Tanış olun: Dövlət Yol Polisinin “quş”ları
Tarix: 22-04-2015, 10:23 |
Çap et
Azərbaycan yollarında Dövlət Yol Polisinin özbaşınalığından ibarət vahiməli bir mühit yaranıb. DYP əməkdaşlarının öz əməllərinə görə cəzasız qalması və qanunsuz əməllərin rəhbərlik səviyyəsində himayə edilməsi Azərbaycan yollarını orta əsrlərdə tez-tez quldurların basdığı karvan yollarına döndərib. Zaman-zaman DYP rəsmiləri açıqlamalarla çıxış edirlər və demək olar ki, hər dəfə "quş" buraxırlar. Əhali qanunvericiliklə bağlı kifayət qədər məlumatlı olmadığına görə, adətən, belə "quş"ları tuta bilmir. Bu növ açıqlamalara dair onlarla nümunə göstərmək olar. Amma biz bu gün onlardan yalnız bir neçəsini - "reytinqli" hesab etdiyimiz "quş"ları diqqətinizə çatdıracağıq.
1-ci "quş": "Radarın qeydi texniki səhvdir"...
Bir müddət əvvəl "VAZ 21043" markalı avtomobilin sahibinə göndərilən radar qeydi mətbuata çıxmışdı. Qeyddən belə görünürdü ki, maksimal sürəti saatda 143 km olan avtomobil saatda 230 km sürətlə hərəkət edib. Əhali tərəfindən DYP-nin növbəti gülünc hoqqası kimi qəbul edilən bu məsələyə, nəhayət, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tərəfindən münasibət bildirildi. Qısa, amma ardınca 50-60 suala yer qoyan bir cavab: "Texniki səhv olub".
Həmin günlərdə Kamran Əliyevlə söhbətimiz zamanı soruşmuşduq ki, "radar qeydləri yanlış ola bilərmi və ya əməkdaşlarınız müsaxilə edə bilərlərmi". Şöbə rəisinin cavabı belə oldu: "Xaricdə istehsal olunmuş radarlardlr, nə səhv ola bilər ki?.. Əməkdaşlarımızın nəyinə lazımdır o qeydlrərə müdaxilə etmək?". Adam öz-özünə fikirləşir ki, görəsən, DYP rəsmisinin danışdıqları özünə aydındırmı? Radar səhv edə bilməz, əməkdaşlar da müdaxilə etmir - onda "04" həqiqətən də 230-la hərəkət edib. Yaxud "texniki səhv" nə deməkdir? Bu səhvi radar buraxıbmı? Axı onlar xaricdə istehsal olunmuş etibarlı qurğulardır. O zaman DYP əməkdaşları radar qeydlərini çapa verməzdən əvvəl faktiki sürət göstəricisini dəyişmək istəyiblər və bu rəqəmi şişirdib 130 yazmaq istəyərkən səhvən 230 yazıblar. Amma Kamran Əliyev bizdən soruşur ki, müdaxilə etmək əməkdaşlarımızın nəyinə gərəkdir? Biz nə bilək, Kamran müəllim, siz bilərsiniz nəyinizə gərəkdir...
Beləliklə, 1-ci "quş"-un yekunu: Radar səhv edə bilməz, əməkdaşlar müdaxilə etməz, nəticədə VAZ 21043 markalı avtomobil həqiqətən də 230-la gedər!
2-ci "quş": "Əməkdaşımız özünü itirib və..."
Bir müddət əvvəl onlayn mediada videogörüntülər yayılmışdı. Bu görüntülərdə mülki geyimli bir şəxs el arasında "üçayaqlı" adlandırılan səyyar radar qurğusu ilə yollarda Azərbaycan xalqını "biçirdi". Vətəndaşlar ondan vəsiqəsini göstərməyi tələb etsələr də, bu şəxs təkidlə imtina edirdi. Və sonadək imtina etdi. Mülki geyimdə və ya formada olmasından asılı olmayaraq iş başında olan hər bir polis əməkdaşı müraciət etdiyi vətəndaşın tələbinə uyğun olaraq vəsiqəsini göstərməyə borcludur. Bu həm qanunla, həm də məntiqlə tələb olunur. İnsanlar bilməlidirlər ki, onlara qarşı tələblər irəli sürən şəxs polisin adından istifadə edən fırıldaqçı deyil. Ya da vətəndaş dərhal həmin polis işçisindən 102 xidmətinə şikayət etmək istəyərsə, bu zaman öz şikayətində həmin polis əməkdaşının adını, soyadını, rütbəsini və vəzifəsini sənəddə olduğu kimi düzgün söyləyə bilməlidir. Həmin şəxs vəsiqəsini göstərməkdən imtina etməklə öz vəzifələrini tapdalamışdı.
