Mahmud Quliyevin “qənaət rejimi”
Tarix: 13-03-2015, 10:15 | Çap et
Mahmud Quliyevin “qənaət rejimi”
Cəbrayılın icra başçısına məxsus olduğu bildirilən "ElMed" klinikası üçün əldə edilmiş bahalı tibbi texnikadan qaçqınların pulsuz müayinəsində istifadə olunmalıdır

Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin Bakıda çeşidli kommersiya şəbəkəsinə malik olması barədə mətbuatda kifayət qədər məlumatlar gedib. Qeyd edilib ki, dövlət qulluğunda çalışan yüksək vəzifəli məmurun başı öz biznesini inkişaf etdirməyə qarışırsa, onun sadə vətəndaşların qayğı və problemləri ilə məşğul olmağa sadəcə, vaxtı qalmır. Mahmud Quliyevi qaçqın və köçkünlərin məskunlaşdığı bölgələrimizdə görməyi, yurd-yuvasından didərgin düşmüş insanlarımızın dərdinə şərik olmağı gözlədiyimiz halda, nələrin şahidi oluruq! Bakıdakı geniş kommersiya şəbəkəsinə və yeni-yeni istehsalat sahələrinə sahiblikdə məhz bu icra başçısının adı hallanır. Deməli, qaçqın rayonun icra başçısının bu qədər genişmiqyaslı maliyyə rıçaqlarına malik olmasının səbəbləri araşdırılmalıdır. Bu məlumatların tam olmayan siyahısı isə artıq çoxlarına sirr deyil. Əvvəllər də qeyd etdiyimiz kimi, Mahmud Quliyevə məxsus olduğu bildirilən obyektlərdən biri də "ElMed" tibb mərkəzidir.

Səhiyyə Nazirliyinin məlumat bazasında Mərkəzin "Karona LTD" MMC tərəfindən yaradıldığı göstərilir. "ElMed" TM-ə verilmiş lisenziya 2016-cı ilin fevralında başa çatır. Maraqlıdır ki, "Karona LTD" MMC-nin fəaliyyəti sadəcə, tibbi fəaliyyətlə məhdudlaşmır. Yadınızdadırsa, hələ bir neçə il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin apardığı yoxlamalar nəticəsində Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında fəaliyyət göstərən "Karona LTD" MMC-yə məxsus balıq emalı müəssisəsində soyuq hisə verilmiş "Seven fish" nişanlı balıq məmulatlarının müvafiq standartın tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunması üzə çıxmışdı. Məlum olmuşdu ki, soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur, istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur, müəssisədə sanitariya normaları pozulur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur. Aşkar olunmuş nöqsanlarla əlaqədar AR İnzibati Xətalar Məcəlləsinə əsasən tərtib olunmuş inzibati protokolla "Karona LTD" MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilmişdi.Sonralar nə baş verdi, tərəflər necə razılaşdılar- bu barədə danışmaq fikrimiz yoxdu. Dediyimiz odur ki, "Karona LTD"-nin fəaliyyəti tək özəl tibbi xidmətlə məhdudlaşmır. Və bu qədər geniş istehsalat, xidmət və kommersiya şəbəkəsinə malik şirkətin nizamnamə kapitalının həcminin vur-tut 20 köhnə manat civarında olması da nəzərdən yayınmamalıdır. İndi soruşan lazımdır ki, Bakının Binəqədi rayonunda, Mircəlal küçəsində yerləşən 2-mərtəbəli tibb mərkəzinin istifadəyə verilməsi və ən müasir tibbi texnika ilə təchiz edilməsi nəyin hesabına mümkün olub? Rəsmi sənədlərdə mərkəzin direktoru kimi Ramil Quliyevin adı gedirsə də, əslində, buranın və "Karona LTD"-nin Cəbrayılın icra başçısı Mahmud Quliyevə məxsus olduğunu bilməyən az adam tapılar. "ElMed" tibb mərkəzində ən müasir və bahalı tibbi texnika qədərincədir. Tibbi Mərkəzin məlumat bazasında bu avadanlıqların "ElMed" Tibb Mərkəzinin "xeyirxah" rəhbəri tərəfindən əldə edildiyi deyilir. Lakin nədənsə, "xeyirxahlıq" edənin adı çəkilmir. Lakin nəzərinizə çatdırırıq ki, ümumi dəyəri milyonlarla dollarla ölçülən tibbi avadanlıqların hansı yolla əldə edildiyi də araşdırmaçılar üçün material ola bilər. Burada kolposkopiya (uşaqlıq boynunu müşahidə aparatı), hamilə qadınlarda dünyaya gələcək uşaqların rəngli-doppler müayinəsi, hamiləliyin erkən təyini, zob, süd vəzləri, öd, mədəaltı vəz, dalaq, böyrəklər, prostat vəzi, daxili-ginekoloji müayinə, yeni doğulmuş körpələrdə timus, beynin neyrosanoqrafik müayinəsinin aparılmasına imkan verən ABŞ istehsalı 4D rejimində işləyən 4 ötürücülü LOGİQ P5 aparatı vasitəsilə pullu tibbi xidmət göstərilir. Sözügedən tibbi avadanlıqlardan bir qisminin Səhiyyə Nazirliyi nin xətti ilə xaricdən gətirilərək burada yerləşdirilməsi barədə məlumatlar da var. Halbuki bldirildiyinə görə, bu bahalı tibbi texnikadan Cəbrayıl rayon mərkəzi xəstəxanasında, bizim qaçqınlarımızın pulsuz müayinəsində istifadə olunmalıydı. Hanı bə? Çox təəssüf ki, Biləsuvardakı Yeni Cəbrayıl yaşayış massivində, 3 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon mərkəzi xəstəxanasının yoxa çıxmış avadanlıqları barədə də paralel olaraq araşdırmalar aparılmır. Düşünürük ki, bunlar Cəbrayılın icra başçısı Mahmud Quliyevlə Səhiyyə Nazirliyindəki rəhbərlərin işbirliyinin məntiqi nəticəsidir. Görürsünüzmü, "ElMed" Tibb Mərkəzinin "xeyirxah" rəhbərinin humanistliyindən, həssaslığından, qayğısından ağızdolusu danışılır. Odur ki, soruşuruq, bəs bu humanizm və duyğusallıqdan niyə cəbrayıllı qaçqınlara pay düşmür, cənab Mahmud Quliyev? Qaçqınların ehtiyaclarına ayrılmış milyonlarla manat dövlət vəsaitinin yumşaq desək, "qənaət" edilməsi hesabına ərsəyə gətirdiyiniz "ElMed" tibb mərkəzində indiyə kimi neçə qaçqın və köçkün ailəsinə pulsuz tibbi xidmət göstərlb? Nəhayət, qaçqınlara ayrılmış yardımların mənimsənilməsinə qəti şəkildə etirazların, hətta rayon rəhbərinin başına stul çırpıldığı barədə yayılan xəbərlərin fonunda Mahmud Quliyevin kommersantlığı nəyi dəyişir ki?

Davamı var...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net