İŞİD-ə qarşı yeni koalisiya: rəsmi Bakıya da dəvət gəldi
Tarix: 16-12-2015, 09:34 | Çap et
İŞİD-ə qarşı yeni koalisiya: rəsmi Bakıya da dəvət gəldi
Dekabrın 15-də Səudiyyə Ərəbistanı elan edib ki, terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət koalisiya formalaşdırır. Virtualaz.org saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi 34 ölkənin daxil olduğu antiterror koalisiyasının birgə bəyanatını yayıb.

Koalisiyaya Yaxın Şərq və Fars körfəzi ölkələri, habelə Malayziya, Pakistan, Türkiyə və bir sıra Afrika ölkələri daxildir. İran təbii ki, bu siyahıda yoxdur.

Yeni hərbi alyansın üzvləri bəyan edir ki, koalisiyanın lideri Səudiyyə Ərəbistanıdır və ər-Riyadda birgə operatv hərbi qərargah yaradılır. Qərargah terrora qarşı birgə mübarizəni koordinasya etməli və dəstəkləməlidir.

Koalisiya “İslam xalqlarını terror bəlasından” müdafiə etmək üçün tam qətiyyətli olduqlarını, İslam adından istifadə edən terrorçuların ölüm saçdığını, günahsız insanları qətlə yetirdiyini, insanların əmlakını taladıqlarını bildirir.

Səudiyyə Ərəbistanının müdafiə naziri Muhammed bin Salman əl-Səud yeni yaradılan koalisiyanın terrora qarşı mübarizə aparan bütün qüvvələrlə əməkdaşlıq edəcəyini bildirib. Həmçinin koalisiyanın təkcə “İslam Dövləti”nə qarşı deyil, istənilən terror qruplaşmasına qarşı döyüşəcəyini bəyan edir.

Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib. Bu barədə Səudiyyə xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında aparılmış telefon danışığı zamanı söhbət gedib.

Məlumatı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. H.Hacıyev APA-ya açıqlamasında deyib ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı İslam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.

XİN rəsmisi bildirib ki, Azərbaycan qanunlarına görə hansısa koalisiyada iştirak ölkədaxili prosedurların tələblərinə əsasən nəzərdən keçirilməlidir. H.Hacıyev hazırda bu məsələnin nəzərdən keçirildiyini deyib.

“Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorun istəniln formasını qəti şəkildə pisləyir”-o bildirib.

***

Xatırladaq ki, hazırda İŞİD-ə qarşı iki koalisiya döyüşür. Onlardan biri ABŞ-ın başçılıq etdiyi, bir neçə Qərb və ərəb ölkəsinin qoşulduğu koalisiyadır. Digər koalisiyaya isə Rusiya başçılıq edir, bu koalisiyanın passiv iştirakçıları İran və İraqdır. Azərbaycan da Rusiya döyüş təyyarələrinin Suriyaya uçması üçün hava dəhlizi verməklə bu koalisiyaya yardım etmiş olub.

İŞİD-ə qarşı geniş koalisiya yaradılması ilə bağlı müzakirələr hələ ötən ilin sentyabrda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantında başlamışdı. Bundan dərhal sonra Parisdə 26 dövlətin qatıldığı geniş konfransda da yeni koalisiyanın konturları, mübarizə fəaliyyəti geniş müzakirə olunmuşdu. ABŞ hökuməti bəyan etmişdi ki, 40-a yaxın dövlətin İŞİD-ə qarşı müharibə koalisiyasına qoşulacağı gözlənilir. Türkiyə həmin vaxt koalisiyaya qoşulmaqdan imtina etdi və bu, Mosul konsulluğu əməkdaşlarının girovluqda olması ilə izah olundu. İndi Türkiyə yeni yaradılan koalisiyanın da əsas üzvlərindən biridir.

Azərbaycanın hələ o vaxt yeni koalisiyaya qoşulub-qoşulmayacağı ilə bağlı mediada müzakirələr olsa da, rəsmi Bakı bu məsələ ilə bağlı mövqe bildirmədi. Bu susqunluq həm də onunla izah olunurdu ki, rəsmi Bakıya bu barədə təklifin olub-olmadığı aydın deyildi. İndi isə Azərbaycana rəsmi şəkildə bu koalisiyaya üzv olmaq təklif edilib. Aydındır ki, baş koordinasiya Səudiyyəyə tapşırılsa da, yeni koalisiyada əsas söz sahibi ABŞ və NATO ölkələridir.

***
Amma məsələni qəlizləşdirən dünyada anti-İŞİD koalisiyasının iki cəbhəyə bölünməsidir. Rusiya Suriyaya havadan zərbələr endirməyə başladıqdan sonra Türkiyə sərhədində qırıcısının vurulması həm də bu bölünmənin təzahürü idi. İŞİD-ə qarşı, xüsusən Suriyada hərbi əməliyyatlar aparan tərəflər bir-birilərinin ittiham edirlər. Rusiya tərəfi iddia edir ki, Amerikanın və Fransanın patronajlığı ilə keçirilən hava zərbəli İŞİD-ə qarşı deyil, Bəşər Əsədə sadiq qüvvələri məhv etməyə yönəlib. Əks tərəf isə iddia edir ki, Rusiya İŞİD-ə qarşı deyil, Bəşər Əsədə müxalif olan qüvvələri hədəf alır. İran da bu məsələdə Rusiya ilə bir mövqedədir. Şübhə yoxdur ki, Səudiyyədə yaradılacaq yeni koalisiyanın da əsas hədəfi təkcə İŞİD deyil, həm də Əsəd rejiminin devrilməsidir.

Qeyd edək ki, ötən ay Litva, Latviya və Estoniya prezidentləri bəyanat yayaraq Rusiyanın olacağı koalisiyada yer almayacaqlarını bildiriblər. Rusiya da İŞİD-ə qarşı yaradılmış və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın əsas hədəfinin Bəşər Əsəd olacağının fərqindədir və bu səbəbdən də bir neçə gün əvvəl koalisiyaya qoşulmayacaqlarını bildiriblər.

Rusiya XİN bəyan edib ki, “koalisiya beynəlxalq hüququn prinsipləri əsasında fəaliyyət göstərməlidir. Ya ərazisində hərbi əməliyyatlar aparılan dövlətin razılığı, ya da BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmalıdır. Suriya ərazisində isə bu prinsiplərin heç birinə riayət edilmir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Biz koalisiyanın fəaliyyət göstərdiyi prinsipləri qəbul edə bilmərik”.

***
Güman etmək olar ki, Azərbaycan İŞİD əleyhinə koalisiyaya aktiv üzv kimi olmasa da, qoşulacaq. Çünki İŞİD terrorunun Azərbaycana da təsiri var. Azərbaycan vətəndaşları Suriyada, İraqda İŞİD tərkibində döyüşməsi ölkə daxilində dini radikalizm artır.

Azərbaycanın koalisiyanın aktiv üzvü kimi hərbi əməliyyatlara qatılacağı, Amerika və Fransa kimi bombardman həyata keçirəcəyi, əlbəttə, real deyil, yəqin ki, bunu heç rəsmi Bakıdan uman da yoxdur. Bu kimi koalisiyalarda aktiv və passiv üzvlər olur. Azərbaycan da təhlükəsizlik, kəşfiyyat sahəsində koalisiya ilə əməkdaşlıq edə bilər. Amma yenə də burada Rusiya və İran faktorunu mütləq nəzərə almaq lazımdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net