“Əşyalardan yoluxma haqqında ehtimallar olsa da, sübut olunmayıb” - İnfeksionist
Tarix: 10-08-2020, 13:53 | Çap et
“Əşyalardan yoluxma haqqında ehtimallar olsa da, sübut olunmayıb” - İnfeksionist

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına görə, bir çox fəaliyyət sahələri kimi kitabxana və kitab dükanları da açılmadı. Bir sıra kitab dükanları onlayn fəailiyyət göstərsə də, bir çoxunun belə bir imkanı yoxdur. Təbii ki, bu da kitabsevərləri çətin vəziyyətdə qoyub.

Ötən həftə “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət ünvanlamışdı. O, müraciətində kitabxana və kitab dükanlarının açılmalı olduğunu bildirirdi. Kitabsevərlər də düşünür ki, onsuz da pandemiyadan əvvəlki dönəmdə də kitabxana və kitab dükanlarında sıxlıq yaşanmırdı. Yəni, karantin şəraiti nəzərə alınaraq, müəyyən qaydalar tətbiq etməklə bu sahədə yumşaltmaya gedilməli və kitabsevərləri, çörəyi kitabdan çıxanları sevindirmək lazımdır.

Məsələ ilə bağlı AYNA-ya danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov isə belə düşünmür. O fikirdədir ki, Operativ Qərargahın göstərişlərinə riayət etmək lazımdır.

“Mənim münasibətim belədir ki, Operativ Qərargahın göstərişlərini tək nəzərə almaq yox, həm də onlara riayət etmək lazımdır. Ona görə ki, burada söhbət geniş, ciddi təhlildən sonra çıxarılan qərarlardan gedir. Kim istəməz ki, kitabxanalar, kitab dükanları, məktəblər açılmasın? Amma istəmək ayrıdır, reallıqla hesablaşmaq ayrı. Ona görə də Operativ Qərargah bir neçə nəfərin, müəssisənin maraqlarını ifadə etmir. Orada hökumətin ümumi təhlilləri nəticəsində gəlinən qərarlar verilib. Sözsüz-söhbətsiz bunlara əməl etmək lazımdır. Çünki hazırda fəaliyyəti dayandırılan sahələr nə qədər əhəmiyyətli olsa da, cəmiyyətin sağlamlığı, həyatı, səhhəti daha əhəmiyyətlidir. Bu, dəfələrlə deyilib və düşünürəm ki, bununla zarafat etmək olmaz”, - deputat deyib.

“Üç-beş və ya çox adamın nəyisə deməsi ilə bu işlər həll olunmur. Axı, onların məsuliyyəti yoxdur. Onlar hər hansı məsələni nəzərə alır, amma o biri, daha ciddi məsələləri nəzərə almırlar. Verilən qərarlar dünyada gedən proseslərlə uyğunlaşdırılır. Eyni zamanda da ölkə daxilində ciddi təhlillər aparılır. Ciddi təhlillər və mütəxəssislərin rəyləri ilə bunlar müəyyənləşdirilir. Hər halda müəyyən yumşalma var. Təbii ki, yumşalma olduqca da müəssisələrin açılması üçün şərait də yaranır. Amma yenə də burada özfəaliyyət göstərmək və bu özəaliyyət üçün təşəbbüs göstərmək özünü doğrultmur”, - Cəfərov bildirib.

“Kitabxanalar və kitab dükanları hansı epidemioloji əsaslara görə açılmadı?” sualı ilə Operativ Qərargaha müraciət etəsək də cavab ala bilmədik. Əvəzində infeksionist həkim Nəzrin Mustafayeva bildirdi ki, əşyalardan yoluxma haqqında çox az fakt var: “COVID-19 respirator yolla yoluxur. Əşyalardan yoluxma haqqında ehtimallar olsa da, sübut olunmayıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net