Oqtay Şirəliyev nədən Əli İnsanovun kadrına "stavka" etdi
Tarix: 6-04-2015, 09:14 | Çap et
Oqtay Şirəliyev nədən Əli İnsanovun kadrına "stavka" etdi
Bir neçə gün öncə Səhiyyə Nazirliyində növbəti kadr dəyişikliyinə imza atılıb. Belə ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Rauf Nağıyev təyin olunub.

Lakin bu dəyişiklik həm Səhiyyə Nazirliyi, həm də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri arasında yaxşı qarşılanmayıb. Çünki səhiyyə sistemində çalışanlar Rauf Nağıyevi arzuolunan kadr kimi dəyərləndirmirlər.

Bu arada, Rauf Nağıyevin əvvəllər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işlədiyini, 2011-ci ildə isə Bakı Şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsinə təyin olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, məhz onun nöqsanlı fəaliyyəti nəticəsində paytaxt səhiyyəsi son dövrlər xeyli geriləyib: "Rauf Nağıyev Bakı Şəhər Baş Səhiyyə İdarəsinə gəldiyi gündən bu qurum daha çox şəxsi maraqların təmin olunduğu təşkilata çevrilib. Belə ki, o, Bakı Şəhər Baş Səhiyyə İdarəsində özünəməxsus idarəetmə sistemi formalaşdıraraq paytaxt səhiyyəsinin inkişafına öz "tövhə"sini verib. Rauf Nağıyev sabiq səhiyyə naziri Əli İnsanovun yaxın adamı, onun yetişdirdiyi kadr kimi tanınır. Deməli, sabiq nazirin kadrları yenidən səhiyyə sistemini ələ almağa başlayıblar. Ümumiyyətlə, o, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində çalışdığı dönəmlərdə bir sıra qanunsuzluqlara rəvac verib. Lakin buna baxmayaraq, o anidən daha yüksək vəzifəyə gətirilir və 2011-ci ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsində rəis müavini təyin olunur. Elə həmin vaxtdan o, öz qanunlarını diqtə etməyə başlayır. Paytaxt səhiyəsinin başına keçər-keçməz ətrafına özünə yaxın olan şəxsləri toplamağa başlayır. Onun fəaliyyətindən şikayətçi olan şəxslərə isə, "Hara və kimə şikayət edirsənsə, et", deyə saymazyana cavab verir".

Mənbə iddia edir ki, iki il öncə bir qrup həkimin ölkə başçısına ünvanladığı müraciətdə Rauf Nağıyevin hansı üsullarla idarəçilik həyata keçirdiyini am aydın görmək olar: "Həmin müraciətdə bir qrup həkimin Rauf Nağıyevin qəbulunda üzləşdikləri təhqirlər, hədələr öz əksini tapmışdı. Maraqlıdır, görəsən o, özünü bu qədər toxunulmaz hiss etməyə gücü hardan və kimdən alır? Onu da nəzərinizə çatdırım ki, Rauf Nağıyev işində ciddi nöqsanlara yol vermiş və bu səbəbdən də səhiyyə nazirinin əmrilə işdən azad olunmuş şəxsləri bir müddət sonra vəzifəyə təyin edib. Məsələn, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardımın 19 saylı stansiyasının müdiri olan Arzu Qurbanova 2005-ci ildə 4 saylı köməkçi stansiyadan "saxta sənəd düzəltmə" ittihamı ilə işdən azad olunub. Təxminən bir ilə yaxın işsiz qaldıqdan sonra Arzu Qurbanova Rauf Nağıyevin köməkliyilə 19 saylı Təcili Tibbi Yardım Stansiyasına müdir vəzifəsinə təyin olunub. Görəsən, əvvəlki iş yerindən saxta sənəd düzəltmə maddəsilə azad olunan bir şəxsi Rauf Nağıyev hansı əsasla və nə üçün yeni vəzifəyə gətirib? Sözsüz bu, onun vəzifəsindən hansı məqsədlər üçün istifadə etdiyini göstərir".

Şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən istifadə edən Rauf Nağıyevin öz doğma bacısını da unutmadığını qeyd edən məlumatlı şəxs bildirir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yeni baş həkimi əlində olan imkanlardan istifadə edərək bacısı İradə Musayevanın 1 saylı Respublika Uşaq Psixo-nevroloji Mərkəzinin baş həkimi vəzifəsinə gətirilməsinə nail olub: "İradə Həsən qızı Musayeva 1993-cü ildən Psixonevroloji Uşaq Evində çalışır və məhz qardaşı Rauf Nağıyevin yardımı ilə baş həkim vəzifəsinə təyin olunub. Bu və digər faktlar özü deməyə əsas verir ki, Rauf Nağıyevin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyinə gətirilməsi doğru addım deyil".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net