Kamran Əliyevin bu hadisə ilə bağlı açıqlaması isə Azərbaycan qanunvericiliyinə təhqir sayılmalıdır. Adam dedi ki, "o şəxs həqiqətən də bizim əməkdaşımızdır, sadəcə olaraq, özünü itirib vəsiqəsini göstərməyib". Bərəkallah! Yol polisinin özünü itirib öz vəzifələrinin icrasından boyun qaçırmaq kimi müstəsna bir hüququ varmış.
İndi təsəvvür edin ki, sürət həddini aşan sürücü deyir ki, "özümü itirdim, əyləc əvəzinə akseleratora basdım, həmin anda da radara düşdüm". Görəsən, yol polisi bu arqumenti qəbul edib həmin sürücünü məsuliyyətdən azad edərmi? Əlbəttə yox. Üstəlik, həmin sürücünü telekanallarda "DYP şou" proqramlarına çıxarıb məsxərəyə qoyarlar. Halbuki qurumun "ən savadlısı" deyə xalqın qarşısına çıxan nümayəndəsi məhz belə bir düşüncə tərzini ortaya qoyur. YPX əməkdaşı özünü itiribsə, uzaq dayanın, sizi öldürə də bilər və cəzası olmayacaq. Olsa, nə xeyri?..
Beləliklə, 2-ci "quş"un yekunu: DYP əməkdaşları özlərini itirib cəzasız şəkildə ağıllarına gələni edə bilərlər .
3-cü "quş": "İnsanlar başa düşməlidirlər ki..."
Bu barədə bir müddət əvvəl yazmışdıq. Azərbaycanın hər yerində, xüsusən də paytaxtda, yolların hərəkət hissəsində üstü açıq kanalizasiya quyuları var. Yol hərəkəti üçün təhlükə mənbəyi olan dərin çuxurların və kanalizasiya quyularının dərhal çəpərlənməsi və müvafiq quruma təqdimat göndərilməsi bilavasitə DYP-nin vəzifəsidir. Bu qurum bütün yollarda patrul xidməti təşkil edir və təbii ki, həmin təhlükələri görür. Elə DYP-nin rəhbər şəxsləri də açıq kanalizasiya quyuları və dərin çuxurlarla hər gün rastlaşırlar və yanından sükutla keçirlər. YPX isə həmin quyuların ətrafında sürücülərə qarşı "qulaqkəsmə" əməliyyatı həyata keçirir.
Əvvəllər bu mövzuda iradlarımıza cavab olaraq Kamran Əliyev demişdi ki, "gərək insanlar özləri başa düşsünlər ki, o lüklərin qapaqlarını oğurlamaq olmaz". Vəssalam! Problem həllini tapdı! Yəni daha nə edə bilərik ki, başa düşmürlər də... Başa düşmürlərsə və oğurlayırlarsa, deməli, açıq qalmalıdır və camaatın da maşını o lüklərə düşməlidir.
Maraqlıdır ki, lük oğrularını aşkarlamaq və oğurluq hallarını önləmək də Kamran Əliyevin təmsil etdiyi polis orqanlarının işidir. Amma oğurluğun qarşısı alınmır, sonra da DYP öz üzərinə düşən təhlükəsizlik tədbirlərini görmür. Çünki bu tədbirlər pul gətirmir - YPX isə pul iyi gələn tərəfə qaçır.
Yeri gəlmişkən, sürücü "başa düşməyib" qırmızı işıqda keçsə, DYP hərəkətsiz qalarmı? Əlbəttə yox - bu işdən pul çıxır axı...
Beləliklə, 3-cü "quş"un yekunu: İnsanların "başa düşməyərək" törətdikləri əməllər iki qrupa bölünür - pul gətirən və pul gətirməyən. Birinci qrupla bağlı tədbirlər qaçılmazdır, ikinci qrup cəhənnəm olsun!..
