Qənaət rejimi zərurəti
Tarix: 14-01-2016, 09:12 | Çap et
Qənaət rejimi zərurəti
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir. Nazirin sözlərinə görə, bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.
S.Şərifov bildirib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır. Bəs bu 4 il ərzində büdcəyə qənaət edilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

Millət vəkili Zahid Oruc qəzetimizə açıqlamasında bildirdi ki, qənaət işini neft bumunun söndüyü dövrü gözləmədən də həyata keçirmək mümkün olardı: “Əslində külli miqdarda vəsaitlərin israf edilməsi, yaxud da əvvəlcədən büdcə proqnozlaşdırılması zamanı smetaların şişirdilməsi, vəsaitlərin xərclənməsi zamanı yol verilən xətalar, yaxud mənimsəmələr, həmçinin planlaşdırma tədbirlərinin vacibiyyət nöqteyi-nəzərindən düzgün tutulmaması və s. amillər fakt idi. Bu, hər zaman səslənirdi, yazılırdı və eyni zamanda, hökumətlə birgə parlamentdə keçirilən dinləmələrdə vurğulanırdı. Bununla bərabər, etiraf etmək lazımdır ki, Azərbaycan neftin dünya bazarına çıxarılmasından da maksimum dərəcədə bəhrələnməyə çalışdı. Yəni müharibənin vurduğu ziyanları ortadan qaldırmaq üçün alternativ mənbələrimiz yox idi. Bizi Ermənistanla müqayisə etmək olmaz. Bu dövr ərzindəki köçkünü, qaçqını yerləşdirməyi, humanitar fəlakəti aradan qaldırmağı, yeni qəsəbələr tikməyi, sovetdən qalmış infrastrukturu yeniləşdirməyi başqa hansı iqtisadi tədbirlərlə edə bilərdik?”

Rüsumların tənzimlənməsinə ehtiyac var

Millət vəkili deyir ki, neft relsindən başqa müstəvilərə keçmək üçün bizə ilk öncə yeni lokomotivlər lazımdır: “Bunu obrazlı ifadə edirəm. Qənaət rejimi çox önəmlidir. Lakin manatın dayanıqlığını təmin etmək, onun kursunu sabitləşdirmək, ticari mühitimizi aktivləşdirmək, qeyri-müəyyənliyi, panikanı, şayiələri aradan qaldırmaq üçün hökumət çox çevik işlərə əl atmalıdır. Cənab Prezident sonuncu dəfə vətəndaşlardan gələn sualları, müxtəlif tələbləri çox uğurla müxtəlif vəzifə sahibləri qarşısında qoydu. Struktur islahatları çox önəmlidir. Bu, sadəcə, ayrı-ayrı məmurların öz vəzifələri ilə və yaxud nazirliklərlə vidalaşması deyil. Bürokratik sistem bəzən yerli təşəbbüskarlığa, insanların fəaliyyətinə zərbə vurmaqdır”.
Z.Orucun sözlərinə görə, ikinci mühüm məsələ idxal və ixracda rəqabətli mühitin bərqərar olması üçün rüsumların azaldılmasıdır: “Yəni broker xidmətləri ləğv olunur. Bu, ümumilikdə kifayət qədər şəffaf işlərə təsir göstərəcək. Bu, çox önəmlidir. Amma paralel şəkildə müəyyən bir dövr biz hələ də idxaldan asılıyıqsa, oradakı rəqabəti təmin etmək üçün həm də daxili bazara daha çox məhsulun çıxmasını yaratmaq naminə biz rüsumların tənzimlənməsinə getməliyik”.

İstehsalatda və digər sahələrdə inhisarçılıq aradan qaldırılmalıdır

Millət vəkili deyir ki, qiyməti hansısa mənbələrin diqtə etməməsi üçün istehsalatda və digər sahələrdə inhisarçılıq aradan qaldırmalıdır. Bu isə avtomatik olaraq qeyd edilən islahatların daha sürətli aparılmasını özündə ehtiva edir: “Cənab Prezident süni qiymət artımları məsələsinə xüsusi toxundu. Bir çoxları düşünürlər ki, bazar iqtisadiyyatı şəraitində bu yolverilməzdir. Yəni hər şey təbii baş verir. Guya bazar bunu özü yaradır. Tamamilə yanlış yanaşmadır. Adi bir misal çəkim. Uzun müddətdir ki, “Qazprom”un Avropa Birliyi məkanında tutduğu inhisarçı mövqenin normativlərlə uzlaşmadığını məhkəmə qaydasında qaldırırlar və həmin qurumun əleyhinə çox ciddi iddialar mövcuddur. Nədir məsələ? Ümumi bazarda çəkidə 32 faizdən artıq dominantlıq edirsənsə, qanunvericiliyi pozmuş olursan və sənə qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Söhbət qlobal savaşda Rusiya əleyhinə olan sanksiyalardan getmir. Daxili bazarda təkcə “Qazprom” yox, bütün başqa korporasiyalar, birliklər, şirkətlərə qarşı da belə edirlər”.

