SOCAR-ın vitse prezidenti: ”Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb”
Tarix: 19-07-2020, 02:53 | Çap et
SOCAR-ın vitse prezidenti: ”Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb”

“Qərbdəki dostlarımızı Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizi qorumağa çağırıram”

Bu gün “Yeni Müsavat” olaraq “Ermənistan Azərbaycanın tranzit kommunikasiyalarını nəzarətə almaq istəyir - Türkiyədən gələn iddia” adlı yazı təqdim etmişdik. Məqalədə Tovuza hücumun arxasında dayanan səbəblə bağlı belə deyilirdi: ”Türkiyə etiraf olunmayan həqiqətləri dilə gətirdi. Məsələn, Türkiyənin “ANT” kanalının şərhində vurğulanan məqamlara diqqət edək: Ermənistan Rusiyanı da yanına alaraq Tovuza hücum edib. Bakı-Tiflis-Ceyhan neft kəmərini və Bakı-Tiflisi-Qars dəmiryolu xəttini ələ keçirmək istəyirlər. “Şahdəniz” yatağından hasil edilən qazın daşındığı Bakı-Tiflis-Ərzurum kəməri də bu ərazidən keçir. Təbii ki bu, əsasən Rusiyaya lazımdır. Bu obyektləri ələ keçdikdən sonra isə Rusiya üstün mövqedən Türkiyə ilə bazarlığa getmək istəyir. Adı çəkilən obyektlər Türkiyəni Azərbaycan və Gürcüstanla bağlayır. Orta Asiyaya da Türkiyə Bakı-Tiflis-Qars dəmiryolu ilə çıxır. Ancaq söhbət həm də Çin mallarının Xəzər dənizi üzərindən Ələt limanına, oradan isə Bakı-Tiflis-Qars dəmiryolu ilə Türkiyədən keçərək Avropaya daşınmasından gedir”.

Həmin məqalədən az sonra "Reuters" agentliyi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun bəyanatın yayıb. O deyib ki, Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verən son olaylardan sonra Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb. Elşad Nəsirov qeyd edib ki, əgər xəritəyə baxsanız, görərsiniz ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər xətlər hazırda hərbi əməliyyatlar baş verən ərazinin yaxınlığından keçir.

ABŞ-a məxsus “The Caspian Policy Center” adlı analitik mərkəzdə çıxış edərkən Elşad Nəsirov Qərb ölkələrinə müraciət edərək onları Azərbaycanın enerji ixracına dəstək verməyə çağırıb: “Mən bu fürsətdən istifadə edib Vaşinqton və başqa yerlərdə olan dostlarımıza demək istəyirəm ki, bir düşünsünlər ki, bu region(da sülh) nə qədər kövrəkdir, ona görə də dostlarımızı Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi baxımdan qorunmasını təmin etmək barədə düşünməyə dəvət edərdim”.

Tovuza hücum başlayandan ilk dəfədir ki, Ermənistanın Azərbaycanın tranzit kommunikasiyalarına nəzarəti ələ keçirmək istəyi rəsmi şəkildə dilə gətirilir.

Elbəyi Həsənli, Sürix

https://www.thechronicleherald.ca/business/reuters/azerbaijan-warns-of-risks-to-caspian-energy-exports-from-conflict-with-armenia-474946/




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net