“Azercell”dən 1200 manatlıq maxinasiya
Tarix: 10-06-2017, 09:45 | Çap et
“Azercell”dən 1200 manatlıq maxinasiya
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların yarıtmaz fəaliyyəti barədə mətbuatda vaxtaşırı tənqidi məqalələr dərc olunur. Buna baxmayaraq mobil operatorlar nəinki göstərilən nöqsanları aradan qaldırırlar, əksinə daha da azğınlaşaraq açıq-aşkar istifadəçilərin cibinə girməkdən belə çəkinmirlər. Redaksiyamıza müraciət edən 050-322-23-78 nömrənin istifadəçisi Əliyev Əkbər Yavər oğlu “Azercell”in misli görünməmiş fırıldağı ilə üz-üzə qalıb. Bir həftəlik Moskva şəhərinə səfər edən Əkbər Əliyevin mobil telefonuna 1200 manatlıq borcla bağlı bildiriş gəlib. Baş verənlərin anlaşılmazlıq olduğunu düşünən istifadəçi “Azercell”ə müraciət edir. Şirkətdən ona bildirirlər ki, borc qanuni olaraq tətbiq edilib.

Borcu belə əsaslandırıblar ki, 1 gün ərzində mobil telefondan internetə çıxış açıq olduğu üçün bu qədər məbləğ hesablanıb. Şikayətçi bildirir ki, mütəmadi olaraq işi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində olub. Bu zaman rouminq xidmətindən faydalanıb. Amma belə biabırçılıqla heç vaxt rastlaşmayıb. Məntiqlə düşünəndə vətəndaş 1 həftə ərzində istədiyi qədər rouminq xidmətindən yararlansa belə bu qədər məbləğin meydana gəlməsi ağlasığmazdır. Görünən odur ki, “Azercell” şirkəti vətəndaşları müxtəlif formalarda aldadaraq soymaqla məşğuldur.
Gün ərzində “Azercell” şirkətindən suallarımızı cavablandıracaq şəxs tapa bilmədik. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Problemi araşdıraraq baş verənlər barədə gələn yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.
Yazı sayta qoyulduqdan sonra “Azercell”lə növbəti dəfə əlaqə saxlamağa cəhd etdik. Şirkətdən dəstəyi qaldıran Leyla adlı xanım bildirdi ki, məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə “Azercell”in ofisinə yaxınlaşa bilər. Borcun yaranma səbəbləri və digər məsələlərlə bağlı istifadəçini maraqlandıran bütün suallara göstərilən ünvanda aydınlıq gətiriləcək.yenimeydan.info





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net