Tərtərin icra başçısına ŞOK İTTİHAMLAR
Tarix: 20-04-2015, 10:39 | Çap et
Tərtərin icra başçısına ŞOK İTTİHAMLAR
Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafı üçün ayrılan küllü miqdarda vəsaitin qeyri şəffaf xərclənməsi, bu məsələnin yerlərdə korrupsiya mənbəyinə çevrilməsi haqda çox yazılıb. Təəssüf doğuran hal isə odur ki, bununla bağlı nəzarətin gücləndirilməsinə, müvafiq orqanların malliyə təftişləri aparmasına baxmayaraq yerlərdəki “kiçik padşahlar”ın havayı qazanmaq eşqi günü gündən alovlanır. Savash.org-a daxil olan məlumata görə, dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu belə rayonlardan biri də Tərtərdir.
Məlumat üçün bildirək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu posta bir ildir təyinat alıb. Amma təyinatdan keçən qısa müddət ərzində icra başçısı korrupsiya məsələsində heç də naşı olmadığını isbatlaya bilib. Hər halda ötürülən məlumatlarla tanışlıq Müstəqim Məmmədovun bu kimi işlərdə əsl usta olduğunu düşünməyə əsas verir.

Abadlıq-quruculuq yoxsa…

İcra başçısının əsas gəlir mənbələrindən biri bəzi rayonlarda da müşahidə olunan ənənəvi üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatından yayındırılaraq mənimsənilməsindən gedir.Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Axı bu hansı məntiqə uyğundur?Aydındır, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Bəs görəsən eyni maxinasiyaları digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirmək olmazmı? Axı belə olsaydı heç olmasa daha artıq məsrəflərin qarşısı alınardı. Halbuki Tərtərin həqiqətən də abadlaşdırma və quruculuğa ehtiyacı olan onlarla kəndi və yaxud da bu havaya sovrulan vəsaitlərlə həll edilə biləcək yüzlərlə digər problemləri də var. Lakin bu problemlər rayon rəhbərliyini qətiyyən maraqlandırmır.

Tikinti materialları niyə məhz Yevlaxdan alınır?

Saxil olan məlumatlarda vurğulanır ki, Müstəqim Məmmədovu bu gün daha çox düşündürən “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə yanaşı, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə Tərtər rayonunda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Maraqlıdır niyə? Axı, eyni materialları elə Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Lakin bu RİH başçısının nə planlarına, nə də maraqlarına qətiyyən uyğun deyil.Məlum olduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən indiyədək yalnız Yevlaxda çalışıb. Belə ki, o, 1992-1994-cü illərdə Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illər ərzində isə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində işləyib.2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri vəzifəsində işləyib. Nəhayət 2012-ci ildən 2014-cü ilin may ayınadək M.Məmmədov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bütün bu fəaliyyəti ərzində isə Müstəqim Məmmədov təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır.

Başçının subsidiya maxinasiyası…

İcra başçısı ilə bağlı səsləndirilən ittihamlardan biri də onun subsidiya maxinasiyası ilə bağlıdır. Tərtərdən daxil olan digər məlumatlarda bildirilir ki, başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına da əl qoymaq niyyətindədir.

Mənbələrin açıqlamalarına görə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə ediblər. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq barədə göstəriş verib. Bu məqsədlə hələ bir müddət əvvəl Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Digər tərəfdən də mənbələr bildirirlər ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin artıq gələn il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı ala biləcəklərini də planlaşdırmaq üçün aqrar məsələlər üzrə şöbə müdirinə xüsusi göstəriş də verib…

Hasarları söküb yerlərini satır

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abdlıq adı altında və özünün yaxın adamları vasitəsilə pul toplayır: "İcra başçısı gözə görünən yerləri 3-4 dəfə təmir elətdirir, rayonun görünməyən yerləri isə xarabalıgı xatırladır. Şəhid və Qarabag əlillərinin binasının 2 kanlizasiyasının üstü 4 ildir ki, açıqdır.Problemlə bağlı dəfələrlə şikayət etsək də müraciətlərimizin heç bir nəticəsi olmayıb”.

Məlumatda daha sonra bildirilir ki, Müstəqim Məmmədovun özü ilə Yevlaxdan gətirdiyi komanda Tərtərdə "at oynadır” və icra başçısı onlara qeyri-məhdud səlahiyyətlər verib: "Məsələn, Tərtər RİH başçısının 1-ci müavin Ramiz Şabanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov həmin "Yevlax qruplaşması”nın üzvləridir və əksər işlər məhz onların əli ilə görülür.İcra başçısının "qara işlərini” isə yenə özü ilə Yevlax rayonundan gətirdiyi və Tərtər RİH-də məsləhətçi vəzifəsinə təyin etdiyi Çingiz İsayevin vasitəsilə həyata keçirir”.

Daha ilginc iddia isə icra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması ilə bağlıdır: "Tərtər rayonunda 74 kənd var və hər bir kənd savetliyinin 200 manat maaş alan mühasiblərinin hər birindən 6 aya 800 manat rüşvət yığılır. Ancaq bu hələ harasıdır, Müstəqim Məmmədov daha yüksək vəzifə tutan yerli məmurlardan daha böyük məbləğlər tələb edir”.

İcra başçısının Tərtərə yeni gələrkən fərdi evlərin hasarlarını uçurtduğunu deyən mənbəmiz indi həmin yerlərin təkrar satışa çıxarıldığını iddia edir: "Müstəqim Məmmədov camaatın darvasasını sökdü, daşdan və "setka”dan olan hasarlarını sökdü, indi isə 2000-3000 manat qarşılığında qaraj yerləri satışa çıxarılıb. Sökdüyü yerlərin yenidən satışa çıxarılması işinə isə baş memar Tofiq nəzarət edir, bütün pullar onun əliylə yığılır”.

Sonda xatırladaq ki, Müstəqim Məmmədov bu vəzifəyə qədər Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.Hazırda onun Yevlax rayonunda tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan, eləcə də bir sıra ictimai-iaşə obyektlərinin varlığı daxil olan məlumatlar arasındadır.

Müstəqim Məmmədovu niyə daşa basdılar?

Rayon sakinlərinin verdiyi məlumata görə, Müstəqim Məmmədovun etdikləri camaatı qıcıqlandırır.Məktəblərdən, idarələrdən pul yığması azmış kimi, camaatın torpaqlarına da göz tikib. Bələdiyyələrin satdığı torpaqları geri qaytarıb mənimsəmək istəyir.

Tərtər rayon bələdiyyələri ilə əlaqə saxladıq.Adının çəkilməsini istəməyən bələdiyyə işçisi bildirdi ki, balanslarında olan torpaqları Müstəqim Məmmədov ələ keçirmək istəyir."İcra başçısı əlimizdə olan torpaqları götürmək istəyir. Ona görə də bələdiyyələr işləmək istəmir. Başçı bizə haqq qoyur. Camaatdan əlavə pul istəyəndə onlar da haqlı olaraq narazılıq edirlər".

Rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə gün öncə Tərtər Rayon İcra Hakimiyyətinin həyətinə yığışıblar, ancaq Müstəqim Məmmədov onları qəbul etmədikdə onsuz da əsəbləri tarıma çəkilmiş camaat icra başçısının maşınını daşa basıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net