Millət vəkili onu da bildirdi ki, ölkəmiz yeni bir dövrə qədəm qoyub. Bu, manatın kursunun sabitliyini təmin etmək üçün hökumətin qənaət rejiminə keçməsi, paralelçiliyi aradan qaldırmaq, insanların qarşısına daim çıxmaq, bu prosesi panikaya, müxtəlif şayiələrə, yaxud ayrıca götürülmüş ekspertlərin şərhinə tapşırmamaq, vəzifələri ciddi yerinə yetirməkdir: “Postneft dövrü bacarıqlı, qabiliyyətli, xüsusilə də Avropa məkanında bu dövr ərzində dövlət tərəfindən təhsilini başa vurmuş insanların idarəçiliyə, hökumətə, biznesə, bank sektoruna daşınması demək olacaq. Neft gəlirləri əvəzinə daşımalardan, innovativ proqramlardan, servisdən, bank sistemində daha əlçatan və vətəndaş üçün daha xeyirli layihələrdən fayda götürəcək, bunu həyata keçirəcək insanların meydana çıxması gərəkdir. Əminəm ki, bu belə də olacaq”.

Nazirliklər azaldılmalıdır

İqtisadçı alim Vüqar Bayramov deyir ki, büdcəyə qənaət etmək üçün struktur islahatlarının aparılmasına və sürətləndirilməsinə ehtiyac var: “Azərbaycanda Nazirlər Kabinetinin 44 üzvü var. Nazirlər Kabinetinə daxil olan dövlət qurumlarının sayı çoxdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə baxsaq, kifayət qədər böyük fərq olacaq. Yaponiyada 7, ABŞ-da 11 nazirlik var. Azərbaycanda da nazirliklərin sayının azaldılmasına ehtiyac var. 2011-ci ildə Azərbaycanda struktur islahatlarının aparılması ilə bağlı təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişdik. Xüsusilə dövlət qurumlarının sayının iki dəfə azaldılmasını təklif edirdik. Çünki bu, iqtisadiyyatın daha çevik idarə edilməsi baxımından vacibdir, həm də vəsaitlərə qənaət etməyə imkan verəcək”.

İqtisadçı hesab edir ki, dövlət qurumlarının sayının çox olması büdcəyə qənaət etməkdə xeyli çətinliklər yaradır: “Çünki hər dövlət qurumunun xidməti maşını, ofisin kommunal xərcləri, işçiləri var. Bəzi hallarda isə bu qurumların fəaliyyəti bir-birini təkrarlayır. Bu cür hallar həmin qurumların büdcədən daha çox vəsait almasına gətirib çıxarır. Biz konkret olaraq təkliflər təqdim etmişik. Bir çox sahələrdə idarəetmənin birləşdirilməsi təkliflərini irəli sürmüşük. Sturuktur islahatlarının aparılması büdcəyə qənaət edilməsinə imkan verəcək”.

Dövlət qurumlarının xərclərinə yenidən baxılmalıdır

V.Bayramovun sözlərinə görə, eyni zamanda hazırda fəaliyyət göstərən qurumlar üzrə də xərc maddələrinə yenidən baxılmasına, azaldılmaların edilməsinə ehtiyac var: “Hətta struktur islahatlarından sonra belə fəaliyyət göstərəcək dövlət qurumlarının büdcələrinə yenidən baxılması, azaldılması olduqca vacibdir. Çünki bu ona görə vacibdir ki, vəsaitlərə qənaət edilsin. Bir neçə il əvvəl dövlət qurumlarında xidməti maşınların sayı, qiyməti ilə bağlı limitin müəyyənləşdirilməsini təklif edirdik. Belə bir limitin müəyyənləşdirilməsinə ehtiyac var. Bir sıra MDB ölkələrində 15 min dollardan baha xidməti maşın almaq mümkün deyil. Xidməti maşınların sayı azaldılmalı, qiyməti üçün isə 15 min dollar limit müəyyənləşdirilməlidir. Hətta digər istiqamətlərə ayrılan vəsaitlərin də səmərəliliyinə diqqət yetirilməlidir”.

İqtisadçı onu da bildirdi ki, Azərbaycan informasiya texnologiyalarına 2 milyarddan artıq investisiya yönəldilir. O deyir ki, illik potensialı nəzərə alsaq, ölkəmiz həmin investisiyanı ən yaxşı halda 10 il müddətində geri qaytara bilər. Amma bu investisiya çox da səmərləri hesab olunmur. Azərbaycan daha çox gəlir gətirən istiqamətə investisiya qoyuluşunu həyata keçirməlidir: “Aqrar sektor kimi ixrac potensialımız olan sektorlara vəsaitlərin qoyulmasına ehtiyac var ki, bu qənaət həm də gəlir əldə etməyə imkan verəcək. O baxımdan, həm struktur islahatları, həm mövcud dövlət qurumlarında xərclərin optimallaşdırılması və eyni zamanda, kreativ istiqamətlərdə maliyyəşmənin səmərəliliyinin artması, müqayisəli üstünlüyə malik sektorların dəstəklənməsi növbəti illərdə qənaət rejiminin dəstəklənməsinə imkan yarada bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net