“Azneft” İB-nin təqaüdçüsü Rövnəq Abdullayevə niyə ağız açdı?
Tarix: 18-03-2015, 10:01 | Çap et
“Azneft” İB-nin təqaüdçüsü Rövnəq Abdullayevə niyə ağız açdı?
“Kimsəsizəm, onkoloji xəstəyəm, bir neçə dəfə ağır əməliyyat keçirmişəm. Maddi durumum pisdir. Köməyə ehtiyacım var. Xahiş edirəm, köməyinizi məndən əsirgəməyin”.
Bu sözlər Bakı şəhəri, İzmir küçəsi, bina 9, mənzil 82 ünvanında yaşayan Səlminaz Salamovanın ARDNŞ prezidenti Rövnəq Abdullayevə ünvanlanmış müraciətindəndir. Onun sözlərinə görə, 1967-ci ildən respublikanın neft sənayesində, 1980-ci ildən isə bilavasitə 15 may 2009-cu il tarixinə kimi “Azneft” İstehsalat Birliyinin Qazın yığılması, nəqli, emalı və qaz kompressor təsərrüfatı üzrə istehsalat şöbəsinin 15-ci dərəcəli mühəndisi vəzifəsində çalışıb. S.Salamova yazır ki, 15 may 2009-cu il tarixindən “Azneft” İB-nin 183-K saylı 13 may 2009-cu il tarixli əmri ilə ARDNŞ-nin 57 saylı 22.04.2009-cu il tarixli və AR NQÇS-nin Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19 Ə saylı 22.04.2009-cu il tarixli əmr-qərarı əsasında işdən azad edilib: “Həmin qərarın 4-cü bəndində göstərildiyi kimi, müstəsna hal olaraq orta aylıq əmək haqqının 5 misli məbləğindən qanunsuz olaraq gəlir vergisi tutulub. Halbuki Əmək Məcəlləsində qeyd olunur ki, işçiyə birdəfəlik verilən işdənçıxma müavinətindən gəlir vergisi tutulmamalıdır”.
S.Salamova bu barədə dəfələrlə “Azneft” İstehsalat Birliyinin rəhbərliyinə şifahi olaraq bildirməyinin nəticəsi olmadığından, nəhayət, 18.03.2014-cü il tarixdə rəsmi ərizə ilə sözügedən qurumun baş direktoru Daşqın İsgəndərova müraciət edib. Baş direktor isə şikayətçiyə 18.04.2014-cü il tarixli cavab məktubunda bildirib ki, “AR ƏM-nin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il iddia müddəti müəyyən edilmişdir. Bu iddia müddəti tərəfinizdən heç bir üzürlü səbəb olmadan buraxıldığı üçün xahişinizin təmin olunmasına hüquqi əsas yoxdur”.
S.Salamova “Azneft” İstehsalat Birliyinin rəhbərliyindən rədd cavabı alandan sonra 16.12.2014-cü il tarixdə ARDNŞ prezidenti Rövnəq Abdullayevə məsələ ilə bağlı ərizə ilə müraciət edib. ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımov isə ərizəni aidiyyəti üzrə baxılması üçün “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərova göndərib. “Azneft” İstehsalat Birliyinin təqaüdçüsü yazır ki, ARDNŞ-nin məsələyə müdaxiləsindən sonra qanunsuz tutulan vergidən (1030 manat 44 qəpik) 350 manat qaytarılıb: “Pulun qalan hissəsini qaytarılmasının mümkünsüz olduğunu bildirdilər. Dedilər, yalnız 350 manat verilməsi haqda göstəriş verilib. Qalan hissəsinin verilməməsinin səbəbini isə açıqlamadılar”.
Bu səbəbdən də S.Salamova ona verilmiş birdəfəlik işdənçıxma müavinətindən qanunsuz tutulan gəlir vergisinin qaytarılması xahişi ilə yenidən ARDNŞ prezidenti Rövnəq Abdullayevə müraciət edib. S.Salamova müraciətinə müsbət cavab veriləcəyinə ümid edir.
Məsələ ilə bağlı “Azneft” İstehsalat Birliyinin mövqeyini öyrənmək mümkün olmadı. Odur ki, qarşı tərəfin də cavabını dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net