Ölkə siyasətində qadın azlığı: 55 partiya sədrinin arasında xanım yoxdur
Tarix: 2-12-2015, 10:16 |
Çap et
Türkiyənin ən böyük üç partiyasından biri sayılan Milliyyətçi Hərəkat Partiyasının başqanlığına məşhur xanım siyasətçi Meral Akşener öz iddiasını ortaya qoyub. Azərbaycanda isə qadınların siyasətə, xüsusilə siyasi partiya sədrliyinə meyl etməsi, iddiaçı olması müşahidə edilmir. Dövlət qeydiyyatından keçən 55 partiyadan heç birinin sədri qadın deyil.
Hələ ki prezident, baş nazir və ya nazir səviyyəsində də hansısa qadın təmsil olunmayıb. Amma ötən illərlə müqayisədə parlamentin və hökumətin tərkibində qadınlar tədricən müəyyən qədər yer tuta biliblər. Hazırda Milli Məclisin rəhbərliyində Bahar Muradovanın timsalında bir qadın təmsil olunur. Nazirlər Kabinetinin tərkibində isə yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır. Partiyalara gəldikdə isə, hakim Yeni Azərbaycan Partiyasının sədrinin 4 müavinindən biri qadındır. Partiyanın Siyasi Şurasında 88 şəxsdən 12-si qadındır. 20 nəfərlik idarə heyətində isə 3 qadın təmsil olunur. 15 üzvü olan Mərkəzi Nəzarət-Təftiş Komissiyasında isə iki qadın təmsilçilikdədir.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı qadınların siyasi partiya sədri olmaq iddiasına düşməməsinin səbəblərinin olduğunu bildirdi. N.Sadıqlı öncə qeyd etdi ki, Azərbaycanda qadınların partiyanın seçkili orqanlarında yer almasına Müsavat ən çox şərait yaradan partiyadır: “Müsavat Partiyasında qadınlara 25 faiz kvota var. Yəni Müsavatın bütün seçkili orqanlarında qadınların ən azı 25 faiz təmsilçiliyi mövcuddur. Cəmiyyətdə qadınların siyasi partiya sədri olmaq iddiasına düşməməsinin səbəblərindən biri cəmiyyətdə mühafizəkarlığın yüksək olması, siyasi fəaliyyət üçün demokratik şəraitin məhdudluğu, siyasətin çirkin peşə olması haqda yanlış təsəvvürlərdir. Xüsusən də müxalifət partiyasında olmaq, müxalif partiyanın sədri olmağın məhrumiyyətlərlə üzləşmək riski yaratması qadınların partiya sədri olmaq iddiasına düşmələrində tormozlayıcı məsələlərdir.
Təəssüf ki, Azərbaycan cəmiyyəti hələ də qadını partiya sədri və digər yüksək siyasi vəzifələrdə görmək səviyyəsində deyil. Halbuki qadınlar siyasətdə çoxalsa, partiya sədrləri sırasında qadınlar olsa, bu, Azərbaycan siyasətində yeni mühit, yeni canlanma, yeni müsbət mənzərə yaradar. 55 qeydiyyatdan keçmiş partiyanın hamısının sədri kişilərdir. Bəlkə ölkədə siyasətin indiki hala düşməsinin kökündə duran amillərdən biri də elə budur”.
Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı isə bildirdi ki, Azərbaycanda siyasi partiya sədrləri sırasında qadınlar olmasa da vəzifədə olan və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır. Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyətinin başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb.
1 noyabrda Milli Məclisə keçirilən seçkilərdən danışan Aynur Camalqızı qeyd etdi ki, qadın deputatların sayında da artım olub. 125 deputatdan 21-i qadındır. 2010-cu il parlament seçkilərində qadınların sayı 20 olmuşdu: “Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstərirlər. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi. Gələcəkdə qadınların siyasi partiyalarda da çəkisinin artacağı ehtimalı yüksəkdir”.