Elariz Məmmədoğlu: “O ada görə çox utanırdım”
Tarix: 21-04-2015, 17:17 | Çap et
Elariz Məmmədoğlu: “O ada görə çox utanırdım”
Müğənni Elariz Məmmədoğlunun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

- Hazırda yaradıcılığınızda nə yenilik var?

-Özümün ərsəyə gətirdiyim yeni bəstələr üzərində çalışıram. Gecə-səhərə qədər onları aranjiman etdirirəm. Həmin mahnılardan birini seçib, klip çəkdirəcəm.

- Bir müddət öncə açıqlamanızda həmkarınız Xatunu çox istədiyinizi demişdiniz. Ancaq deyəsən, sözləriniz yalan çıxdı. Çünki son günlər adınız Xatunla qalmaqallarda hallanır. Buna səbəb nədir?

- Xatun məni parodiya edərək, səhv addım atdı. Parodiya deyəsən, Xatunun zəif yeridir. O, kimisə yamsılayaraq rahatlıq tapır. Parodiya etmək sözügedən həmkarımın işi deyil. O, müğənnidir. Ancaq artıq Xatunla buna görə münasibətləri korlamıram. Çünki məni yamsılamaq Xatuna xoşdursa, etsin...

- Hazırda Xatunla münasibətləriniz necədir?

- Yenə də Xatunla çox yaxşı əlaqəmiz var. Dostluq münasibətimiz hələ də davam edir.

- Sizi “Bu şəhərdə” yumoristik qrupu da parodiya etmişdi. O zaman onlara niyə sərt reaksiya vermədiniz?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Rafaellə Coşqun da həmin universiteti bitiriblər. Yəni onlar peşəkar aktyorlardır. Onların məni yamsılamağı əsəbləşdirmir.

- Sizcə Azərbaycanda şou-biznes var, yoxsa toy bazarı?

- Bizdə toy bazarı var. İllər öncə bəzi müğənnilərə toy müğənnisi deyəndə, əsəbləşirdilər. Özlərinə bu adı sığışdırmırdılar. İndi isə hər kəs el şənliyinə gedir və toylarımızı pis günə qoyur. Camaatın zövqünü korlayırlar.

- Xalq artisti Səməd Səmədovu “Toylar kralı” kimi təqdim edirlər. Bu sizdə əsəb yaratmır?

- İllər öncə toylarda ağlaşma gedirdi. Ancaq Səməd Səmədov el şənliklərində inqilab etdi. Belə ki, o, toylarda göz yaşlarını yığışdırdı. El şənliklərində xoş əhval-ruhiyyə yaratdı. Ona görə də ona “Toylar kralı” adı halaldır.

- Bir müddət öncə sizə “Elit toylar kralı” ləqəbini vermişdilər. Deyəsən, o tituldan imtina etmisiniz.

- Bəli imtina etmişəm. O ada görə çox utanırdım.

- Şəxsi həyatınızda nə yenilik var?

- Üçüncü dəfə baba oldum. Çox sevinirəm. İki oğul nəvəm vardı. Üçüncüsü də qız oldu. Baba olmaq çox gözəl hissdir. Hər kəsə bu hissləri yaşamağı arzu edirəm.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net