Yeni iqtidar komandasının üstün cəhətləri - TƏHLİL
Tarix: 23-05-2020, 10:47 | Çap et
Yeni iqtidar komandasının üstün cəhətləri - TƏHLİL

İqtidarın yeni komandası formalaşdırılır. Artıq bu istiqamətdə xeyli yol qət edilib və vitrin tamamilə olmasa da, xeyli dərəcədə yenilənib. Prezident Administrasiyasında, güc strukturlarında yenilənmə daha böyük miqyas alıb. Yeni komandanın formalaşması prosesinin gedişində bəzən “köhnə qvardiya” ilə müqayisələr aparılmasına da rast gəlirik. Sosial şəbəkələrdə gedən müzakirələrdə belə bir sualla da rastlaşırıq: Köhnə qvardiyanın hansı üstünlüyü, mənfiləri vardı, yeni komanda üzvlərinin hansı müsbətləri və çatışmayan cəhətləri var?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, son bir il ərzində iqtidar düşərgəsində ciddi kadr dəyişiklikləri baş verməkdədir: “Belə ki, bir çox sahələrə son 25 il ərzində rəhbərlik edən şəxslər görəvdən alınır və Prezident Administrasiyası, güc strukturları, həmçinin bəzi nazirliklər də daxil olmaqla bir sıra dövlət strukturlarına rəhbərlik edən şəxslər yeniləri ilə əvəzlənir, faktiki olaraq yeni komanda formalaşdırılır. Köhnə qvardiyanın əksər nümayəndələri barədə illər uzunu avtoritar idarəetmədə, ölkə əhalisinin problemlərinə biganəlikdə və ən pisi də korrupsiyada və rüşvətdə ittihamlar səslənməsi fonunda əlbəttə ki, bütün bu dəyişikliklər müsbət qarşılanır. Xüsusilə də son aylar ərzində bir sıra mərkəzi və yerli icra orqanlarında aparılan həbslər də uzun illər ərzində deyilənlərin əsaslı olduğunu bir daha sübut etdi.

İnsafən, idarəetmədə müsbətə doğru müəyyən addımların atıldığının da şahidiyik. Lakin onu da qeyd etmək lazımdır ki, bu dəyişikliklər zamanı yeni təyin olunan şəxslərin bəzi hallarda təcrübəsizliyinin də şahidi oluruq. Odur ki, kadrların dəyişdirilməsi təkcə yaş faktoru əsasında həyata keçirilməməli, eyni zamanda həmin şəxslərin iş bacarığı və idarəetmədə təcrübəsi də nəzərə alınmalıdır. Xüsusi olaraq o da vurğulanmalıdır ki, əslində ən vacib məsələ bu və ya digər kadrların əvəzlənməsi deyil, ümumilikdə idarəetmə prinsiplərinin dəyişilməsindən ibarət olmalıdır".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, bu məsələdə güc strukturları ilə Prezident Administrasiyasındakı dəyişiklikləri eyniləşdirmək istəmir: “Çünki bu sahələr müxtəlif yanaşmalar, müxtəlif tələblər və peşəkar keyfiyyətlər tələb edir. Əvvəla, onu qeyd edim ki, istənilən kadr dəyişikliyində müsbətə doğru meyillər hər zaman daha çox olur, nəinki neqativlər. Ancaq, bu hər zaman belə də olmaya da bilir. Yəni bir sözlə, şəxsən mən kadr dəyişikliklərini müsbət hal kimi dəyərləndirirəm. Konkret suala gəldikdə isə buna birmənalı cavab vermək mümkün deyil. Hər kadrın özünün üstünlükləri və çatışmayan tərəfləri var. Bu baxımdan ”köhnə qvardiya" deyilən kəsimdə uzun illərdir siyasi hakimiyyətin üst qurumlarında təmsil olunduqları səbəbindən kifayət qədər iş təcrübəsinin, kritik anlarda və gözlənilməz hadisələr zamanı soyuqqanlı və adekvat addım ata bilmə bacarığı, cavabdeh olduqları sahənin ən xırda nüanslarına qədər bələd olma keyfiyyətləri mövcud idi. Sual oluna bilər ki, bu qədər müsbət keyfiyyətləri vardısa, niyə təmsil olunduqları komandaya, dövlətə və xalqa faydalı ola bilmədilər. Cavab budur ki, onlar zamanla formalaşmış bütün bu keyfiyyətlərdən dövlət maraqlarına deyil, şəxsi maraq və qazancları üçün istifadə etdilər. Ona görə də xalqa müsbət mənada xidmət edə bilmədilər. Köhnələrin çatışmayan cəhətləri isə müasir dünyanın siyasi fəlsəfəsinə və yanaşmasına uyuşa bilməmələri, müasir çağırışlara qapalı olmaları və ümumiyyətlə bu çağırışları anlamamaları, siyasi səhnədəki oyunçulara, təşkilat və qurumlara subyektiv, daşlaşmış, dəyişdirilməsi mümkün olmayan şəxsi yanaşmalarının olması, öz xalqından çox uzaq düşmələri, dövlət məmurundan çox biznesmenə və oliqarxlara bənzəmələri idi.

Yeni gənc kadrlarda isə bu keyfiyyətlər tam əksinədir. Onların iş təcrübəsi daha azdır, cavabdeh olduqları sahələri hələ yeni öyrənirlər, kritik vəziyyətlərə düşüb bərkiməyiblər və sairə. Ancaq yeni kadrlarda köhnələrdə olan neqativ xarakterlər yoxdur. Bunları müqayisə etməli olsaq ki, hansı dövlətə daha faydalıdır, o zaman mən seçimimi yenilərdən tərəf edərdin. Çünki onlar hələ oliqarxlaşmayıblar, hələlik onlar şəxsi biznes maraqlarını hər şeydən öndə tutmurlar, zamanımızın yeni siyasi çağırışlarına adekvat reaksiya verə bilərlər".

Partiya sədrinin sözlərinə görə, ən ciddi məqamlardan biri də odur ki, yeni kadrların ölkə daxilində illərdir formalaşmış ziyanlı status-kvonun saxlanılmasında maraqları yoxdur: “Əgər, iqtidar yeni siyasi konfiqurasiya yaratmaq istəyir və ziyanlı siyasi münasibətlər sistemini dəyişmək istəyirsə köhnələrin böyük əksəriyyəti yenilərlə əvəzlənməlidir. Ancaq yenilər də özlərini köhnələrə oxşatmağa çalışmamalı yeni yanaşma, yeni düşüncə, yeni fəlsəfə ilə işə yanaşmalıdırlar. Yəni yenilər tək bioloji baxımdan gənc olmamalıdırlar, həm də daxilən və yanaşma məsələsində yeni olmalıdırlar”.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net