Gələcəyin keçmişə oxşamağı
Tarix: 21-07-2020, 08:21 | Çap et
Gələcəyin keçmişə oxşamağı

“Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz?”

(Mirzə Cəlil, “Kamança”)

Amerika deputatxanası nəsə bir qanun qayırmaq istəyir, ermənipərəst deputatlar hazırlayıblar və orada Azərbaycana hərbi yardımı dayandırmaq təklif olunurmuş. Sən demə, amerikalılar son illərdə bizə 120 milyon dollarlıq hərbi yardım eləyibmiş. Guya bizə çox lazımdır. Biz istəsək Madaqaskara maska yardımına 5 milyon dollar, Pakistanda məktəb tikməyə 3 milyon dollar, nə bilim, Roma papasının villasının altını qazmağa neçə milyon avro ayırırıq. Güclü dövlətik, pulumuz da sel kimi. Müdafiə sənayesi nazirliyimiz isə bir ara o qədər silah buraxmışdı, hətta yorulmuşdular, dayanıb yaba, dırmıq kimi kənd təsərrüfatı alətləri istehsal edirdilər.

Əslində Allahdan gizli deyil, bəndədən niyə gizli olsun, hamı başa düşür ki, o yardımı amerikalılar elə özlərinə eləyirdilər. Həmin dollarlar cənub sərhədlərimizdə, Xəzərdə müəyyən qurğu, kater-mater almağa sərf olunurdu ki, İrandan, Rasiyadan mollalar, nəşədaşıyanlar və sairə şpionlar hasarı asanlıqla aşmasın. Ya da Tağıyev qəsəbəsindəki aerodroma işıq çəkirdilər ki, uçaqları qaranlıqda qırağa düşməsin. İndi vermək istəmirsiniz, belə cəhənnəmə verin. Biz də o zaman Əfqanıstanda, İraqda sizə qoşulub “sülh qayırmaq” əməliyyatından çəkilərik. Yoxsa bu nə əməkdaşlıqdır? Sən bir yandan mənə yardımı dayandırmaqla qorxudursan, o biri yandan kiminləsə dava eləyəndə yardıma səsləyirsən? Daha sizin başımızı yarıb, ətəyimizə qoz tökən ruslardan, farslardan nə fərqiniz oldu? Sizdən qoz da olmayacaq?

Hər halda, təklif edirəm, cavab olaraq biz də Əfqanıstandan qoşunu çəkək, amerikalılar orada tək qalsın. Bizim Milli Məclis bu istiqamətdə qərar verməlidir. Oradan çəkdiyimiz qoşunu elə Milli Məclisin müdafiəsi tədbirlərinə cəlb etsək yaxşı olar, yoxsa azğınlaşmış cəbhəçilər hər 30 ildən bir görürsən cumub oranı dağıdırlar. Bir az da obyekti yiyəsiz görmüşdülər, çünki deputatlarımız həmin günlərdə cəbhə xəttində döyüşürdülər, bir neçəsi yaralandı, hətta bəzilərini seçicilər ilk dəfə görüb tanıdılar.

Ancaq ümumən götürəndə məni ABŞ-ın gələcək taleyi çox narahat edir. Təsəvvür elə, Kanye Uest adlı reper prezidentliyə namizəd kimi qeydə alınıb, görüşlərə başlayıbdır. Tramp əhvalatı göstərir ki, Kanye müəllimin orada prezident olmaq imkanları heç də pis deyildir. Əgər bu reperin arvadının erməni olmasını nəzərə alsaq, bizim Qarabağ probleminin müsbət həlli istiqamətində ümidlərimiz suya düşür. Yəni gələcəkdə hələ başımız çox ağrıyacaqdır.

Bu “gələcək mövzusu” açılmışkən, görün ağlıma nə gəlibdir. Son günlər balaca oğlum mənə tariximiz, Qarabağ, erməni-zad temasında çoxlu suallar verir, mən də ona kədərlə baxıb ürəyimdə fikirləşirəm ki, bu uşaqlara heç də yaxşı vətən qoyub getmirik, problemlər zibil kimidir. Tək işğal deyil. Bunun pandemiyası, Kürün qurumağı, Mövlud Süleymanlının əsərləri, nə bilim, Xarici İşlər Nazirliyində korrupsiya kimi çoxlu şaxələri, metastazı vardır. Ancaq başqa tərəfdən, guya ata-babalarımız bizə hansı vətəni miras qoymuşdu? Mənim ağlım kəsəndən dünyanı elə bu cür, pis gündə görmüşəm. Məsələn, 70-ci illərdə Qarabağ bizdəydi, lakin “biz” özümüz o zaman SSRİ-də, rusun müstəmləkəsində deyildikmi? Guya savaş yox idi, ancaq Əfqanıstandan, Rusiyadan hərdən sink tabutda hansısa kasıbın balası “gəlirdi”. O cümlədən hər gün nüvə müharibəsi başlanacağını, atom bombasından öləcəyimizi gözləyirdik.

Sonda demək istəyirəm ki, biz arvadı erməni olanlardan qorxmuruq, lap istəyir onlar ABŞ prezidenti olsunlar.

Zamin HACI




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net