4-cü "quş": "İndi dayanıb səni gözləyək?.."
Bir dəfə telekanallardan birində sərxoş sürücülərin aşkarlanması üçün "şou" xarakterli reyd keçirilirdi və mən də bu şounun tamaşaçılarından biri idim. Saxlanılan sürücülərdən biri sərxoş olmasa da, sürücülük vəsiqəsi üstündə deyildi. Sürücü dedi ki, " vəsiqəm evdə qalıb, indi gedib gətirərəm". DYP əməkdaşı isə sürücüdən "ağıllı-ağıllı" və ədalı bir manera ilə soruşdu ki, "biz indi dayanıb səni gözləməliyik?". Təsəvvür edirsinizmi, "savadlı əməkdaşımız budur" deyib televiziyada qabağa verdikləri DYP əməkdaşı bilmir ki, sürücülük vəsiqəsini gətirib avtomobili yol hərəkətinə qaytarmaq üçün o sürücünün 3 saat vaxtı var. İndi görün, bu qurum hansı səviyyədə "savad böhranı" yaşayır.
Beləliklə, 4-cü "quş"un yekunu: Savad baxımından DYP əməkdaşlarının mütləq əksəriyyəti min manata sürücülük vəsiqəsi alan hər hansı bir sürücü ilə eyni səviyyədədir.
5-cü "quş": Dövlət qurumu "Fərdi məlumatlar haqqında" qanunun təsiri altındadır?..
Məlum olub ki, nazirliklərin, başqa hüquqi və fiziki şəxslərin radar qeydlərinə görə 11 milyon manat cərimə borcu yığılıb qalıb. Bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radar cəriməsi var. 50 min manat! Bu məbləğ, bur gündə, bir həftədə, bir ayda, bir ildə yığılmayıb. Məsələn, o avtomobilin radar borcu 3000 manat olanda yollara necə çıxıb ki, bu borcun üstünə əlavə olaraq 47 min manat da gətirə bilib? Kamran Əliyev isə "Bizim Yol"-a açıqlamasında tədbirlərlə bağlı danışarkən feilin gələcək zaman formasından istifadə edir. Ola bilsin ki, tədbir görülənə qədər həmin avtomobilin radar borcu 150 min manata çatacaq. Ya da haradasa bir qəza törədəcək, amma DYP öz hərəkətsizliyinə görə cəzalanmayacaq.
Ən maraqlısı isə odur ki, Kamran Əliyev sorğumuza cavab olaraq borcu olan nazirliklərin adlarını açıqlamaqdan imtina edib və bunu "Fərdi məlumatlar haqqında" qanunla əlaqələndirib. İndi gəl, bu açıqlamadan baş çıxart! Deməli, biz başa düşmürük - nazirlik də fərd imiş... Reallıqda isə o qurumların adlarını və hətta avtomobillərin nömrələrini açıqlamağı qadağan edən heç bir qanun yoxdur.
Demək istədiyim budur: Bəs nə yaxşı DYP camaatı yolun ortasında tutub telekanallarda "şou" düzəldir. Məsələn, yolda sərxoş və yaxud təhlükəsizlik kəmərini vurmayan sürücünü tutub televiziyada nümayiş etdirmək "Fərdi məlumatlar haqqında" qanuna zidd deyilmi?..
Beləliklə, Kamran Əliyevə qınaq xarakterli sualımız: "Fərdi məlumatlar haqqında" qanun qaydaları pozanların kimliyini açıqlamağı qadağan edirsə, onda niyə televiziya reydlərinizdə bu yazıq qanunu ayaqlarınızın altına atıb tapdaq-tapdaq edirsiniz? Bundan sonra telereydləri planlaşdırılarkən, bu açıqlamanızı yadınıza salın və belə reydlərdən imtina edin. Yadınıza düşməsə, biz xatırladarıq...
Beləliklə, 5-cü "quş"un yekunu: DYP şəraitdən asılı olaraq qanunlara əməl edib-etməmək barədə qərarı özü qəbul edir - istəsə, qanuna əməl edər, istəməsə, etməz!..
M.Hüseynov