“Aİ-95” markalı benzinin qiymətinin artması avtomobillərin bahalaşmasına səbəb olacaq?
“Azərbaycanda “Aİ-95” markalı benzinin qiymətinin artmasının avtomobillərin bahalaşmasına da səbəb olacağını düşünmürəm”.
Bu barədə Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
Onun fikrincə, “Aİ-92” markalı benzinin qiyməti qalxsaydı, dərhal avtomobil bazarına təsir edəcəkdi:
“Ancaq “Aİ-95” markalı benzindən ölkəmizdə geniş istifadə edilmədiyinə görə qiymət artımının avtomobil bazarına təsiri olmayacağını söyləmək olar”.
Maşın bazarında vəziyyətə gəlincə isə V.Hüseynov bildirib ki, hazırda aktivlik, demək olar ki, yox dərəcəsindədir:
“Əvvəllər daha çox dəyişilən avtomobillər 10-15 min manat civarında olan avtomobillər idi. Bu avtomobillər isə daha çox taksi fəaliyyəti, iş üçün istifadə olunurdu. Hazırda taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin satışında artım müşahidə olunmur. Bildiyiniz kimi, karantin rejimi tətbiq olunur və taksilər icazəli şəkildə müəyyən fəaliyyət göstərirlər.
Lakin taksi fəaliyyəti göstərməyən və 15-20 min dəyərində avtomobili olan bəzi insanlar düşünür ki, avtomobili fəaliyyətsiz dayandırmaqdansa, bazara çıxarsın, lakin ümumilikdə karantin rejimi səbəbəindən bazarda alıcı da yoxdur və avtomatik olaraq təklif tələbi üstələyir.
Normalda təklif tələbi üstələyəndə qiymət azalması olmalıdır. Ancaq hazırda alıcı olmadığına görə qiymət nə azalır, nə artır”.