd əldə edib. Məsələ ilə bağlı çoxsaylı məhkəmə proseslərinin keçirilməsinə baxmayaraq, mülkiyyət hüquqlarımız bərpa olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2013-cü tarixli 17297/17471 saylı rəyində Anna Qoloveşkinanın "Volbak" MMC-nin hesabına köçürdüyü 3 482 000 manat və 200 000 ABŞ dolları ilə bağlı kassa-mədaxil orderi saxta elan olunsa da, payçıların mülkiyyət hüququ məhkəmə tərəfindən təmin olunmayıb". Payçılar bildirirlər ki, Qoloveşkina Anna Sergeyevna Yasamal Rayon Məhkəməsinin vasitəsilə onların mülkiyyətlərinə qanunsuz həbs qoydurub: "Məhkəmə hakimi ilə birləşən həmin qadın bizə əməlli-başlı divan tutdu. O, Yasamal Rayon Məhkəməsində bir müddət öncə saxta iddia qaldırdı, indiyə qədər mülkiyyət hüququmuzu pozur. Əlində heç bir hüquqi sənədi olmayan bu qadının əsassız ərizəsi və vəsatətləri əsasında neçə müddətdir ki, mülkiyyətimizə həbs qoyulub və bunun nəticəsində mülkiyyət hüququ ilə bizə məxsus olan əmlaklarımız üzərində sərəncam verə bilmirik. İşin gedişində həmin vaxt Yasamal Rayon Məhkəməsinin hakimi işləmiş şəxs bizim heç bir ərizəmizi, vəsatətlərimizi, etirazlarımızı qəbul etmədi. Hakim faktiki olaraq həmin qadına vəkillik etməklə məşğul idi. Heç bir vəsatətimizi təmin etməyən hakim öz təşəbbüsü ilə yaşlı qadına sübutlar toplamaqla məşğul oldu. Hakim Rizvan Vahabovla həmyerli olduğundan işi birtərəfli araşdırdı". Narazı vətəndaşların dediyinə görə, bir illik məhkəmə çəkişməsindən sonra hakim iddiaçının saxta iddiasını təmin etmək istəyib: "Biabırçı məhkəmə prosesinə dözməyib zalı tərk etdik. Bütün bunlara bəlkə də dözmək olardı. Amma sonuncu məhkəmə iclasında hakim göz görə-görə bütün hüquq normalarını aşkar və kobud surətdə pozdu. O hakim etikasına sığmayan bir hərəkət etdi. Təsəvvür edin, bir il ərzində işi mahiyyəti üzrə araşdırmayan, tərəfləri dindirməyən, yalnız qarşı tərəfə saxta və dolayısı sübutlar toplamaqla məşğul olan hakim birdən-birə işin yekunlaşdığını bildirdi. Bununla çəkişmə prinsipini pozaraq bizim məhkəmədə özünü müdafiə hüququmuzu tanımadı. Nə bizi, nə də vəkillərimizi dinləmədi. Onun qərəzli hərəkətinə etiraz olaraq məhkəmə zalını tərk etdik. Sabiq məmur min bir əzab-əziyyətlə aldığımız əmlakları öz havadarlarının köməyi ilə bizdən qoparmağa çalışır. Həmin əmlakın dəyərini tam olaraq ödəmişik. Əlimizdə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı var. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlə əlaqədar qəbul olunmuş qərarda göstərilib ki, A.S.Qoloveşkina adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri həqiqətən də, saxtadır. Bu qadın tərəfindən "Volbak" MMC-yə bir qəpik belə ödənilməyib. Lakin buna baxmayaraq o, eləcə də kürəkəni qanuni əsası olmayan müqavilələrdən istifadə edərək bizə hədə-qorxu gəlirlər. Əmlakımızı Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun qəbul etdiyi qanunsuz qətnamə əsasında əlimizdən almaq istəyirlər. Hakim qəbul etdiyi qətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bizə verdiyi çıxarışları ləğv etdi və əmlakımız A.S.Qoloveşkinanın tabeliyinə keçdi. Ədalətli, təmiz mövqeli məhkəmə hakimlərinə sonsuz güvənimiz olsa da, ayrı-ayrı yarıtmaz şəxslərin məqsədli fəaliyyəti dövlətçiliyimizin təməl ideyalarına xəyanət kimi qiymətləndirilməlidir. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Qəzetiniz vasitəsilə cənab prezidentdən və digər səlahiyyətli dövlət qurumlarının rəsmilərindən kömək istəyirik. Xahiş edirik ki, hüquqlarımızı pozan, əmlakımızı özbaşına olaraq ələ keçirən Rizvan Vahabovu, onun qayınanasını və bu adamlara havadarlıq edən hakimləri cəzalandırsınlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net