Etibar Pirverdiyevin daha bir səlahiyyəti alındı
Tarix: 28-04-2015, 10:35 | Çap et
Etibar Pirverdiyevin daha bir səlahiyyəti alındı
Prezident İlham Əliyevin «Azərenerji”nin önəmli səlahiyyətlərinin yeni yaradılan "Azərişıq” ASC-ə həvalə edilməsi barədə sərəncamından sonra, «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevin ətrafının «budanması» davam edir.

Vertikal.az Strateq.az-a istinadən xəbər verir ki, hazırda Etibar Pirverdiyevin rayon şəbəkələrinə rəhbərlik edən kadrlarının ard-arda "vurulması”na paralel olaraq, özünün də səlahiyyətləri günü-gündən məhdudlaşdırılır:

"Hazırda "Azərişıq”ın sərəncamına verilən rayon şəbəkələrinin əksəriyyətindən Etibar Pirverdiyevin vaxtı ilə təyin etdiyi rəislər uzaqlaşdırılıb. Yeni qurumun rəhbərliyi bununla yanaşı, Etibar Pirverdiyevin prezident sərəncamına qədər səlahiyyətində olan aşağıgərginlikli elektrik xətlərinin çəkilişi işlərini də öz nəzarətlərinə alıb. Bu günlərdə isə "Azərişıq”ın baş direktoru Baba Rzayev ölkənin elektirk enerjisi sahəsini kabel və digər materiallarla təmin edən "Sumqayıt TexnoPark”ı da "Azərenerji” prezidentinin nəzarətindən almağı bacarıb”.

Strateq.az-ın xəbərinə görə, Etibar Pirverdiyevə ən böyük zərbə isə ölkənin enerji sahəsində stansiya tikintisindən tutmuş, bütün xətt çəkilişlərinə qədər işləri tendersiz həyata keçirən "Azenco” ASC-nin də "oyundankənar" vəziyyətə qoyulması sayıla bilər:

"Etibar Pirverdiyevin əsas qazanc yeri sayılan bu ASC "Azərişıq” tərəfindən bütün sahələrdən artıq tam uzaqlaşdırılıb. Pirverdiyevi səksəkəyə salan digər bir məqam isə onun bir neçə ay əvvəl həbs etdirdiyi bildirilən "Azenco” ASC-nin Yüksək Gərginlikli Elektrik Xətlərinin Çəkilişi İdarəsinin rəisi Etibar Babayevin azadlığa buraxılmasıdır. "Azərenerji”də qorxurlar ki, bu adam mətbuat konfransı keçirərək, baş verən bütün gizlinləri cəmiyyətə açıqlaya bilər.

Məlumat üçün bildirək ki, Etibar Babayevin rəisi olduğu idarə Etibar Pirverdiyev tərəfindən struktur islahatı adıyla ləğv edilib və bundan az sonra onun həbsi "maraqlı forma"da həyata keçirilib. "Azerenerji”də gəzən söhbətlərə görə, Etibar Babayev yeni vəzifə üçün "Azenco” ASC-nin sədr müavininin otağında rüşvət verərkən həbs olunub. Amma ondan savayı kimsənin saxlanılmaması ortaya şübhələr çıxarıb. Məhz bu da onun həbsinin əvvəldən "Azərenerji” rəhbərliyi tərəfindən planlandığı haqda söz-söhbətlərə rəvac verib. Yəqin elə buna görədir ki, Etibar Babayevin azadlığa çıxmasından ciddi narahatlıq keçirənlər var...”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net