Qarabağ problemi niyə sülh yolu ilə həll oluna bilməz...
Tarix: 23-04-2015, 17:12 | Çap et
Qarabağ problemi niyə sülh yolu ilə həll oluna bilməz...
Bu gün dünya böyük yalanla üz-üzədir. 24 aprel 2015-ci il dünyanın bölündüyünü təsdiq edən təqvim kimi tarixə keçəcək. Bir tərəfdə “Çanaqqala zəfəri”nin 100-cü il dönümünü qeyd etmək üçün Türkiyəyə gələn dövlət və hökumət başçıları, digər tərəfdə isə qondarma erməni soyqrımını "yad etmək" üçün Ermənistana gedəcək ölkələrin başçıları olacaq.

Bunu SalamNews-a politoloq Elçin Abdullayev bildirib.

O deyi bki, Türkiyəyə qarşı erməni kartından istifadə edən həm aparıcı dövlətlər, həm də "ehtiyatda olan" xristian dövlətləri türklərə qondarma erməni soyqırımını tanıtdırmağa çalışırlar: "Onlar özlərinin bir vaxtlar həyata keçirdikləri soyqırımıları unudurlar.

Qəribədir, Türkiyəyə qarşı başladılan kampaniyanın arxasında duran güclər BMT, AŞPA və AP səviyyəsində Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. Paradoksal bir mənzərə yaranıb: dünən ermənilərə "işğalçı" damğasını vuranlar bu gün ermənilərin “soyqırımı"na məruz qaldığını deyirlər. Budur dünyanın ədalətsizliyi...

Əslində, Türkiyənin başına gətirilən oyunlarda rəsmi Ankaranın da günahı var.

Əvvəla, ermənilərin və dünyada olan erməni dəstəkçilərinin "soyqırımı"nın 100 illiyinə ciddi hazırlaşdıqları əvvəldən bəlli idi. Bunun üçün vaxtında ciddi addımlar atmaq lazım idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan tədbiri təşkil etməsi ermənilərə və onların havadarlarına qarşı atılan addımdır. Amma bəzi məsələlərə görə Türkiyə lazımi yerlərdə “dişsizlik” göstərib əsas addımları atmadı.

Ötən il R.T.Ərdoğanın, bu il isə Türkiyənin baş naziri Əhməd Davudoğlunun ermənilərə başsağlığı verməyi yanlış addım idi.

Ümumiyyətlə, Türkiyənin xüsusilə AKP-nin ermənilərə yumşaq davranışını anlamaq çətindir. Onsuz da, ermənilər tarix boyu türklərə qarşı nifrət, kin bəsləmiş millətdir.

Həm Rusiya, həm də Qərb bu xalqdan hər zaman rəqibləri üçün istifadə edib və etməyə davam edəcək.

İkinci məsələ isə budur ki, Türkiyə dünyada baş verən hadisələrin fonunda cəsarətsizlik nümayiş etdirməklə, rəqiblərinin üzərinə ayaq açmalarına rəvac verdi.

İran Yəməndə husilərin müdafiəsinə qalxa bilir, Səudiyyə Ərəbistanı ətrafına koalisiya yığaraq, sünnilərin müdafiəsi naminə şiələri bombalaya bilir, amma rəsmi Ankara Kərkükdə türkmənlərin İŞİD tərəfindən qətliamı, Krımda türkmənlərin sürgünü qarşısında səssiz qalır. Bu fakt da bəzi dövlətlərin rəsmi Ankaranı dalana sıxışdırmaq istəyini alovlandırır.

Ona görə də Türkiyə belə halların gələcəkdə təkrarlanmaması üçün cəsarətli addımlar atmalıdır.

Bu gün Türkiyəyə qarşı qurulan oyundan Azərbaycan da ciddi nəticələr çıxarmalıdır.

İlk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk qrupunun formatına yenidən baxmalıdır.

24 aprel tarixi bir daha təsdiq edir ki, həmsədr ölkələr ermənilərin havadarıdır. Belə olduğu təqdirdə, münaqişənin sülh yolu ilə həllində heç bir müsbət nəticədən söhbət gedə bilməz. Ona görə də Azərbaycan və Türkiyə şər qüvvələrə arxalanmadan kürək-kürəyə verib öz problemlərini özləri həll etməlidirlər. Bunun üçün isə gözəl imkan yaranıb: 24 aprelin Türkiyə və türk dünyasına zərərləri olduğu kimi, nəticə çıxarmaq baxımından xeyiri də var."





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net