Tanınmış vəkil Adəm Məmmədov “Azadlıq” qəzetinə hüquqlarını müdafiə etdiyi Elnur Kərimovun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya 170 min dollar verməsilə bağlı yeni fakt təqdim edib. Bu, Elnur Kərimovla Komitənin sabiq Aparat rəhbəri Səfər İmanov arasında telefon danışığından kiçik səs yazısıdır.
Vəkil bildirib ki, səs yazısını yaymaqda məqsəd müdafiə etdiyi şəxsdən alınan pulun məhz Komitə sədri Hicran Hüseynovya çatdığı haqda dediklərinin əsaslı olduğunu, Elnur Kərimovun öz açıqlamalarında, Komitə rəsmilərinin iddialarının əksinə, yalana yol vermədiyini sübut etməkdir.
adem“Bu səs yazısını dinləyən hər kəs dediklərimizin həqiqəti əks etdirdiyinin şahidi olacaq. Diqqətə çatdırmaq istəyirik ki, əlimizdə istintaqın gedişinə kömək edə biləcək yetərli qədər video və audio material var. Sadəcə istintaq sirri olduğu üçün əlimizdəki materialı tam versiyada ictimailəşdirmək istəmirik.
Komitə rəsmiləri Hicran Hüseynova ilə sabiq Aparat rəhbəri Səfər İmanovun heç bir qohumluq əlaqəsi olmadığını bildirir. Amma bizim araşdırmalarımız zamanı məlum olub ki, Səfər İmanovun atası Bəbir İmanov Komitə sədrinin atası Kamran Hüseynovun dayısı oğludur.
Bəbir İmanovu yaxından tanıyanlar onun cox böyük hörmətə və nüfuza sahib ziyalı olduğunu bildirirlər. O, Səfər İmanovun başına gələn hadisələrlə bağlı dəfələrlə qohumu Hicran Hüseynovanın qəbulunda olmağa çalışıb, amma Komitə sədri onu qəbul etməyib. Oğlunun başına gələnlərdən təsirlənən Bəbir İmanovun səhhəti qəflətən pisləşib və o. komaya düşüb, 6 fevral 2016-cı ildə isə dünyasını dəyişib.
Səfər İmanov atası komada olduğu zaman ölkəni tərk edib və yeganə oğul övladı olmasına baxmayaraq, atasının dəfn mərasimində iştirak edə bilməyib”, – deyə vəkil qeyd edib.