Hesablama Palatası nazirlərin qorxulu yuxusuna çevrilir
Tarix: 9-03-2016, 10:48 |
Çap et
Son vaxtlar Hesablama Palatasının ayrı-ayrı nazirliklərdə, dövlət komitələrində, həmçinin rayon və şəhər icra hakimiyyətlərində yoxlamaları intensivləşib. Aparılan auditlər isə hələ də bir çox dövlət qurumlarının büdcə vəsaitləri və büdcədənkənar daxilolmalarla ehtiyatsız, qeyri-şəffaf rəftar etdiyinə dair çox ciddi faktların ortaya çıxmasına səbəb olur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun son açıqlamaları isə iri məmurları təşvişə salmağa kifayət edir. Onun açıqlamalarından rəhbərlik etdiyi qurumun bu cür yoxlamalarının qarşıdakı aylarda daha da artacağını və genişlənəcəyini təxmin etmək çətin deyil. "Hesablama Palatası nəzarət tədbirlərinin əhatəsini artırmaq məqsədilə fəaliyyətini gücləndirib”, - deyə bildirən Vüqar Gülməmmədovun sözlərinə görə, dövlət başçısının ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadi sistemin şaxələndirilməsi, stabil iqtisadi artımın təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarına verdiyi tapşırıqlarla yanaşı maliyyə nəzarətinin gücləndirilməsi üzrə müəyyən etdiyi mühüm vəzifələrin icrasını təmin etmək məqsədilə Hesablama Palatası nəzarət tədbirlərinin əhatəsinin genişləndirilməsi və maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməkdədir. Palata sədri kənar dövlət maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının İş planı ilə nəzərdə tutulmuş audit tədbirlərində dövlət satınalmalarında şəffaflığın artırılması, maliyyə və qiymət intizamının yüksəldilməsi, sifarişlərin real tələbata uyğun tərtib edilməsi, aparılmış əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsi, vəsaitlərin səmərəli və qənaətli istifadəsi ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanıldığını bildirib. "Hesablama Palatası 2015-ci ildə fəaliyyəti ilə bağlı Hesabat layihəsi tərtib edilib, hər il olduğu kimi, cari ildə də büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim edilmək üçün təkliflər hazırlanıb və tezliklə müvafiq qaydada təqdim ediləcək”, - deyə bildirən palata sədri vurğulayıb ki, hal-hazırda Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Bakı şəhər İH-də, eyni zamanda, bəzi ASC-lərdə icra edilən beynəlxalq layihələrdə audit tədbirləri keçirilir və büdcə vəsaitlərindən istifadə edən qurumların maliyyə hesabatlarının təhlili ilə bağlı işlər aparılır. 2016-cı ilin İş Planı ilə nəzərdə tutulmuş gələcək tədbirlərə gəldikdə isə V. Gülməmmədov bu ilin sonunadək Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət və Turizm, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, həmçinin, dövlət borclarının və qeyri-vergi gəlirlərinin təhlili ilə bağlı analitik fəaliyyətin yekunlaşacağını bildirib. Xatırladaq ki, Prezident İlham Əliyevin milli iqtisadiyyatın yenidən formalaşdırılması ilə bağlı hökumət və dövlət qurumları qarşısında qoyduğu mühüm vəzifələrdən irəli gələrək Hesablama Palatası cari ilin iş planı ilə kənar maliyyə nəzarətinin təmin edilməsi məqsədilə tədbirlər nəzərdə tutub. Palatanın sədri onu da bildirib ki, aparılmış maliyyə nəzarət tədbirlərinin nəticəsinə uyğun olaraq hazırlanmış təkliflər gələn həftə Nazirlər Kabinetinə təqdim ediləcək. Bir sözlə, qarşıda bir sıra nazirləri, komitə sədrlərini və icra başçılarını, eləcə də digər dövlət orqanlarının rəhbərlərini çox çətin günlər gözləyir. Hesablama Palatasının yoxlamalarının hətta bir çox yüksək çinli məmurları vəzifəsini və azadlığını itirmək təhlükəsi ilə üz-üzə qoya biləcəyi də istisna deyil. Söhbət korrupsiya hallarının hələ də aradan qaldırılmadığı, əksinə daha da dərinləşdiyi dövlət orqanlarından gedir. Qeyd edək ki, Azərbaycanın neft gəlirlərinin kəskin azaldığı və iqtisadi böhran vəziyyəti ilə üzləşdiyi indiki vaxtda dövlət büdcəsindən ayırmalar üzərində şəffaflığın təmin edilməsi, onların təyinatı üzrə və səmərəli xərclənməsi vacib məsələdir. Hesablama Palatasının son iki-üç aydakı auditləri bir sıra iri məmurların hələ də bu həqiqəti yaxşı dərk etmədiyini, ölkə rəhbərliyinin bu istiqamətdə göstəriş və tapşırıqlarına laqeyd münasibət bəslədiyini söyləməyə əsas verir. Belə bir məqamda isə Hesablama Palatasının bütün gücünü Azərbaycanda büdcə talançılığının ifşasına yönəltməsi, korrupsiya və mənimsəmələrə yol verənlərin ciddi şəkildə cəzalandırılmasına nail olmaq üçün obyektiv yoxlamalar aparması önəmlidir. Əks halda bir sıra iri məmurları korrupsiyadan çəkindirmək mümkünsüz görünür.