MTN-də ifşa olunan dəstə haqda yeni ilginc məlumatlar
Tarix: 9-12-2015, 09:49 | Çap et
MTN-də ifşa olunan dəstə haqda yeni ilginc məlumatlar
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu postdan qovulması illərlə gizlin qalan əməllərin üzərinə işiq salınıb. Hər ötən gün elə məlumatlar ortaya çıxır ki, bunlardan sabiq nazirin xəbərsiz olduğunu söyləmək çox çətindir.

Bu ilin iyul ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində MTN-in adından dələduzluq edən dəstənin yaxalanması barədə məlumat yayılıb. Həmin məlumatda deyilirdi ki, Bakı sakini olan vətəndaş DİN-ə müraciət edərək bildirib ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən şəxslər onun 3 milyon 400 min ABŞ dolları məbləğində pulunu ələ keçirib.

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dəstənin üzvləri Loğman Abdullayev, Elnur Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev və Fərhad Tağıyev həbs edilib. İstiqlal.az-a bu məsələ ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, dəstənin üzvü Loğman Abdullayev həqiqətən də MTN əməkdaşı olub və bu dəstə adıçəkilən nazirliyin nəzarəti altında fəaliyyət göstərib. İddialara görə, Loğman Abdullayev həbs edilən MTN generalı Akif Çovdarovun tabeliyində olan şəxs olub. Dəstənin hədəfinə gələn şəxs pulu alınandan sonra Rusiyaya gedib. Bu ölkənin siyasi dairələrindəki tanışları vasitəsilə məsələni Vladimir Putinə çatdırıb. Məhz bundan sonra DİN-ə dəstəni zərərsizləşdirmək barədə göstəriş verilib. Polisin peşəkarlığı nəticəsində dəstə dərhal zərərsizləşdirilib. Eyni zamanda, məsələ bütün çılpaqlığı ilə “yuxarılar”a məruzə edilib. Həmin vaxt Akif Çovdarov Loğman Abdullayevin həbsinə mane olmağa çalışsa da, bu mümkün olmayıb.

MTN-in həbsdə olan generalı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham edilir
Bu arada MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olub. “Report”un əldə etdiyi məlumatına görə, rəsmi ittihama əsasən, S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb. Onun rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib.

İttihama əsasən, S.Qurbanovun rəhbərlik etdiyi dəstənin əsas fəaliyyət istiqaməti bundan ibarət olub. Bütün bunlara görə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən general-mayor S.Qurbanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.

Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net